Mobil versiya
3-cü devalvasiya qapıda
Tarix: 01-09-2016 | Saat: 10:48
Bölmə:İqtisadiyyat | çapa göndər

3-cü devalvasiya qapıda

bank-dollar-manatBanklar dollar satışını dayandırdı, ekspertlər növbəti devalvasiyanın gün məsələsi olduğunu deyir

Avqustun 31-də daha üç bank dollar satışını dayandırıb. Söhbət “Dəmirbank”, “Bank Respublika” və Pakistan Milli Bankının Bakı filialından gedir. “Bank Respublika” və “Dəmirbank” avqustun 30-da satışlara 100 dollara kimi, Pakistan Milli Bankının Bakı filial isə 500 dollara kimi limit qoysa da, dünən üçün dollar satışı tamamilə dayandırılıb. Bununla da ölkə də dollar satışını dayandıran bankların sayı 17-yə çatıb. Artıq baş verənlər, ekspertlərin fikrincə, devalvasiyanın qaçılmaz olduğunu deməyə əsas verir.

Palatadan banklara xəbərdarlıq: “Marjanı keçməyin”

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib.

Məktubda bildirilir ki, ictimaiyyətdən Palataya bəzi banklar tərəfindən valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizindən əlavə komisyon haqlarının alınması ilə bağlı məlumatlar daxil olur.

“Bu isə əksər hallarda mövcud faiz dəhlizinin pozulması ilə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq valyuta mübadilə əməliyyatlarında əlavə komisyon haqlarının tətbiqi zamanı formalaşan faktiki məzənnənin müəyyən olunmuş limit hədləri çərçivəsində təmin edilməsi banklara və poçt rabitəsinin milli operatorlarına tapşırılır. Xahiş edirik işinizdə rəhbər tutasınız”,- deyə məktubda vurğulanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank xidməti istehlakçılarının hüquqlarının qorunması və müştəri bank münasibətlərində bank xidmətlərinin dəyərinin şəffaflığının təmin edilməsi prioritet vəzifələrdən biri olaraq daim diqqətdə saxlanılır.

Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar Palata bu sahədə nəzarəti gücləndirib. “Palata bankların filial və şöbələrində yoxlamalar aparır və 4%-lik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir”,- deyə bank əməkdaşları əlavə ediblər.

Qeyd edək ki, Mərkəzi Bankın 08.01.2016-cı il tarixli məktubu ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın mübadilə məzənnəsi hədəfləri həmin gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsindən 4% məbləğində müəyyən edilib (apa).

Baş bankir Elman Rüstəmov devalvasiya sualından yayındı


Devalvasiyanın olacağına fikirləri daha da artıran Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun davranışlarıdır. Bundan əvvəlki devalvasiyalar zamanı rəsmilərin bu mövzuda suallardan yayınması artıq bununla bağlı ənənə formalaşdırıb.

Bir neçə gündür ki, ölkədə növbəti dollar ajiotajı hökm sürür. AMB sədri dünən “Baku-2016″ 42-ci Şahmat Olimpiadasının açılışından öncə keçirilən mətbuat konfransında suallara cavab verməkdən yayınıb. Qeyd edək ki, E.Rüstəmov eyni zamanda, şahmat federasiyasının prezidentidir. E.Rüstəmov turnirlə bağlı suallara cavab versə də, rəhbəri olduğu ÿdigər ÿqurumla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, manatın məzənnəsi ilə bağlı sualları dinləyəndən sonra sakitcə zalı tərk edib.

Nemət Əliyev: “Manatın dəyər itirməsi böyük bahalaşmaya təkan verəcək”



Iqtisadçı Nemət Əliyevin fikrincə, E.Rüstəmovun devalvasiya sualından yayınması təbiidir. N.Əliyevin sözlərinə görə, manatı yarıtmaz vəziyyətə gətirib çatdıran baş bankir devalvasiyanın olmayacağı ilə bağlı suala nə cavab verməlidir: “Bütün xalqın, beynəlxalq aləmin gözü önündə Elman Rüstəmov hamını aldatmadımı? Bu daha nə danışa bilər. Bu insanlar hər mənada etimadı itirmiş adamlardır. Belə rəhbərlərə heç bir halda ümid bəsləmək, onlara etimad göstərmək olmaz. Necə ki, qısa müddət ərzində Azərbaycanın iqtisadi-sosial həyatını uçuruma gətirib çıxarıbdır, bundan sonra da o vərdişlərinə sadiq qalacaqlar. Heç olmasa manatın taleyi ilə bağlı yaxın zaman üçün hansısa gözlənti olsaydı, bəlkə, Elman Rüstəmov devalvasiya sualından yayınmazdı. Proseslər artıq o həddə gəlib çatıb ki, heç Elman Rüstəmovun özündən də asılı vəziyyətdə deyil”.

N.Əliyevin sözlərinə görə, hazırkı vəziyyət milli valyuta və manatla ifadə olunan bütün sərvətlərlə bağlı yaxşı heç nəyin gözlənilmədiyini deməyə əsas verir. Deməli, manatla ifadə olunan depozitlər, əmanətlər bundan sonra dəyərdən düşəcək: “Manatın dəyər itirməsi daxili bazarda böyük bahalaşmaya təkan verəcək. Artıq üç-dörd gündür ki, bütün marketlərdə sürətli bahalaşmanın şahidi oluruq. Qiymətlərin artması bundan sonrakı dövrdə də davam edəcək. Bütün bunlar isə əhalinin sosial vəziyyətinin artmasına səbəb olacaq”.

