Mobil versiya
Amneziya - yaddaş və xatirələrin itirilməsi
Tarix: 12-06-2016 | Saat: 20:45
Bölmə:Media | çapa göndər

Amneziya - yaddaş və xatirələrin itirilməsi





Amneziya yaddaş və xatirələrin itirilməsi halıdır, tam və ya hissəvi olmaqla amneziya iki formada müşahidə edilir.

Aia.Az Herba flora jurnalına istinadən bildirir ki, hissəvi anmeziyada yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanır, lakin baş verənlərin fəza-zaman ölçüsü unudulur. Yaddaşın hansı mərhələsinin itirilməsindən asılı olaraq retroqrad, retroanteqrad, anteqrad və retard formaları ayırd edilir. Retroqrad amneziya - xəstəlikdən və ya travmadan əvvəlki xatirələrin unudulması ilə xarakterizə olunur. Anteqrad amneziyada huşsuz vəziyyətdən ayılandan sonra hadisələrin yaddan çıxması baş verir. Retroanteqrad forma isə bunların kombinasiyası şəklində təzahür edir. Retard amneziyada xatirələr huşun itirilməsindən dərhal sonra deyil, müəyyən zaman keçəndən sonra itirilir.

İnkişaf tempinə və formasına görə reqressiv, stasionar və proqressiv formalara bölünür. Reqressiv amneziyanın əsas xüsusiyyəti yaddaşın qeyri-müəyyən zaman kəsiyində bərpa olunmasıdır. Stasionar amneziyada həyatda baş verən olan bəzi hadisələr dayanıqlı şəkildə unudulur. Proqressiv forma daha ağır gedişi ilə seçilir və yaddaş bugündən keçmişə doğru silinir. Yaxın vaxtlarda baş verənlər yadda qalmır, xatirələrin zaman bölgüsü pozulur, onların emosional rəngi getdikcə solğunlaşır və xatırələr tam yox olur. Uşaq və yeniyetmə yaşlarının xatirələri və təcrübi vərdişlər daha aydın şəkildə uzun müddət saxlanır.

Amneziyanın ehtimal olunan səbəbləri

Dissosiativ amneziya - yaxın zamanlarda baş vermiş vacib hadisələrin, şəxsi həyata aid faktların itirilməsidir ki, bu zaman bütün digər xatirə və bacarıqlar saxlanır. Əksər hallarda psixi travmalar, tragik hadisələr, yaxınlardan birinin itkisindən sonra yaranır. Vacib məqamlardan biri budur ki, amneziyanın bu formasında beyində heç bir üzvi dəyişiklik, intoksikasiya əlamətləri və ya hədsiz yüklənmə olmur. Yaddaşın belə itirilməsi xəstə ayıq olduğu zaman özünü göstərsə də, hipnoz altında hadisələrin gedişi bərpa olunur.

Posthipnotik amneziya - hipnoz seansı zamanı baş verənlərin xatırlanmaması halıdır.
Dissosiativ fuqa - psixogen amneziyadır, xəstənin psixi travma və ya ekstremal situasiyadan qaçma istəyi ilə izah olunur. Xəstə doğrudan da yaşadığı və işlədiyi yerdən uzaqlaşaraq bir neçə saat, bir neçə gün, bəzən isə daha uzun müddət bütün tərcümeyi-halını unudur. Sonra birdən-birə hər şeyi xatırlayıb fuqa müddətində baş verənləri unuda bilir.

Amneziya bəzən baş beyin xəstəliyinin tək əlaməti ola bilər. Xəstə itirilmiş xatirələrin yerini yalançı xatirələrlə - konfabulyasiyalarla doldura bilir və ya onları təhrif edir - bu, hal paramneziya adlanır.

İnsult, kəllə-beyin travması, herpetik ensefalit, intoksikasiyalar, metabolik ensefalopatiyalar, baş beynin degenerativ xəstəlikləri, şişləri, psixi xəstəliklər, epilepsiya və emosional şok amneziyaya səbəb ola bilər.

