Mobil versiya
Vitse-prezident hansı səlahiyyətlərə malikdir?
Tarix: 21-02-2017 | Saat: 14:04
Bölmə:Gündəm / Manşet | çapa göndər

Vitse-prezident hansı səlahiyyətlərə malikdir?


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

AzVision.az-ın məlumatına görə, ölkə başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın birinci vitse-prezidenti təqdim edib.

2016-cı ilin sentyabrın 26-da səsverməyə çıxarılmış Referendum Aktında vitse-prezidentlik təsisatı öz əksini tapıb.

Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının prezident səlahiyyətlərini 1-ci vitse-prezident icra edir. Bu müddət ərzində 1-ci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, Azərbaycan Respublikasının vitse-prezidenti 1-ci vitse-prezident statusu almış olur və Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edir.

Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

Qanuna Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı adlı yeni maddə əlavə olunub:

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı haqqında əlavə olunmuş maddəyə müvafiq olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024