Marja koridoruna gəlincə isə, N.Əliyev bildirdi ki, xəbərdarlıq bu bankların valyuta satışında buraxdığı səhvlərlə bağlıdır. “Artıq banklar valyuta satışında müəyyən etdiyi məzənnəni saya almırdılar. O məzənnə faktiki olaraq tənzimləyici funksiyasını itirib”, deyə N.Əliyev vurğuladı.

Vahid Əhmədov: “Manatın devalvasiyası hər gün baş verir”



Milli Məclisin Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, manatın devalvasiyası onsuz da hər gün baş verir: “Mərkəzi Bankın apardığı siyasət nəticəsində milli valyuta hər gün yumşaq şəkildə dəyərdən düşür. Devalvasiya dayanmayıb ki, biz növbətisini gözləyək. Bu devalvasiya manatın öz dəyərini alacağına qədər davam edəcək. Necə ki, Qazaxıstanda, Rusiyada həyata keçirilən siyasət nəticəsində rubl və təngə öz bazar dəyərində fəaliyyət göstərir”.

Iqtisadçı-deputat ölkədə sürətli bahalaşma getdiyini təsdiq edib: “Buna da səbəb müəyyən məhsulların, onların komponentlərinin xaricdən idxal olunmasıdır. Dollar bahalaşıbsa, buna uyğun olaraq məhsullar da bahalaşdırılır. Hökumət, dövlət qurumları, ayrı-ayrı şirkətlər bunu inkar etsələr də, fakt ortadadır” (modern.az).

Azər Mehtiyev: “Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir”



Iqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, bəzi bankların dollar satışını dayandırması, bəzilərinin isə məhdudiyyət tətbiq etməsi birbaşa ölkədə dollar qıtlığını əks etdirir: “Ölkəyə valyuta gətirən başlıca məhsul neft və təbii qaz ixracıdır. Qeyri-neft sahələrində hər zaman idxal ixracı dəfələrlə üstələyib. Ölkədə dollar satan qurumlar Dövlət Neft Fondu (DNF), Mərkəzi Bank (MB) və xarici neft şirkətləridir. Bu sonuncular mənfəət vergisini ödəmək üçün dollar satırlar”.

Ekspert deyir ki, neft gəlirləri azaldığından DNF bazara kifayət qədər dollar çıxara bilmir. Bundan əlavə, fondun xərclərinin bir hissəsi, məsələn, TANAP-ın, Bakı-Qars dəmir yolunun maliyyələşdirilməsi elə dollarla həyata keçirilir. Dövlət büdcəsinin də dollarla ödənilən xərcləri var. Şirkətlərin mənfəəti azalıb deyə, onlar da bazara ciddi məbləğ çıxara bilmirlər.

“Banklara əhaliyə dollar satmaq sərf etmir”

A.Mehtiyevin sözlərinə görə, bu tərəfdən də Dövlət Neft Şirkəti (SOCAR) xaricdən benzin ixracına başlayıb ki, bu da əlavə dollar tələb edir: “Belə bir durumda dollar təklifi kəskin azalıb, tələb isə kəskin artıb. Banklar isə ilk növbədə korporativ müştərilərin tələblərini ödəməyə üstünlük verirlər, çünki onlar daha böyük məbləğdə dollar alırlar. Nəticə etibarı ilə, banklara əhaliyə dollar satmaq sərf etmir. Bu isə cəmiyyətdə əlavə ajiotaj yaradır və hər kəs manatın taleyindən narahat olaraq onu tez dəyişməyə cəhd edir”.

Əkrəm Həsənov: “Belə vəziyyət çox davam edə bilməz”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir: “Əgər təbii, yenə də, inzibati yolla ehtiyatlar hesabına məzənnəni qorumasalar. Məsələ indi belədir. Mərkəzi Bank banklara hazırda tələb olunan qədər dollar satmır, buna görə də banklar da müştərilərinə dollar satışını ya tam dayandırıb, ya da məhdudlaşdırıb. Nəticədə, gözlənildiyi kimi, qara bazar fəallaşıb. Belə vəziyyət çox davam edə bilməz. Yaxın günlərdə həll olunmalıdır. Yəni dollar satışı davam etdirilməlidir”.

Ekspertə görə, bu zaman 2 variant mümkündür: “Ya yenə kəskin devalvasiya olacaq və dollar artıq yeni yüksək məzənnə ilə satılacaq, ya da DNF xaricdəki aktivərini satıb ölkəyə dollar gətirib cari məzənnə ilə satacaq. Ikinci halda valyuta ehtiyatlarımız kəskin azala bilər. Buna görə də ehtimal edirəm ki, DNF və Maliyyə Nazirliyi buna etiraz edir və birinci variantı təklif edirlər. Əksinə, Mərkəzi Bank 2-ci variantı təklif edir, çünki növbəti kəskin devalvasiya banklara ciddi problem yaradacaq: dollar kreditlərini qaytarmaqda onsuz da çətinlik çəkirlər, bundan sonra daha da çətin olacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024