Mobil versiya
Qəbələ – təhsildə uğurlar ilbəil artır
Tarix: 16-10-2019 | Saat: 16:33
Bölmə:Manşet / Təhsil | çapa göndər

Qəbələ – təhsildə uğurlar ilbəil artır




Arifə Bayramovanın rəhbərlik etdiyi Rayon Təhsil Şöbəsinin fəaliyyəti dövlətin Təhsil strategiyasının uğurla həyata keçirilməsinə xidmət edir

Bu gün Azərbaycanda təhsil sisteminin inkişaf etdirilərək ən qabaqcıl dünya standartlarına cavab verə biləcək bir səviyyəyə çıxarılması işi, sözün əsil mənasında dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb olunan zəruri amillərdən biri də həmin ölkədə təhsil səviyyəsinin yüksək olmasıdır. Məhz bu məqsədlərə nail olmaq üçün dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf etmiş və digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır. Hazırda təhsil sisteminin dinamik inkişafı və bu sahədə yüksək nəticələrin əldə olunması ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Qəbələ rayonudur.



Hər bir inkişafın təməlində dövlət qayğısı durur

Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda bütün rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. O cümlədən, heç bir mübaliğəyə yol vermədən demək olar ki, bu gün Qəbələdə təhsilin ən müasir beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün hər cür şərait yaradılıb və bu proses stabil olaraq davam etdirilir. Belə ki, ilk növbədə yeni tədris ili öncəsi Qəbələ məktəblərinin demək olar hamısında cari təmir işləri aparılmışdır. Qışa hazırlır işləri çərçivəsində odunla qızdırılan məktəblərin yanacağa olan tələbatı dəqiqləşdirilmiş və tədarük işlərinə başlanmışdır. İstilik sistemləri mövcud olan məktəblərdə təmir işləri aparılmış, daha 5 məktəbdə qazlaşdırma işlərinə start verilmişdir.



Həmçinin yeni dərs ilində Qəbələnin 5 orta məktəbinə yeni laboratoriyalar verilib. Müəllimlərin dərs vəsaitləri, şagirdlərin isə pulsuz dərsliklərlə təminatı istiqamətində xeyli iş görülüb, məktəb kitabxanalarının mövcud kitab fondları zənginləşdirilib. Belə ki, bu günədək rayonun orta təhsil müəssisələrinə 87 adda 40 minə yaxın dərslik və 64 adda 1200-dən artıq müəllimlər üçün vəsait paylanmışdır. Qeyd edək ki, bütün bu məlumatlar Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramovanın bu günlərdə ölkənin mətbu orqanlarından birinə verdiyi müsahibədə öz əksini tapmışdır.
Bundan başqa demək lazımdır ki, son vaxtlar Qəbələ rayonunda yeni məktəblərin inşası işi də intensivləşmişdir. Belə ki, bu ilin əvvəlindən rayonun Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Təqdim olunan məlumatlara görə, Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Rayon Təhsil Şöbəsindən verilən digər bir məlumata görə, rayonun Qaradeyn kəndində tam orta məktəb üçün 80, Şəfili kəndində isə ibtidai məktəb üçün 20 şagird yerlik modul tipli binalar quraşdırılıb. Bundan başqa, Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə Qəbələnin Seyidqışlaq, Cığatelli, Laza və Zərgərli kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.

Qəbələ məktəbliləri ötən tədris ilini yüksək nəticələrlə başa vurublar



Təbii ki, dövlətimizin bu diqqət və qayğısı müqabilində Qəbələnin pedaqoji və şagird kollektivləri də yüksək nəticələr əldə etmək üçün bütün potensiallarını səfərbər edirlər. Nəticələr isə həqiqətən də sevindiricidir. Qeyd edək ki, 2018-2019-cu dərs ilində rayonun 68 ümumtəhsil məktəbini 1137 şagird bitirib. Tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran dörd məzun Təhsil Nazirliyi tərəfindən qızıl, bir nəfər isə gümüş medala layiq görülüb. Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 902 nəfər məzundan 485-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 111 nəfəri 500-700 bal arası, o cümlədən 35 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bu barədə sentyabr ayının 6-da Qəbələ Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşündə məlumat verilib. Bildirilib ki, ən yüksək bal toplayan abituriyent 675 balla BDU-nun hüquq fakultəsinə daxil olub. Qəbələ məktəblərinin məzunları arasında Respublikanın ən nüfuzlu universitetlərinə - Bakı Dövlət Universitetinə, Azərbaycan Tibb Unversitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Bakı Ali Neft Məktəbinə, İqtisad Unversitetinə, Azərbaycan Dillər Universitetinə və digər ali təhsil müəssisələri ilə yanaşı Rusiya və Türkiyənin tanınmış universitetlərinə daxil olan məzunlar da var.

Qəbələ RTŞ-nin fəaliyyəti dövlətin Təhsil strategiyasının tələblərinə uyğun şəkildə qurulub



Məlumdur ki, dövlətimizin yürütdüyü təhsil siyasətinin yerlərdə təbliği və həyata keçirilməsi, qurum və müəssisələrin fəaliyyətlərinin təhsil strategiyasına uyğun şəkildə qurulması birbaşa rayon Təhsil şöbələrinin fəaliyyət funksiyalarına aiddir. Həm də bu fəaliyyətin nə dərəcədə effektiv olmasından həmin rayonda təhsilin mövcud durumu asılı olur. Bu baxımdan əminliklə demək olar ki, Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib. Heç şübhəsiz bu gün Qəbələ təhsilinin uğurlarından danışarkən bu rayonun təhsil şöbəsinin səmərəli fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Vurğulamaq istərdik ki, rayon ictimaiyyətinin də böyük əksəriyyətinin ümumi rəyinə görə, məhz Arifə Bayramovanın tətbiq etdiyi effektiv idarəçilik üsulları sayəsində rayonun təhsil sistemində dinamik inkişaf aşkar şəkildə müşahidə olunmaqdadır. Təsadüfi deyil ki, hazırda Qəbələ məktəbləri məzunların ali məktəblərə qəbulunu əks etdirən statistik göstəricilər üzrə də bir çox digər rayon məktəblərini xeyli qabaqlayırlar. Bu gün Qəbələ təhsilində gedən prosesləri izləməklə belə nəticəyə gəlmək olur ki, Arifə Bayramovanın rəhbərliyi altında Rayon Təhsil Şöbəsinin fəaliyyəti bu tədris ilində də dövlət tərəfindən qarşıya qoyulan vəzifələri effektiv şəkildə icrasına və gələcəyin fəal qurucularının yetişdirilməsinə istiqamətlənmişdir.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024