Beynin yaddaş funksiyasını təmin edən əsas anatomik stukturlar - hipotalamus, məməyəbənzən cisimlər, mediodorzal nüvə, gicgah payları və alın payıdır. Mediobazal sistem yaddasaxlamanın, öyrənmənin, qavramanın və yeni informasiyanın fiksə olunmasının sürətini təmin edir. Yarımkürələrin qabığı uzunmüddətli yaddaşın saxlanma "anbarıdır". Badamabənzər cisim, beyincik və beyin qabığı həmçinin prosedur yaddaşa da cavabdehdir. Yaddaş beynin xolinergik, noradrenergik, serotoninergik və dofaminergik sistemləri tərəfindən idarə olunur. Həmin strukturlardan istənilən birinin zədələnməsi amneziyanın yaranmasına səbəb olur.

Diaqnoz

Amneziyadan şikayət edən bütün xəstələr elekrtoensefaloqrafiya, maqnit-rezonans tomoqrafiya, kompüter tomoqrafiyası, qanın müayinəsi, biokimyəvi və toksikoloji müayinələrdən keçməli, nevroloqun, psixiatrın və narkoloqun baxışı aparılmalı, testlər vasitəsilə yaddaş funksiyaları qiymətləndirilməlidir. Xəstə yaddaşının nə dərəcədə itirməsini obyektiv dəyərləndirə bilmədiyi üçün ətrafında olan yaxınlarının, iş yoldaşlarının və qohunlarının diaqnozun qoyulmasında böyük yardımı olur.

Müalicə

Yaddaşın mexanizmləri çox mürəkkəb olduğundan itirilmiş xatirələrin bərpası da problemli məsələdir. Amneziyanın müalicəsi əsas xəstəliyin sağaldılmasına və neyropsixoloji reabilitasiyaya yönəldilir, müalicədə neyroprotektorlar, B qrupu vitaminləri, ginkqo-biloba preparatları və antioksidantlardan istifadə olunur. Ginkqo-biloba bitkisi əsasən iki formada təyin olunur:

Dəmləmə: 1 çay qaşığı xırdalanmış quru yarpaq termosa tökülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1/3 stəkan içilir.

Cövhər: 50 qram quru yarpağın üzərinə 500 ml 40 faizli spirt əlavə olunur, 2 həftə qaranlıq və sərin yerdə dəmlənir, hər gün çalxalanır. Gündə 3 dəfə yeməkdən əvvəl 20 damcı qəbul edilir.

Serebratea çayı: ginkqo-biloba, yapon soforası və s. kimi bitkilərin qarışımından hazırlanmışdır. Beyin qan dövranını yaxşılaşdırmaq, beyin damarlarının elastikliyini artırmaqla yanaşı sinir hüceyrələrini qoruyur, yaddaşın bərpasına yardım edir və onu möhkmələndirir.

Ginkqo-biloba ilə müalicə xəstənin vəziyyətindən asılı olaraq 1-2 ay müddətində aparılır.

Yaddaş pozulmasının profilaktikası

Yaddaş pozulmasının qarşısını almaq üçün sağlam həyat tərzi ən vacib şərtdir. Alkoqollu içkilər, dərman preparatları və narkotik maddələrdən uzaq durmaq, yuxu rejimini gözləmək, fiziki cəhətdən aktiv olmaq, piyada gəzmək, tam rasional qidalanmaq və ən əsası isə yaddaşı daim məşq etdirməklə buna nail olmaq mümkündür.

Beynin normal fəaliyyətini təmin etmək üçün müxtəlif növ qidalar vacibdir - mal əti, yağlı balıq sortları, yağsız süd və süd məhsulları, yumurta, qarabaşaq və yulaf sıyıqları, sərt buğda unundan hazırlanmış makaron məmulatları, təbii bal, meyvə və tərəvəzlərdən kartof, pomidor, brokkoli kələmi, ispanaq, banan, şaftalı, armud, alma, qaragilə, həmçinin sarıkök, darçın, cirə, tünd şokolad və qoz sinir sistemi üçün faydalıdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024