Mobil versiya
Qənirə Paşayeva salfet satmaqla ailəsini dolandıran Fidanın ailəsində: Borclarını bağladı
Tarix: 23-08-2016 | Saat: 10:08
Bölmə:Gündəm | çapa göndər




Salfet sataraq, anası və qardaşını yaşadan Fidanı İlhamiyyə Rza və Qənirə Paşayeva qurtardı...

O, ailəsini dolandırmaq üçün şəhərin mərkəzində salfet satır. Gündəlik qazandığı 5-10 manatla evə bazarlıq edir, ev pulunu ödəyir. Atasının həbsxanada olduğunu düşünür, çünki anası elə deyib. Heç vaxt məktəbə getməyib, tək yaza bildiyi kəlmə də “ata”dır -yanında olmasını istədiyi atası.

Fidanla ilk tanışlığım sosial şəbəkədə yayılan məlumat vasitəsilə oldu. Teleaparıcı İlhamiyyə Rza öz səhifəsində onun haqda məlumat paylaşmışdı və bildirmişdi ki, 10 yaşlı, salfet sataraq ailəsini saxlayan Fidana yardım lazımdır.

Onun valideynləri 1 ildir ki, ayrılıb. Anasının qolu yandığı üçün hazırda çalışa bilmir. Məktəbə gedib, dərs oxuyub, dostları ilə oynamalı yaşda olan Fidan, qardaşı ilə anasına tək baxır. Ailənin ev kirayəsinə, qaza, işığa, mağazaya borcu var.

Fidan haqda sosial şəbəkədə məlumat yayıldıqdan sonra kampaniya başladıldı, ailəyə kömək etmək istəyənlər teleaparıcı İlhamiyyə Rzanın təşəbbüsü ilə "SOS" uşaq kəndinin sosial işçiləri və bir neçə könüllü Fidanın ailəsi ilə tanış olmaq üçün evinə yollandı. O zaman məlum oldu ki, Fidanın ailəsinin həqiqətən köməyə ehtiyacı var. Fidan da ailəsi haqda hər şeyi düz danışıb. O, yalnız atası barədə bilməyərək yanlış məlumat verib. Çünki anası öz uşaqlarına atalarının həbsxanada olduğunu deyib.

Musavat.com saytının əməkdaşı ailənin problemlərini həll etmək və toplanan yardımı çatdırmaq üçün Suraxanıya yollanan millət vəkili Qənirə Paşayeva, teleaparıcı İlhamiyyə Rza, "SOS" uşaq kəndinin sosial işçiləri ilə Fidangili ziyarət edib. Ev çətin yerdə olduğu üçün Fidan Suraxanı bazarının qarşısına gələnləri qarşılamaq üçün yollansa da, nə biz onu, nə də o bizi tapa bildi. Fidanın telefonu olmadığı üçün onu bir müddət gözlədikdən sonra anasının köməkliyi ilə evə yollanırıq. Kərpicdən tikilən evə daxil olduq. Fidanın anası divanda əyləşən millət vəkilinin yanında oturur və ailəsi haqda danışır:

"Adamın üstə Allah var, yoldaşım pis adam deyil”

“Neçə ay öncə qolum yandığı üçün işləyə bilmirəm. Evi Fidan dolandırır. Uşaqlara demişdim ki, ataları həbsxanadadır. 1 il öncə yoldaşımla aramızda problemlər olmuşdu, hazırda Gəncədə anasının yanındadır. Ailəsi bizim evlənməyimizi istəmirdi, indi də istəmirlər. Rəsmi nikahımız yoxdur, onlar istəmədi, mən də tələb etmədim, amma uşaqlar atasının adındadır. Balalarıma atalarının həbsxanada olduğunu dediyim üçün yoldaşım gəlib, getmir. Keçən dəfə İlhamiyyə xanımgil gələndə Fidan atasının həbsxanada olmadığını öyrəndi. Məndən soruşdu ki, niyə yalan demisən? Qızıma hər şeyi danışdım, artıq atasının həbsxanada olmadığını bilir. 4 ay öncə atam rəhmətə gedəndə yoldaşım da gəlmişdi, uşaqlarla görüşdü, onlara dondurma aldı. Bir neçə gün öncə yoldaşımla danışdım, dedim ki, yardım edəcəklər, qayıt, istəmirəm ki, ailəm dağılsın. Fidan hər şeydən çox atasını istəyir. Yoldaşım da qayıdacağını deyir, hələ gözləyirəm. Heç vaxt bizə pis davranmayıb, işləyəndə hər şey alırdı. Adamın üstə Allah var, yoldaşım pis adam deyil”.

