Mobil versiya
Şəki – mədəni irsimizin canlı salnaməsi
Tarix: 24-09-2019 | Saat: 12:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şəki – mədəni irsimizin canlı salnaməsi




Mirvari Zeynalovanın rəhbərlik etdiyi Şəki Regional Mədəniyyət İdarəsi bu il də özünün çoxşaxəli və səmərəli fəaliyyətini uğurla davam etdirib

Məlum olduğu kimi, bu gün ölkəmizdə mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə fəaliyyətinin yüksək səmərəliliyi ilə diqqəti cəlb edən qurumlardan biri də Şəki Regional Mədəniyyət İdarəsidir. Hazırda bu idarənin tabeliyində Şəki, Zaqatala, Oğuz, Qax və Balakən rayonlarında yerləşən 12 muzey, 4 mərkəzləşdirilmiş və bir mərkəzi kitabxana sistemi, 4 Heydər Əliyev Mərkəzi və 1 Heydər Əliyev muzeyi, 3 rayon Mədəniyyət Mərkəzi və Oğuz rayon mədəniyyət evi, 1 Turizm İnformasiya Mərkəzi, 5 Uşaq musiqi məktəbi, 1 rayon Dövlət Rəsm Qalereyası, Qax rayon Uşaq İncəsənət məktəbi, Şəki Kiş Tarixi-Memarlıq Qoruğu fəaliyyət göstərməkdədir.




Etiraf edək ki, bütün bu müəssisələrin fəaliyyətinə nəzarəti və onların koordinasiyasını həyata keçirmək, ən əsası da bu fəaliyyətin səmərəliliyini təmin etmək son dərəcə çətin və məsuliyyətli bir işdir. Lakin peşəkar mədəniyyət işçisi Mirvari Zeynalovanın rəhbərliyi altında Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi bu vəzifələrin öhdəsindən bacarıqla gəlir. Bunu da qeyd etmək lazımdır ki, Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyəti bu il də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə xeyli zəngin olmuşdur. Biz də həmin tədbirlərdən bəziləri, həm də sadəcə sentyabr ayı ərzində baş tutan tədbirlər haqqında oxucularımızı məlumatlandırmaq istəyirik.




Dünya şöhrətli Azərbaycanlı rəssamın əsərləri Şəkidə sərgilənib

Sentyabrın 5-də Şəki Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan həmyerlimiz, YUNESKO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun ekspress sərgisi açılıb. Sərginin açılış mərasimində Şəki şəhər İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının Şəki bölməsinin rəhbər işçiləri iştirak ediblər. Çıxış edənlər Əşrəf Heybətovun dünyanın bir çıx ölkələrində Azərbaycan adına böyük sərgilərin təşkilindəki fəaliyyəti və onun əsərlərindəki əsas mövzunun doğma Azərbaycanla bağlı olduğunu qeyd ediblər. Xalq rəssamı Əşrəf Heybətov Şəkiyə bağlılığını, Şəkini çox sevdiyini söyləməklə, sərginin təşkilinə görə Şəki şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə sonsuz təşəkkürlərini bildirib. Açılış mərasimi başa çatdıqdan sonra iştirakçılar sərgi ilə tanış olublar. Xalq rəssamı sərgidən qabaq, səhər saatlarında Yuxarı Karvansaranın həyətində Şəkinin gənc rəssamları ilə görüşərək, onlara ustad dərsinin keçirilməsinə də vaxt tapıb və istedadlı gənclərlə görüşündən xüsusi məmnunluq hissi yaşadıgını, bu tərkibdən olan görüşlərin davamlı olacağını bildirib.




“Folk Art” və “Thes chool of nomads” Şəkidə

Cari ilin 9-13 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının “Kazax TV” telekanalı üçün infotur keçirib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akreditasiya olunmuş Media-Soy Productionun “Kazax TV” telekanalı üçün Azərbaycanda “Folk Art” və “Thes chool of nomads” adlı iki layihə hazırlayır. Verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək çəkilişlər Bakı, Lahıc və Şəkidə aparılıb. İnfotur çərçivəsində 13 sentyabr tarixində Şəki şəhərində Media-Soy Production şirkətinin prodüseri Dana Nukeyevanın, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, regional “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup” üzvlərinin iştirakı ilə “Mədəniyyətin təbliğində medianın rolu” adlı konfrans keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd mədəniyyətimizin təbliğində medianın mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti MEMİM-in fəaliyyəti barədə məlumatlandırmaqdır.





Milli Musiqi Günü belə qeyd olundu

Sentyabr ayının 18-də ölkəmizin demək olar bütün musiqi təhsili müəssisələrində olduğu kimi, Şəki 2 nömrəli Uşaq Musiqi məktəbində də Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə təbrik nitqi ilə çıxış edən məktəbin direktoru Tərlan Məmmədov qeyd edib ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Ü.Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu” operasını bəstələmişdir. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də müasir Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Çıxışdan sonra məktəb kollektivinin hazırladığı bədii proqram təqdim olunub.




Əlbəttə ki, yuxarıda qeyd edilən bu tədbir və görüşlər Mirvari Zeynalovanın rəhbərlik etdiyi Şəki Regional Mədəniyyət İdarəsinin təkcə sentyabr ayı ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirir. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Şəki Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Mirvari xanıma onların bu çətin, məsuliyyətli və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024