Mobil versiya
İşəgötürən əmək müqaviləsini ləğv edə bilərmi?
Tarix: 13-06-2016 | Saat: 15:11
Bölmə:Gündəm | çapa göndər



Bu dəfə işsizlik müavinətindən aliment tutulub-tutulmamasını, əmək müqaviləsinin işəgötürən tərəfindən hansı halda ləğv edilə bilməsi ilə bağlı oxucularımızın ünvanlandığı suallara cavab axtarmışıq.

Həmişəki kimi yenə də suallarımızı Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.

Sual 1.
Sumqayıtdan Azər Quliyev: Müddətli əmək müqaviləsinin bitməsinə görə işəgötürən əmək müqaviləsini ləğv edib. Halbuki müqaviləmin müddətinin uzadılması mümkün idi. İşlədiyim dövrdə hər hansı intizam cəzası almamışam. İşəgötürənin bu hərəkəti qanuna uyğundurmu?

Cavab:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - ƏM) 68-ci maddəsinin II hissəsinin (b) bəndi əmək müqaviləsinin müddətinin qurtarmasını ona xitam verilməsinin müstəqil əsası kimi nəzərdə tutur. Başqa sözlə, müddətin qurtarmasının işəgötürənin təşəbbüsü ilə müqaviləyə xitam verilmə əsasından (ƏM-in 68-ci maddəsinin II hissəsinin (a) bəndi və 70-ci maddəsi) fərqlidir.

ƏM-in 73-cü maddəsinin I hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin II hissəsinə görə işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Göründüyü kimi, Sizinlə bağlanmış əmək müqaviləsi obyektiv hadisənin baş verməsi, yəni müddətin bitməsi nəticəsində xitam olub. Bu zaman işəgötürən tərəfindən ƏM-in 73-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydaya əməl edilərək sizə əmək münasibətlərinin davam etdirilməyəcəyi bildirilib. Bu baxımdan işəgötürənin davranışının ƏM-in tələblərinə zidd olduğunu demək üçün hər hansı əsas mövcud deyil.

Sual 2.
Bakıdan Fuad Dadaşov: Məhkəmə qərarı əsasında məndən aliment tutulub. Heç bir yerdə işləmirəm, işsiz kimi qeydiyyatdayam və işsizlik müavinəti alıram. Alimentin işsizlik müavinətindən tutulması mümkündürmü?

Cavab:
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə müvafiq olaraq aliment tələbinin işsizlik müavinətinə yönəldilməsi mümkündür. Həmin maddəyə görə, tələb, sosial sığorta üzrə, habelə işsizliyə görə müavinətlərə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə, yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə əsasən yönəldilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024