Mobil versiya
Region – Qazax Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 15-02-2019 | Saat: 16:19
Bölmə:Manşet / Siyasət / Ölkə / Seçilənlər-1 | çapa göndər

Region – Qazax Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Qazax rayonudur



Regionların 3-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında Qazax rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. 2018-ci ildə ölkənin digər bölgələrində olduğu kimi Qazaxda da sosial-iqtisadi inkişaf yüksək dinamika ilə davam edib, Proqramın icrası illəri ərzində rayon sakinlərinin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib. Bu barədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fevralın 12-də keçirilmiş və Qazax rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında etdiyi çıxışında məlumat verib.

Rayonda yeni iş yerləri açılır, əmək haqqları yüksəlir...



Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması 2018-ci ildə də ardıcıl olaraq davam etmişdir. 2003-cü ildən 2018-ci ilin iyul ayınadək rayonda 11626 daimi olmaqla 13945 yeni iş yerı açılmışdır. 2018-ci ilin altı ayı ərzində 448 yeni iş yeri açılmışdır ki, bununda 418-i daimi , 30-u isə müvəqqəti iş yeridir. Araşdırılan dövr ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 307,7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əmək haqları 307,5 manat, özəl müəssisələrdə çalışanların əmək haqları isə 308,3 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

O cümlədən, rayonun sənaye müəssisələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 1232 nəfər təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5 faiz çoxdur. İşçilərin 608 nəfəri dövlət, 624 nəfəri isə qeyri dövlət sektorunda çalışır. İşçilərin 254 nəfəri mədənçıxarma, 365 nəfəri emal, 215 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 398 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır. Sənaye müəssisələrində orta aylıq əmək haqqı əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 333,1 manat olmuşdur. Orta aylıq əmək haqqı dövlət sektorunda 296,1 manat, qeyri-dövlət sektorunda isə 370,7 manat təşkil etmişdir. Sənaye müəssisələrinə yanvar-iyun aylarında 243 nəfər işçi qəbul edilmişdir ki, bunlardan 137 nəfər işçi yeni açılmış iş yerlərinə qəbul edilmişdir.

Əhalinin mənzil-məişət şəraiti durmadan yaxşılaşdırılır

2018-ci ildə Qazaxda təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə olunan uğur və nailiyyətlərlə yanaşı, rayonda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülmüşdür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət



Proqramı”na uyğun olaraq aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması sahəsində də uğurlu olub. Belə ki, son iki il yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-2018-ci illərdə çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri görülüb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və ya əsaslı təmir olunub. Bu gün əminliklə deyə bilərik ki, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bundan əlavə, 2018-ci il dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə də əlamətdar oldu. Məhz həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Sevindirici hallardan biri odur ki, ölkəmizdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu il də davam etdirilir.

Abadlıq-quruculuq işləri geniş vüsət alıb



2018-ci il ərzində Qazax şəhəri H.Əliyev prospektində Azadlıq, S.Vurğun, Vaqif, Z.Tağıyev, Ə.Dilbazi, Vidadi, H.Arif, Ə.Şıxlinski küçələrində və N.Nərimanov yaşayış massivi də daxil olmaqla, cəmi 11 küçədə asfalt beton örtüyü əsaslı təmir olunmuş və yolun hərəkət zolaqlarının və piyada keçidlərinin xətlənməsi işləri görülmüşdür. Ümumiyyətlə, 2018-ci ildə uzunluğu 2010m olan 13 küçədə yollar çınqıl örtüyü ilə təmir olunmuşdur. Hal-hazırda uzunluğu 9500 m olan 25 küçədə yolların çınqıl örtüyü ilə təmir olunması davam etdirilir. 2018-ci ildə şəhər üzrə 6 uşaq bağçasından 2,3 və 4 saylı bağçada əsaslı təmir işləri aparılmış, 3 saylı bağçada əlavə yardımçı binalar tikilib istifadəyə verilmişdir. 6 saylı bağçada isə əsaslı tikinti və təmir işləri aparılmış, 1 ədəd yardımçı otaq tikilməklə körpə fidanların istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 saylı Sərəncamına uyğun olaraq köhnə mərkəzi rayon xəstəxanası sökülərək yerində yeni 145 çarpayılıq mərkəzi rayon xəstəxana kompleksində son tamamlama işləri gedir, əlavə 5 korpusun tikintisinə cari ildə başlanılacaq.

