Mobil versiya
Bakı Biznes və Kooperasiya Kolleci radikalların hədəfində
Tarix: 23-10-2019 | Saat: 16:25
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bakı Biznes və Kooperasiya Kolleci radikalların hədəfində



Naməlum müəlliflər Ölkə Prezidentinə müraciət edərək, müxalifətin sanksiyalaşdırılmamış mitinqlərinə tələbələrin qoşulmaları üçün Bakı Biznes və Kooperasiya Kollecində və Azərbaycan Kooperasiya Universitetində şəraitin yaradılmadığından şikayət etdilər

Bir neçə gün bundan öncə internet saytlarından birinin səhifələrində Bakı Biznes və Kooperasiya Kollecinin müəllimlərindən biri tərəfindən göndərildiyi bildirilən bir şikayət məktubu dərc olunmuşdu. Sözügedən kollecin fəaliyyətini hər zaman yaxından izlədiyimizdən bu məktub bizdə də maraq doğurdu. Lakin materialın mətni ilə tanış olduqdan sonra, müəllifin səmimiliyinə müəyyən şübhələrimiz yarandı. Bununla belə, məsələyə müdaxilə etməyə özümüzə haqq vermədik. Çünki bu xüsusda həm bizə müraciət olunmamışdı, həm də kollecin daxili məsələsi kimi qiymətləndirilə biləcək situasiyada aydın olmayan məqamlar çox idi. Digər tərəfdən də məktubu dərc etmiş sayt özü də məsələyə münasibət bildirməmişdi. Bütün bunları nəzərə alaraq, hadisələrin hansı məcraya yönələcəyini gözləmək qərarına gəldik və... Çox da gözləməli olmadıq.
Bu gün həmin saytda dərc olunmuş növbəti yazı demək olar ki, məsələ ilə bağlı bütün məqamlara aydınlıq gətirdi. İlk növbədə məlum oldu ki, şikayətçi müəllimə artıq kollecin, eləcə də Azərbaycan Kooperasiya Universitetinin rəhbərlərinə qarşı irəli sürdüyü ittihamlardan imtina edib. Amma görünür məsələnin sülhlə nəticələnməsi məktubun dərc olunmasında xüsusi rolu olmuş hansısa şəxsi (şəxsləri) qane etmir. Odur ki, bu dəfəki yazıda həm universitetin, həm də kollecin rəhbərliyinə qarşı hücumlar artıq bir başqa, anonim müəllif(lər) adından düzənlənir. Deməli, artıq bizim də öz fikirlərimizi bildirməyə haqqımız çatır.

İlk növbədə yazıda vurğulanır ki, kollecin müəlliməsi ona qarşı tətbiq olunan basqılardan çəkinərək öz şikayətindən imtina edib. Amma bu heç də inandırıcı səslənmir. Çünki müəllimənin dərc olunmuş məktubunda yer almış ifadələrdən də məlum olurdu ki, bu xanım heç də təhdidlərdən qorxacaq insan deyil. Ondan başqa, birbaşa ölkə rəhbərliyinə müraciət edən vətəndaş artıq kimin hədələrindən qorxmalıdır ki..? Bizim əldə etdiyimiz məlumata görə isə həmin müəllimə ilə kollec rəhbərliyi arasında adi bir anlaşılmazlıq yaşanıb. Müəllimə də bir qədər emosional davranaraq mətbuata müraciət edib. Problem həll olunca isə, şikayət üçün də bir əsas qalmayıb. Lakin “münaqişə” tərəfləri barışıq elan edərkən üçüncü tərəfin maraqlarını nəzərə almayıblar. Nəticədə də bugünkü yazı işıq üzü görüb.

Sözügedən materialda məhz maraqları nəzərə alınmaması səbəbilə müəllifi bürümüş bütün hirs və kin-küdurəti onun işlətdiyi ifadələrdə özünü aşkar büruzə verir. Təhsil müəssisəsini “gestapo” ilə müqayisə edən müəllif konkret şəxsləri rüşvətxorluqda ittiham etməkdən belə çəkinmir. Hətta Kooperasiya Kollecində “imtahan qiymətləri”nin məbləğləri də təqdim olunur. Halbuki, ötən semestrlərin imtahan sessiyalarında aparılan müşahidələr də göstərdi ki, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün kollecin rəhbərliyi tərəfindən bütün müvafiq tədbirlər görülüb. Lakin Bakı Biznes və Kooperasiya Kollecinə və bəlkə də daha çox Azərbaycan Kooperasiya Universitetinə qarşı keçirilən bu “qara piar” kampaniyasının müəlliflərini əslində bu məsələlər heç də maraqlandırmır. Soruşursunuz ki, bəs onda bütün bu səs-küy nə üçündür? Elə isə dərc olunmuş materialdan bir neçə ifadəyə bir də diqqət edin: “Son mitinq zamanı tələbələrə “kim mitinqə getsə dərhal qovulacaq” kimi mesajlar göndərilib” və yaxud da “Hazırda mitinqə gedən bir neçə tələbə ilə araşdırılma aparıldığı deyilən müraciətdə qeyd olunur ki, tələbələrin növbəti mitinqlərə qatılmaması üçün ciddi söhbətlər aparılır”. Məşhur bir filmdə deyildiyi kimi, məlum oldu! Sən demə, müəllif(lər)i narahat edən məsələ budur ki, niyə bu kollec və universitetin tələbələri radikal müxalifətin təşkil etdiyi mitinqlərə qoşulmurlar?! Ola bilsin ki, gəncləri sanksiyalaşdırılmamış mitinqlərə təhrik etmək üçün həm kollecdə, həm də universitetdə həmin şəxslər tərəfindən hətta antidövlət xarakterli təbliğat da aparılıb. Rəhbərlik isə təbii ki, öz borcunu yerinə yetirmək məqsədilə əks-tədbirlər görüb. Əlbəttə ki, bir ali təhsil müəssisəsinin və yaxud da bir kollecin rəhbərliyi tərəfindən gəncliyimizin ən qabaqcıl nümayəndələri olan tələbələrin antidövlət xarakterli mitinqlərə getmələri üçün şərait yaradılacağını gözləmək ağılsızlıq olardı. Həm də bu təhsil müəssisələrinə professor Eldar Quliyev və riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə Quliyeva kimi xalqını və millətini sevən, dövlətə və ölkə rəhbərliyinə qarşı son dərəcə sədaqətilə seçilən insanlar rəhbərlik edirlərsə, bu zaman radikal çağırışların heç bir effekt verməyəcəyi və bu çağırışları yayanlara qarşı sərt reaksiya veriləcəyi tam gözləniləndir.

P.S. Dərc olunmuş yazının sonluğundakı həyasızlıq insanı lap mat qoyur: “Müraciətin sonunda müəlliflər Azərbaycan Kooperasiya Universiteti, onun nəzdində fəaliyyət göstərən Kooperasiya Kollecində ciddi yolxlamaların aparılmasını, müəllim və tələbələrə qarşı edilən haqsızlıqlara son qoyulmasını ölkə Prezidenti İlham Əliyevdən xahiş edirlər.” Görəsən haqsızlığa son qoymaq üçün müəlliflərə universitetin və kollecin həyətlərində sanksiyasız mitinq keçirmələri üçün yer ayrılsa məmnun qalarlar?

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024