Mobil versiya
Ağacan Abiyev – Vətənə xidmətdə keçən ömür
Tarix: 16-08-2019 | Saat: 13:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ağacan Abiyev – Vətənə xidmətdə keçən ömür



Görəsən hansı səbəbdən soyu-kökü özümüzdən, damarında axan qanı qanımızdan olan bəzi insanlar özlərini meşəni qıran baltaya sap olan ağaca bənzədirlər? Yoxsa dünyada bizi gözləri götürməyən, yaxşımızı gizləyib, pisimizi şişirtməyə çalışan, artan nüfuzumuza, yüksələn rifahımıza paxıllıq edib bizi hamının gözündən salmağa çalışan qüvvələr azlıq edir? Nəyə görə biz ölkəmizin rifahı üçün bir ömür boyu şərəflə çalışan, Azərbaycanımızı dünyada uzun illər boyunca ləyaqətlə təmsil edən, Vətən, xalq və dövlət qarşısında danılmaz xidmətləri olan insanlarımızı ləkələməyə, onları “pisə vurmağa” çalışmalıyıq? Axı əslində bu insanlar da bizim milli sərvətimizdirlər...

Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən saytlardan birinin səhifələrində növbəti belə bir insanımız barədə böhtan və iftira xarakterli məlumatların əks olunduğu bir material diqqətimi cəlb etdi. Söhbət Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin Baş katibi Ağacan Abiyevdən gedir. Həmin o Ağacan Abiyevdən ki, 82 illik ömrünü demək olar ki, bütünlüklə bu xalqa, bu dövlətə xidmətə həsr etmişdir. Həmin o Ağacan Abiyevdən ki, ölkəmizdə akademik idman tədrisinin təşəkkül tapmasında və inkişafında, respublikamızda ümumiyyətlə idmanın və məxsusi olaraq boksun inkişafında, Azərbaycan idmanının dünyada tanınmasında danılmaz və böyük xidmətləri olmuşdur. Və nəhayət, Həmin o Ağacan Abiyevdən ki, onun Vətən qarşısında xidmətləri həm Ümummilli Lider Heydər Əliyev tərəfindən, həm də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Belə ki, Ağacan Abiyevə 2001-ci ildə Ölkə Prezidenti, Ümummilli Lider Heydər Əliyev cənablarının Sərəncamı ilə elm və təhsil sahələrində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə verilmiş “Şöhrət” ordeni və 2007-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncami ilə elmimizin inkişafındakı roluna görə verilmiş “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı, eləcə də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilmiş “Şərəf” ordeni Ağacan müəllimin çəkdiyi zəhmətin və göstərdiyi xidmətlərin yüksək qiymətidir.

Ağacan Abiyevin istər elm, istərsə də idman sahələrində fəaliyyəti kifayət qədər böyük tarixə malikdir. O, 1956-1960-cı illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) müvəffəqiyyətlə oxuyub birinci ali təhsilini almışdı. 1961-1966-cı illərdə isə, Ağacan Abiyev Azərbaycan Politexnik İnstitutunda (hazırda Azərbaycan Texniki Universiteti) ikinci ali təhsil alaraq, “Avtomatika və Hesablama texnikası” fakültəsini fərqlənmə diplomu bitirib. Xatırladaq ki, Ağacan müəllim 1 monoqrafiyanın, 100-dən çox elmi məqalənin, 15 dərslik və metodik vəsaitin, eləcə də avtomatik idarəetmə və nəzarət sistemləri sahəsində 4 ixtiranın müəllifidir. Lakin elm sahəsində qazanılan bütün bu uğur və nailiyyətlərə baxmayaraq, Ağacan Abiyevin idmana olan bağlılığı onun qəlbində hər zaman daha güclü olmuş və son nəticədə məhz elə bu bağlılıq da Ağacan müəllimin bütün həyat yolunun əsas istiqamətverici qüvvəsi kimi çıxış etmişdir. Keçən əsrin uzaq 50-ci illərində özünü boksa həsr etməyə qərar vermiş Ağacan Abiyev idmanın bu növündə çox yüksək nailiyyətlər əldə edə bilmişdir. 1957-ci ildə Zaqafqaziya çempionu olan və SSRİ idman ustası normasını yerinə yetirən Ağacan Abiyev “Neftçi” İdman Cəmiyyətinin ilk idman ustası kimi də tarixə düşür. Sonrakı illərdə Ağacan müəllim 6 dəfə Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin mükafatçısı olub. İdman ustası və beynəlxalq dərəcəli hakimdir. SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustasıdır. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. Əminliklə demək olar ki, bu gün idman sahəsində qazandığı uğurlarla təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tanınan Ağacan Abiyev ölkəmizdə olimpiya hərəkatının inkişafına da olduqca dəyərli töhfələr vermişdir.

Həmçinin qeyd etmək lazımdır ki, Ağacan Abiyev ölkənin ictimai-siyasi və beynəlxalq-ictimai həyatında da önəmli yer tutan simalardan biridir. Belə ki, Ağacan müəllim ardıcıl olaraq 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bu tutduğu vəzifələrdə də Ağacan Abiyevin fəaliyyəti hər zaman doğma Azərbaycanımızın inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə yönəldilmişdir.

P.S.Mən əlbəttə ki, Ağacan müəllimin həyatında yer almış bütün bu faktları sadalamaqla, əslində oxucularımızın böyük əksəriyyətinə yeni heç bir məlumat təqdim etmədiyimin fərqindəyəm. Lakin məni düşündürən budur ki, görəsən belə bir insanı ləkələməyə çalışanlar da onun xidmətlərindən xəbərdardırlarmı? Və bir də, görəsən onlar kiməsə böhtan atmaq üçün əllərinə qələm götürən zaman özlərinin bu Vətən üçün indiyədək nə etdikləri barədə az da olsa düşünürlərmi?

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024