Mobil versiya
İmişli təhsili inkişafın yeni mərhələsində
Tarix: 16-10-2019 | Saat: 11:46
Bölmə:Təhsil | çapa göndər

İmişli təhsili inkişafın yeni mərhələsində




Rayonun ümumtəhsil müəssisələrində yeni tədris ilinin başlanması ümumi ruh yüksəkliyi ilə əlamətdar olub

Artıq xəbər verildiyi kimi, bu ilin may ayından İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Ələmdar Quliyev təyin edilib. Bizə daxil olan məlumatlara görə, rayon ictimaiyyəti bu təyinatı məmnunluqla qarşılayıb. Sakinlərin, xüsusən də təhsil sahəsində çalışanların böyük əksəriyyəti bu fikirdədir ki, RTŞ-nin yeni rəhbərliyi İmişlinin təhsil sistemini keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə çıxara bilmək üçün bütün imkanlara malikdir.

Qısa arayış:




Ələmdar Abbas oğlu Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb.
İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 may 2019-cu il tarixli 79 nömrəli əmri ilə Ələmdar Quliyev İmişli RTŞ-nin müdiri vəzifəsinə təyin edilib.




Göründüyü kimi, Ələmdar müəllimin indiyədək göstərdiyi əmək fəaliyyəti bütünlüklə təhsil sahəsinə həsr olunub. Eyni zamanda da bu fəaliyyət tamamən doğma İmişli rayonunun təhsil müəssisələrində həyata keçib. Bu isə o deməkdir ki, hazırda İmişli təhsilinə bu sahəni dərindən bilən və eyni zamanda da mövcud problem və potensiallara daxildən bələd olan bir peşəkar rəhbərlik edir. Yeri gəlmişkən, elə yeni tədris ilinin ilk günlərindən İmişlinin təhsil müəssisələrində yaşanan ruh yüksəkliyi, aşkar müşhidə olunan müsbət energetika və ardıcıl keçirilən bir sıra tədbirlərin məqsədyönlü olması bu ilin rayonun təhsil sistemi üçün bir çox nailiyyətlərlə əlamətdar olacağını söyləməyə əsas verir.

Gənc nəslin formalaşmasında hərbi-vətənpərvərlik tərbiyəsi xüsusi önəm daşıyır




Əlbəttə ki, təhsil sahəsində, həm də rəhbər vəzifədə çalışan kadrların hərbi-vətənpərvərlik məsələlərinə önəm vermələri çox təqdirəlayiq bir haldır və bu hal gənc nəslin sağlam ruhda, Vətənə, xalqa və dövlətə məhəbbət və sədaqət prinsipləri əsasında formalaşmalarına ciddi zəmin yarada bilər. Təsadüfi deyil ki, yeni dərs ilinin ilk günlərində İmişli RTŞ-nin keçirdiyi ilk tədbirlərdən biri də məhz bu sahəyə həsr olunub. Belə ki, sentyabr ayının 20-də İmişli Rayon Təhsil Şöbəsində ümumi təhsil məktəblərində GÇH (Gənclərin Çağırışaqədərki Hazırlığı) rəhbərlərinin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, İmişli rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Qulu Əsədov iştirak ediblər. Ələmdar Quliyev öz çıxışında hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirib. O, vurğulayıb ki, hərbi rəhbərlər ilk növbədə özləri şagirdlərə nümunə olmalıdırlar. Çünki məktəblilərin hərbi xidmət və ordumuz barədə ilkin təəssüratları məktəbin hərbi rəhbərlərinin təsiri nəticəsində formalaşır. Buna görə də hərbi rəhbərlərin özləri də davranışlarına və peşəkarlıqlarının artırılmasına ciddi yanaşmalıdırlar. Qulu Əsədov çıxışında bildirib ki, rayonda binası yenidən tikilən Qızılkənd və Aranlı kənd 2 saylı tam orta məktəblərin hərbi kabinetləri yeni əyani vəsaitlərlə təmin olunub. Bu sahədə yaradılmış şərait və həyata keçirilən tədbirlər hərbi rəhbərlərin işlərinə daha məsuliyyətlə yanaşmaları üçün stimul yaradıb. Həmçinin Qulu Əsədov “Vətənin müdafiəsinə hazıram!” adlı silsilə tədbirlərin 2019-2020-ci dərs ilində də keçirilməsinin və bu tədbirlərdə müharibə veteranlarının, müəllimlərin iştiraklarını təşkil etməyin, şagirdlərin vətənpərvərlik ruhunda çıxışlarının ümumi işə böyük fayda verə biləcəyindən də danışıb.

Yeni tədris ilində fəaliyyətin prioritet istiqamətləri müəyyənləşdirilib



Az öncə də qeyd etdiyimiz kimi, yeni dərs ilinin başlanğıcı İmişlinin təhsil müəssisələrində yüksək dinamika ilə diqqəti cəlb edib. RTŞ rəhbərliyi tərəfindən keçirilən görüş, tədbir və seminarlarda pedaqoji fəaliyyətin əsas prioritet istiqamətləri müəyyənləşdirilib, qarşıda duran vəzifələrin həlli yolları araşdırılıb.

Oktyabrın 2-də İmişli Rayon Təhsil Şöbəsində ümumtəhsil məktəblərinin direktor müavinləri ilə seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələrin ümumtəhsil məktəblərində icrası ilə bağlı iştirakçılara geniş məlumat verilib. Həmin əmrlə əlaqədar məktəblərdə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı direktor müavinləri çıxış ediblər. RTŞ-nin müdir müavini Vahid Tağıyev seminarda səslənən təkliflər və əmrin icrası ilə bağlı direktor müavinlərinin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verərək cari tədris ilində görüləcək işlərin təşkili, icrası yollarından danışıb. Məktəblərdə təhsil şöbəsinin rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə dəyrimi masaların keçirilməsi, məktəblər üzrə hesabatların dinlənilməsinin səmərəli təşkili işi müzakirə olunub.




Oktyabrın 3-də isə RTŞ-də ümumtəhsil məktəb direktorlarının iştirakı ilə cari dərs ilində prioritet fəaliyyət istiqamətləri barədə Təhsil Nazirliyinin F-531 nömrəli əmrindən irəli gələn vəzifələrin ilkin icra vəziyyəti ilə bağlı görüş keçirilib. Tədbirdə müvafiq əmrin məktəb pedaqoji kollektivlərinə çatdırılması vəziyyəti, əmrin icrası ilə bağlı məqsəd və mahiyyətin şura iclaslarında müzakirəsinin, işlək tədbirlər planının tərtibi və təsdiqi, qarşıda duran vəzifələrlə bağlı məsələlər, il ərzində məqsədyönlü iş mexaniziminin yaradılması barədə müzakirələr aparılıb. Əmrin məzmununa uyğun olaraq işin təşkili, hesabatların hazırlanması və təqdim olunması ilə bağlı məktəb rəhbərlərinə tövsiyyələr verilib.

Bütün bu deyilənlər bir daha təsdiq edir ki, İmişlinin təhsil işçiləri 2019-2020-ci tədris ilində Ələmdar Quliyevin rəhbərliyi altında daha uğurlu nəticələr əldə etməklə, təhsildə inkişafın həqiqətən də yeni, daha yüksək mərhələsinə keçid etməkdə qərarlıdırlar.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024