Qənirə Paşayeva Xəyaləyə klinikada iş tapdığını deyir: “Sentyabrda açılacaq klinikadır. Təmizlik işlərinə baxacaqsan. Tər-təmiz yerdir, yaxşı işləsən, uzun müddət orada çalışa bilərsən. Maaş da yaxşı olacaq. Övladlarını başına topla, təhsilləri ilə maraqlan və rahat yaşa”.

“SOS” uşaq kəndinin nümayəndəsi Sona xanım isə bildirir ki, artıq Xəyaləgil üçün kirayə ev tapılıb: “İlhamiyyə xanım bayaq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı Fidanın fərdi və qardaşının məktəbəqədər təhsil almasına kömək edə bilər. Fidana intensiv təhsil verilməlidir ki, yaşıdlarına çatsın. O, 5-ci sinfə kimi öyrənməli olduqlarını mənimsəməlidir. “SOS”-un yanında 257 nömrəli məktəb var, Fidan orada fərdi dərs ala bilər. Qardaşı isə “SOS”-da qalacaq, gündə 5 dəfə yemək veririk. Fidan dərsdən sonra gəlib qardaşının yanında qala bilər. Biz bu məsələni də üzərimizə götürürük. Onlara evi də “SOS”-dan aşağı tərəfdə tapmışıq, kommunal daxil 130 manat ödənilməlidir”.

İlhamiyyə Rza toplanan 300 manatı Xəyaləyə verərək bildirdi ki, 200 işığın, 100 manat ev kirayəsinə olan borcunu ödəsin. Xəyalə isə mağazaya və qaza 200 manat verəcəyi olduğunu, ona gör yeni tapılan evə köçə bilmədiyini qeyd etdikdən sonra qalan borcları millət vəkili ödəyir.

Beləliklə, “SOS”-un əməkdaşının tapdığı evə yollanırıq. Yolda bizi qarşılamağa gedən, lakin tapmayan Fidanla qarşılaşırıq. Onu da özümüzlə avtomobilə mindirib, yolumuza davam edirik. Ev bir otaqdır və ev yiyəsi ilə eyni həyətdə yerləşir. Evi görən Fidan anasına pıçıldayır: “Burada qalmayaq. O biri evdə dostlarım var. Həm də ev yiyəsi ilə birlikdə qalmaq yaxşı deyil”. Anası isə Fidana sakit olmağı tapşırır.

Fidanın narazı baxışlarını görüb çöldə söhbət etməyə çağırıram. Fidangilə gəlməmişdən öncə onlar haqda yayımlanan reportajı oxumuşdum, Fidan yeni don və ayaqqabı istədiyini dilə gətirmişdi və əlavə etmişdi ki, rəngi çəhrayı olsun. Mənim isə vaxtım az olduğu üçün ona ancaq rəngli şlyapa ala bilmişdim. Narazı Fidanın fikrini yayındırmaq üçün şlyapanı ona verməyin ən doğru zaman olduğunu düşünüb kiçik hədiyyəni ona verirəm:

- Çox sağ ol, bacı. Mənə don da alacaqsan?” -, deyə Fidan pıçıldayır.
- Alacağam, çəhrayı olsun?
-Çəhrayı nə rəngdir? (Üzərindəki çəhrayı donu göstərir). Bu rəngdirsə al, qəşəng olsun. Mən hər şeydən çox atamın gəlməsini istəyirəm. Atam anama deyib ki, gələcək. Bilirsən, gələcək?

Fidanın sualından necə yayınacağımı düşünürdüm ki, ziyarətçilər darvazadan çıxır və evi müzakirə etməyə başlayır. Son olaraq, qərara alınır ki, sözügedən ev tutulsun. Borcları ödənən Fidanın ailə bir neçə gün sonra daha yaxşı evə köçəcək. Fidan daha salfet satmalı olmayacaq, təhsil alacaq. Anası da işləyəcək. Bəlkə də, atası da qayıtdı və Fidan ən böyük arzusuna çatdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə