Mobil versiya
“Dedi ki, oğlunun cibinə narkotik atıb tutduraram” - Eks-rəis arvadının məhkəməsindən
Tarix: 26-10-2016 | Saat: 13:49
Bölmə:Cəmiyyət | çapa göndər

“Dedi ki, oğlunun cibinə narkotik atıb tutduraram” - Eks-rəis arvadının məhkəməsindən




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Şahid Ramin Ağayev istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. Onun ifadəsi elan olunub: "Rəşad və Elşən gəlib bir neçə sənəd verdi, orda dəyişiklik etmək lazım olduğunu dedilər. Nəyi dəyişəcəyimi soruşdum, dedilər möhür və imza qalacaq, yuxarı hissəsi dəyişdiriləcək. Mən imtina etdim, onlar kiməsə zəng etdi, Leyla adlı xanım telefonda mənlə danışaraq ərinin polis rəisi olduğunu, bundan öncə həmin obyektdə başqa adamla bu formada işlədiyini dedi. Mən bundan da imtina etdim. Bir qədər sonra bir qadın gəldi, özünü Leyla kimi təqdim edərək "sən nə tərs adamsan" dedi. Boş kağızda içində 10 manat olan pulu mənə uzatdı, yenə imtina etdim. Bu dəfə möhürsüz adi kağıza dediyi sözləri yazmağımı istədi, yazdım çap etdim. Bundan sonra ayda bir neçə dəfə Rəşad adlı taksi sürücüsü vasitəsilə bu cür sənədlər yazıb çap edib göndərirdim. Plastik kartların onlayn sifarişi üçün sənədlər düzəltdirirdi".

L.Əkbərova "bu şəxsi birinci dəfədir görürəm" deyib.

Vəkil Vasif İsrafilovun sözlərinə görə, R.Ağayev və L.Əkbərova arasında SMS yazışmaları, telefon danışıqları var və orada hər şey aşkar bəlli olur.

Bundan sonra hakim şahidə yalan ifadə verməyə görə xəbərdarlıq edib.

R.Ağayev L.Əkbərovanın istəyi ilə arayışlar hazırladığını deyib: "Qızı Fidan da tez-tez mənə müraciət edərək nələrsə çap etdirirdi".

Şahid İlhamə Əhmədova təkrar ifadə verib: "Leylanın mənə 12 min manat borcu var. Pulumu tələb etməyə qorxurdum. Mahir Əkbərov söyüşlərlə danışaraq mənim qabağıma elə şərtlər qoydu ki..."

V.İsrafilov keçmiş rəis M.Əkbərovun şahidi hədələdiyini qeyd edib.

İ.Əhmədova bunu təsdiqləyib: "Mahir mənə dedi Leylanı tutdurmuşam, sənin oğlunun da cibinə narkotik atıb tutduraram, lap sənin özünü də tutduraram".

Bundan sonra şahid İ.Əhmədova çölə çıxmaq istədiyini deyib və huşunu itirib.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, L.Əkbərova Binəqədi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi, mayor Mahir Əkbərovun arvadıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024