Mobil versiya
Yaxınlarının ölümünə dözməyib intihara hazır olanlar - Onlara necə kömək edək?
Tarix: 15-08-2019 | Saat: 14:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

Yaxınlarının ölümünə dözməyib intihara hazır olanlar -


Tovuzda 2001-ci il təvəllüdlü Hüseynova Kifayət Məhəmməd qızı özünü Tovuz çayının üzərindəki körpüdən atıb. Yeniyetmə qızın atasının ölümündən təsirlənərək intihar etdiyi bildirilir.

Bu, insanların yaxınlarının ölümünə dözə bilməyib intihara əl atdığı ilk hal deyil. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Psixoloji olaraq insanları buna vadar edən nədir?

Oxu.Az-a danışan psixoloq Təranə Kazımlının sözlərinə görə, belə vəziyyətə çatan insanları bu düşüncədən daşındırmaq, adətən, çətin olur.

O bildirib ki, psixoloqlar bu məsələnin kökündə yatan səbəbləri, buna qədər olan depressiv vəziyyətləri araşdırmalıdır:

“Əgər doğmasını itirən bir insanda qəribə davranışlar hiss edirsinizsə, mütləq onu psixoloq yanına aparın. Yas prosesi olduqca ağırdır. Psixoloji cəhətdən zəif olan insanlarda isə bu proses daha ciddi və təhlükəli olur. Onlarda özünəinam azalır.

Yaxın insanlarını itirdikdə isə ilk düşüncə bu olur ki, “mənim bu həyatda heç kimim qalmadı”. Bu fikir onları intihara cəhdə sövq edir. Amma bu, qətiyyən intihardan çıxış yolu deyil. Şükür ki, intiharlara cəhdin böyük əksəriyyəti ölümlə sonlanmayıb. Amma yenə də insanların beynindən “intihara cəhd” fikrini çıxarmaq lazımdır”.

Psixoloq deyib ki, statistikaya görə, qadınlar arasında intihara cəhd halları daha çoxdur, halbuki nəticəsi ölümlə sonlanmır. Kişilərin intihara cəhdi isə əksər hallarda birbaşa ölümlə nəticələnir.

Onun sözlərinə görə, sağlam, güclü psixologiyaya sahib insanlar cəmiyyətdə tükənmək üzrədir:

“İntiharın altında hər zaman ağır depressiyalar olub. Bəzən insanlar sakitliyini qoruyanda, daha az ünsiyyətcil olanda bunu bir xarakter kimi qəbul edirlər. Lakin bu, belə deyil. Bunun kökündə depressiya yatır. O insanların həyatında ani hadisələr, itkilər baş verəndə hansı reaksiyanı verə biləcəklərini anlamaq çox çətin olur.

Ölüm qarşısıalınmaz hadisədir, hər kəs bunu yaşayır. Amma bu hadisə qarşısında hər kəs intihara cəhd etmir. Yas dövrü 40 gün götürülsə də, bunun psixoloji müddəti üç aydır. Psixoloji cəhətdən zəif insanları üç ay müddətinə bu vəziyyətdən uzaq tutmaq üçün diqqətdə saxlamaq lazımdır.

Hadisədən sonra isə ailə yaxınları deyir ki, başımız qarışıq idi, şokda idik və s. Bu məqamlar çox ciddi fəsadlara səbəb ola bilər, odur ki, vaxtında mütləq psixoloji yardım almaq, psixoloqlara müraciət etmək lazımdır.

Təklif edərdim ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülsün. İnsanların psixoloji müayinələrə cəlb edilməsi üçün xüsusi layihələr həyata keçirilsin”.

T.Kazımlı onu da qeyd edib ki, mediada bu kimi hadisələrin işıqlandırılması həyatdan küsmüş insanları intihara daha çox sövq edir:

“Məqsəd intiharlardan çəkindirmək, bu məsələlərin kökünü tapmaq olsa da, bəzən insanlar bunu tamamilə fərqli anlayır. Həyatdan küskün insanlar həddindən artıq çoxdur, hətta çox bəsit səbəblərdən. Təhsil məsələsi, ailədə yaşanan xoşagəlməz hallar hər kəsin qarşılaşdığı problemlər olsa da, xaraktercə, psixoloji cəhətdən özünəinamı az olan insanlar üçün həyatda baryer yarada bilir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024