Mobil versiya
Yenə hərrac olacaq: Prezidentin Xüsusi Tibb Xidmətinin “Nissan Patrul”undan tutmuş zirzəmilərə qədər...
Tarix: 10-10-2016 | Saat: 15:17
Bölmə:Gündəm | çapa göndər



Sabah Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Virtualaz.org xəbər verir ki, budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 30-u Bakı, Gəncə, Sumqayıt, Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir. Bundan əlavə hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, ictimai iaşə və ticarət müəssisələri vardır.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə sabahkı hərracda Bakının Səbael, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai, Sabunçu rayonlarında yerləşən 4 və 5 mərtəbəli binaların zirzəmiləri və yarımzirzəmiləri də hərraca çıxarılıb. Bu zirzəmilər indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olub.

Həmçinin hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb. Hərraca çıxarılan avtomobillər arasında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinə məxsus 2000-ci ildə istehsal olunmuş Nissan Patrol avtomobili də var. Avtomobil 6000 AZN başlanğıc qiymətlə hərraca çıxarılıb. Habelə Vergilər Nazirliyi hərraca “Toyota Camry”, “Chevrolet Niva”, “Mitsubishi Pajero” və QAZ-31 markalı 6 avtomobil çıxarıb, avtomobillərdən biri qəzalı vəziyyətdədir.



Habelə Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinə məxsus 2001-ci ildə istehsal olunmuş Tofaş Şahin avtomobili 1500 AZN, Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus 2005-ci ildə istehsal olunmuş PAZ-4234 avtomobili 5700 AZN başlanğıc qiymətlə hərraca çıxarılıb.

Hərraca çıxarılan avtomobillər arasında ən bahalı avtomobil Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 2012-ci ildə istehsal olunmuş Mercedes Benz E 300-dür. Qəzalı vəziyyətdə olsa da, avtomobil 16000 AZN başlanğıc qiymətlə hərraca çıxarılıb.

Hərraca çıxarılan ən ucuz avtomobil isə “Qasid” ASC-yə məxsus 1998-ci ildə istehsal olunmuş UAZ-3303 avtomobilidir ki, bunun da başlanğıc qiyməti 1100 manatdır.

Qeyd edək ki, komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat əldə edərək istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər.

Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir.

Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024