Hazırda S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbində əsaslı təmir və yenidənqurma işləri tam başa çatmışdır. Hesabat ilində Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində təmir işləri aparılmışdır. BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Ə.Şıxlinski küçəsi 18 A ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Belə ki, hamınıza məlumdur ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilmişdir. Bu məqsədlə Qazax şəhərində Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə şəhərin H.Əliyev prospektində 1 ədəd bulaq-abidə kompleksi tikilmişdir. Bundan başqa, şəhidlərimizin xatirəsinə M.Ə.Rəsulzadə küçəsində 2 ədəd, Şəhidlər xiyabani küçəsində 1 ədəd, cəmi 3 ədəd bulaq-abidə kompleksi tikilmişdir. Hesabat ilində Qazax şəhərində 4 ədəd bulaq kompleksi tikilərək şəhidlərimizin adları əbədiləşdirilmişdir. Qazax şəhərində görülmüş geniş quruculuq abadlıq işləri şəhərin demək olar ki, hər yerində aparılmış, şəhərin H.Əliyev prospektində 2017-ci ildə yarımçıq qalmış işlər davam etdirilmiş, yaşıl ağac və gül kolları əkilmiş, prospekt boyu hasarlar sökülərək yenidən tikilmiş, suvanaraq rənglənmiş, 33 çoxmənzilli binaların dam örtüyü dəyişdirilmişdir. Bundan başqa, şəhərin giriş hissəsində, Mütəfəkkirlər parkında, Ş.Xiyabani və S.Vurğun küçələrində abadlıq-quruculuq işləri aparılmışdır.

Uşaqlara qayğı xüsusi diqqət mərkəzindədir

Etiraf olunmalıdır ki, Qazax rayonunda körpələrə qayğı daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Respublika Prezidenti cənab İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı yola saldığımız ildə də Qazaxda uğurla icra olunmuşdur. Dövlətimizin uşaqlara olan sonsuz diqqətinin nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən uşaq bağçalarının 70 faizindən çoxu ən müasir standartlar səviyyəsindədir. Ötən il 6 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb, bu günlərdə isə əsaslı şəkildə yenidən qurulan həmin körpələr evi-uşaq bağçası körpələrin istifadəsinə verilib.



Rayon rəhbəri Rəcəb Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə körpələri, valideynləri və bağçanın kollektivini təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən Qazaxda uğurla icra olunur. Rəcəb Babaşov diqqətə çatdırıb ki, təkcə 2018-ci ildə istifadəyə verilən 5 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 və 3 saylı uşaq bağçaları tam müasir tələblərə cavab verən bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç də geri qalmır.

Dövlət siyasətinin kökündə vətəndaş amili dayanır

Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi dayanır. Respublika Prezidenti İlham Əliyevin də söylədiyi kimi bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci bir ölkə yoxdur.



Rayondan aldığımız məlumatlarda da birmənalı olaraq vurğulanır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu vəzifəyə təyin olunduğu ilk gündən bütün ölkəmizdə yürüdülən dövlət siyasətinə uyğun olaraq, bütün işlərdə vətəndaş amilini ön plana çəkib. Rayon rəhbərinin keçirdiyi fərdi qəbullar, səyyar qəbul-görüşlər də bir amala xidmət edir ki, onun da kökündə sakinlərin qayğıları, arzu və istəkləri, onları narahat edən məsələlər dayanır. Belə ki, yerlərdə əhali ilə əlaqələrin möhkəmləndirilməsi, insanları narahat edən sosial problemlərin həlli istiqamətində operativ tədbirlərin görülməsi kimi məsələlər daim başçı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin ilk ayları da cənab Rəcəb Babaşov tərəfindən ardıcıl olaraq keşirilən belə görüşlər və fərdi qəbullarla zəngin olmuşdur. Təkcə fevral ayının ilk iki həftəsi ərzində Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Baba Cəfərli və Canalı kəndlərində iki səyyar qəbul-görüş, onlarca vətəndaşın fərdi qəbulu keçirilmişdir.



Qeyd olunmalıdır ki, son iki il yarımda vətəndaşların müraciətlərinə rayon rəhbərinin əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını almışdır. Məhz bunun nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.

Heç şübhə yoxdur ki, 2019-cu il Qazaxda görülən işlərin miqyasına görə daha əlamətdar olacaqdır. Əminliklə demək olar ki, bu gün Qazax rayonunun həm əhalisi, həm də rəhbərliyi artıq əldə olunmuş nailiyyətləri daha da yüksəltməkdə tam qərarlıdırlar və ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarını səfərbər edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024