Mobil versiya
Azərbaycanda avtomobillər kəskin bahalaşıb - Qiymət cədvəli
Tarix: 27-09-2016 | Saat: 15:46
Bölmə:Şou-biznes | çapa göndər




Maşın bazarında ikinci əl avtomobillərin qiyməti sürətlə bahalaşır. Demək olar ki, son aylarda müxtəlif markalı avtomobillərin qiyməti 1000-1500 manat bahalaşıb.

Musavat.com-un müxbiri maşın bazarındakı son durumu öyrənmək üçün Badamdar qəsəbəsindəkı Avtomobil Satışı Mərkəzində olub və qiymətlərlə maraqlanıb. Ölkənin ən böyük avtomobil bazarı paytaxtın Badamdar qəsəbəsində həftənin şənbə və bazar günlərində fəaliyyət göstərir. Respublikanın dörd bir yanından avtomobil almaq və ya satmaq istəyənlər bu bazara üz tuturlar. Hər həftə burada yüzlərlə şəxsi və satışda olan avtomobillər müştərilərə təklif olunur.

Bazara qədərki bazar... Burada aldana bilərsiniz!
Badamdar bazarı avtomobil satışı ilə yanaşı, bir çox dəllalların qazanc yeridir. Əsasən bazar günləri bazarda maşın alverçilərin daha çox olur. Onları bazara çatmamış, "Qurd” qapısından bazarın girişinədək olan ərazidə görmək olar. Onlarla alverçi burada durub avtomobilini satmağa gələnləri yol kənarında saxlayıb, sövdələşmə aparır. Bu alverçilərin bazarda yox, məhz burada dayanmasının səbəbi isə avtomobili daha ucuz almaq istəyi ilə bağlıdır. Çünki bazardakı qiymətlərdən xəbəri olmayan şəxsləri burada aldatmaq daha asan olur. Bu səbəbdən də avtomobilini satmağa gətirən təcrübəli şəxslər bazara getməyi üstün tuturlar.

Avtomobil çox, alıcı yox..
Əvvəlki illərlə müqayisədə Badamdardakı maşın bazarında alıcılıq bir xeyli zəifdir. Həmişə müştərisi bol olan bazarda indi durğunluq yaşanır. Necə deyərlər, alıcıdan çox, satıcı var. Alverçilər də etiraf edir ki, bu durumun səbəbi maşınların bahalaşmasıdır.
Maşın alveri ilə məşğul olan Anar Rzayev avtomobillərin bahalaşmasının səbəbini idxalın azalması ilə əlaqələndirir: "Bildiyiniz kimi, ikinci əl avtomobillərin çoxu xaricdən gətirilirdi. Alverçilər ucuz olduğu üçün maşınları əsasən qonşu Gürcüstandan, Rusiyadan gətirirdilər. Sovet maşınları və "inomarka”lar idxal olunurdu. Ancaq ötən ildən başlayaraq avtomobil idxalı azaldı. Səbəb isə dolların kursunun tez-tez dəyişməsidir. Bununla yanaşı gömrük rüsumun artması da alverçiləri həvəsdən salır. Alverçilərin çəkdiyi zəhmətin xərci borcunu ödəmir. Əvvəllər bir maşından 1500 manat qazanc qalırdısa, indi 500 manat qalır. Mən də maşın alverindən uzaqlaşmışam. Ölkədaxili bazarlarda maşın alıb, satıram”.

Bazarda yenə də"Mercedes” liderdir
Badamdar bazarına ən çox gətirilən maşın alman istehsalı olan "Mercedes” markalı avtomobillərdir. Bazarın ən qaynar hissəsi də bu maşınların ətrafındadır. Alverçilər və müştərilər "Mercedes”lərə üstünlük verirlər. Bunun səbəbi isə həmin avtomobillərin dayanıqlı olması və bazara çıxarılarkən tez satılmasıdır.
Şəxsi avtomobilini satmağa gətirən sürücülərlə də söhbət etdik. Banka olan kredit borcuna görə maşınını satışa çıxaran Raqif Səmədov "Mercedes E 240” markalı avtomobilini təcili satmalı olduğunu, lakin 3 həftədir sata bilmədiyini dedi: "Artıq üçüncü bazardır ki avtomobili sata bilmirəm. Bu gün səhər tezdən gəlmişəm, cəmi 2-3 nəfər qiymətlə maraqlanıb. Ancaq real alıcı yoxdur. Motorun həcmi 240 sm, buraxılışı 2000-ci ildir. Qiymətini 10.800 manat deyirəm. Real müştəri olsa 10.000 manata da sataram. Problemsiz, qəza görməyən maşındır”.

Sovet maşınları "ölüb”... "Niva”lar isə istisnadır...
Bazarda çox az sayda Sovet istehsalı olan avtomobillər gözə dəyir. Ümumiyyətlə, Sovet maşınlarının "bazarı ölüb” desək, yanılmarıq. "Jiquli” markasından olan avtomobillərə ümumiyyətlə rast gəlinmir. Bunun isə iki əsas səbəbi var. Birincisi, Bakı əhalisi əsasən Avropa, Asiya istehsalı olan avtomobillərə üstünlük verir. İkincisi isə maşın alverçiləri Avropa və Asiya maşınlarından daha çox qazanc əldə edirlər.


Rusiya istehsalı olan maşınlar arasında yalnız "NİVA” markalı avtomobillər istisnadır. Bu markadan olan avtomobillərə adətən Bakıətrafı qəsəbələrdə və rayonlarda tələbat daha çoxdur.


"VAZ-2107” markalı avtomobilini satan Valeh Əliyev də bu durumdan gileylənir. Taksi sürücüsü işləyərək dolandığını deyən həmsöhbətim müştərilərin köhnə maşına minmədiyini deyir: "Bakıda taksi sürücüsü işləyirəm. Artıq sovet maşınına taksi kimi də minən yoxdur. Hamı "inomarka”lara qaçır. Bundan başqa, "VAZ-2107” markalı avtomobilləri polislər tez-tez saxlayıb, yoxlayırlar. Bu maşınlar "avtoş” maşını kimi tanındığı üçün maşının parametrlərini yoxlayırlar. Bir sözlə, tez-tez problem yaşayıram. Digər tərəfdən isə rahatlıq üçün bu avtomobillər sərfəli deyil. Müştəri isə yolu rahat getmək istəyir. Bunu bazarda satıb, üstünə də bir qədər qoyub "Opel Zafira” və ya "Mercedes E” seriasından almaq istəyirəm.


Avtomobil bazarında müxtəlif markadan olan avtomobillərin qiyməti ilə də maraqlandıq. Bakı Satış Mərkəzində bu günə olan avtomobillərin qiymətləri isə belədir:

2000-ci il "Mercedes c 200” - 7500-8000 AZN
2000-2001-ci il "Mercedes E 240” - 10.000-12.000 AZN
1999-2000 "Opel Astra” - 6000-7000 AZN
2011-ci il "WOLKSWAGEN” – "PASSAT” - 14.000-16.000 AZN
2009-cu il "Toyoto” "Prado” 27.000-29.000 AZN
2007-ci ilin "ML-320” - 25000 AZN
"HYUNDAİ - Elantra” 2010-cu il 18.000 AZN
2015-ci il "Toyoto” "Corolla” 35000 AZN
2014-cü il "DAEWO” "Gentra” 19.000 AZN
Qeyd edək ki, bu avtomobillər son 3 ay ərazində 10-15% bahalaşıb. Daha çox bahalaşmanın qarşısını alan amil isə bazarda alıcılığın zəif olmasıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024