Mobil versiya
Prezident İlham Əliyev: "Bu, ikili standartlarla yanaşmanın göstəricisidir"
Tarix: 14-10-2016 | Saat: 20:17
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev: "Bu, ikili standartlarla yanaşmanın göstəricisidir"






Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli Cənab Baş nazir.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Baş nazir, ilk növbədə, mən bir daha Sizi ölkəmizdə salamlamaq istərdim. Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və bu gün ölkəmizdə səfərdəsiniz. İlin əvvəlində Davosda keçirdiyimiz görüş zamanı razılaşdığımız kimi, bu gün biz görüşürük və qarşılıqlı maraqlarımıza, dostluğa, tarixə, tərəfdaşlığa və xalqlarımız arasındakı qardaşlığa əsaslanan əməkdaşlığı davam etdiririk.

Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir. Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq. Biz beynəlxalq təşkilatlarda - BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik. Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir. Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik.

Siyasi təmaslar çox yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Bu gün biz, əlbəttə ki, cənab Baş nazirlə bu məsələlərə nəzər saldıq və gələcəkdə nə etməli olduğumuz barədə söhbət apardıq. Sözsüz ki, siyasi təmaslarımız uğurla davam edəcək. Lakin biz iqtisadi sahədə, investisiya və qarşılıqlı faydalı birgə müəssisələrin yaradılması sahəsində daha çox işləməliyik. Biz iqtisadi sahədə ticarət mübadiləsinin səviyyəsindən razı deyilik. Ona görə də bu gün biz ticarət mübadiləsini necə artıra biləcəyimizi müzakirə etdik. Biz Pakistana nə ixrac edə bilərik, Pakistan Azərbaycana nə ixrac edə bilər kimi məsələlər qarşıdakı aylarda həll olunacaq. Düşünürəm, elə bir əməkdaşlıq mexanizmi yarada bilərik ki, bizim idxal etdiyimiz və Pakistanın təchiz edə biləcəyini Pakistandan alaq və əksinə, Pakistanın idxal etdiyi və bizim təchiz edə biləcəyimiz bizdən alınsın.

Bu gün biz, həmçinin Azərbaycanda xüsusilə də əczaçılıq sənayesi sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Pakistan bu sahədə çox inkişaf etmiş ölkədir. Biz Azərbaycanda bu sənaye sahəsini inkişaf etdirmək istəyirik, çünki əsasən idxaldan asılıyıq.

Müzakirələrimizin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunmuşdur. Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var.

Bu gün iqtisadi əməkdaşlığın digər sahələrində, xüsusilə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Ümidvaram ki, elektron viza sistemi Azərbaycanda tam tətbiq olunandan sonra bizim pakistanlı qardaşlarımız üçün Azərbaycana gəlmək çox asan olacaq və qardaş ölkəyə səfər etmək istəyən vətəndaşlarımız da eyni imkana sahib olacaqlar.

Bu gün biz qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik. Bütün məsələlərdə bizim tam qarşılıqlı anlaşmamız var. Bu da bir daha göstərir ki, əlaqələrimiz dostluğa, tarixə əsaslanır. Tarixən xalqlarımız ünsiyyətdə olub, birgə işləyiblər. Bakıda Pakistan mədəniyyətinin çoxlu nişanələri var. Bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır.

Düşünürəm ki, qarşıdakı illərdə məşğul olacağımız məsələlərdən biri nəqliyyatdır. Çünki Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi yeni nəqliyyat layihələri Asiyadan Avropaya, Şimaldan Cənuba daşınmalar üçün yeni imkanlar yaradacaq və yeni marşrutlar açacaq. Azərbaycan bu nəqliyyat layihələrinin kəsişməsində yerləşir.

Cənab Baş nazir, bir daha ölkəmizə səfər etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Mən əminəm ki, səfər çox uğurlu olacaq və qardaşlıq əlaqələrimizin güclənməsində mühüm rol oynayacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə