Mobil versiya
Ürəyimə son sualım...
Tarix: 24-10-2016 | Saat: 11:51
Bölmə:Seçilənlər-5 | çapa göndər

Ürəyimə son sualım...


Aylar əvvəl ürəyimdən soruşmuşdum. "Hələ də sevirsənmi?"
Gözləri dolmuş vəziyyətdə, gözlərini qırpa -qırpa mənə baxmış, sonra sonsuzluğa kilidlənərək susmuşdu.
Və o gündən bu günə kimi məndən küsmüş, onunla mənim aramdakı bağ təmiz qopmuşdu.
Artıq mən onun nə hiss etdiyini anlamaz vəziyyətinə gəlmişdim.
Son görüşümüzdən əvvəl, çox baş - başa verib ağlamışdıq, hər zaman məni günahlandırmışdı.
Gözlərimi günahlandırırdı, "niyə baxdın" deyə, əllərimi günahlandırırdı, "niyə toxundun deyə" , dodaqlarımdan belə öpüşlərin hesabını soruşurdu.
Heç birimiz cavab verə bilmirdik. Axı günahkar idik. Əlbir olub, bütün bu günahları biz işləmişdik. Cəzasını isə ona yükləmişdik. O, bizim etdiklərimizə susmuş, səsini belə çıxarmamışdı.
Bəli, son dialoqumuz aylar öncə olmuşdu. Küsmüşdük bir-birimizdən. O, öz həyatını yaşayırdı, mən də öz həyatımı. Reaksiya belə vermirdim ona. Hərdən sızlayırdı, hərdən hayqırırdı, məni incitmək üçün əlindən gələni edir, səsini duymağım üçün özünü xəstə kimi belə göstərirdi.
Mən onun səsini neçə aydı duymurdum. Döyüntüləri artdıqca qulağımı tıxayırdım. Bəlkə də, onun varlığı mənə sərf etmir deyə yox sayırdım onu.
Nəhayət...
Bayaq bir küncə çəkilib tək - tənha oturmuşdum. Danışmağa, dərdləşməyə kimsəm yox idi.
O, mənim tək olduğumu gördü. Çağırdı məni. Tərəddüdlə də olsa, onunla söhbət etməyə razılıq verdim. Neçə aydan sonra ilk dəfə bu qədər səmimi idik.
Məni günahlandırmadı.
Mənə nifrətli baxışlarla da baxmadı.
Mənsə, günahkar insan kimi onun üzünə baxdım, soruşmağa cəsarət edə bilmədim.
"Hələ də sevirsənmi? "
Sanki sualımı anlamış kimi, qulağıma tərəf əyildi. Mən ondan "hələ də sevirəm" cümləsini eşitmək istədim.
Amma o susdu.
Gözləri dolmuş vəziyyətdə, yenə də gözlərini qırpa - qırpa sonsuzluğa zilləndi....

VƏFA ORXAN



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024