Mobil versiya
Səni unutdum artıq...
Tarix: 24-05-2016 | Saat: 10:31
Bölmə:Seçilənlər-5 | çapa göndər





Mənim üçün sıradan birisən artıq... Hamı kimisən... Facebookdakı digər dostlarımdan heç bir fərqin yoxdur...Artıq heç facebook profilinə belə qonaq getmirəm.Ürəyimin ağrıları azalır get gedə...Üz cizgilərini də unutdum, gözlərini də. Səsini belə xatırlamıram...Xəbərin varmı ki, daha səninçün ağlamıram belə...Göz yaşlarıma heyfim gəlir...
Hər gecə yatanda Allaha yalvarırdım səni yuxuma gətirsin. Yuxuda səni görərkən, aramızdakı məsafənin azalacağını düşünürdüm. Səni yuxuda görsəm xoşbəxt olacağımı sanırdım. İndi gecələr yatmıram. Birdən yuxuma gələrsən deyə qorxuram. Oyanarkən daha çox nifrət edərəm deyə sənə. Əslində dərdim sənə nifrət etmək deyil, sadəcə dəyməyən bir sevgiyə görə ürəyimi nifrətlə doldurmaq istəmirəm...
Sən bir dalğa idin içimdə... Tufanın ağuşunda qalmış dənizin fırtınasından qopub, üstümə şığıyan bir dalğa...Aylardır o dalğa
ilə mübarizə aparırdım.Nə xoşbəxtəm ki, tez qurtuldum o dalğadan, Təkbaşıma o dalğaya qalib gəldim...
İçimdəki səni öldürdüm... Mənə nə cəza veriləcəyini sən daha yaxşı bilərsən... Qatiləm axı... Əslində səni sevmək mənim üçün bir cəza idi... Öldürməyin cəzası o qədər ağır olmaz yəqin ki...
Artıq ikimizə aid olan mahnılara qulaq asmıram... Şəkillərini və adını sildim telefonumun yaddaşından...Səninlə var olan, sən yaratdığın o mən artıq yoxdur... Biz sənin yatardığın o məni bir yerdə dəfn elədik iki gün əvvəl...
Amma əslində...
Əslində mən yalançıyam bilirsənmi?...
Heç unutmadım səni...Bayaqdan yazdıqlarım mənim üçün hələ də bir xəyaldır...
İkimizə aid mahnılara daha tez -tez qulaq asıram...Təkrar-təkrar... Şəkillərinin bir dənəsini belə silməmişəm... Silməyə çalışdım, amma əlim gəlmədi... Baxıram dönə-dönə...
Telefon nömrəni kontaktdan silmişəm, amma hər dəqiqə səndən gələcək mesajı gözləyirəm...
Səninlə var olan o məni yaşadıram hələ... Sıradan biri deyilsən mənim üçün... Heç vaxt sıradan biri olmadın...
Hər dəqiqə facebook profilinə qonaq gedirəm... Ürəyimin ağrıları daha da artır... Üz cizgilərin gözümün önündədir, gözlərin isə heç ağlımdan çıxmır...Səsin, gülüşün hələ də qulaqlarımdadır...
Səninçün ağlamıram demişdim... Çox ağlayıram... İndi belə...
Hər gecə yuxuma gələsən deyə yalvarıram... Həyatda görə bilməsəm də, yuxuma gəlib məni xoşbəxt edəcəyini düşünürəm...
Hələ də boğuşuram o sən adlı dalğayla... Qalib gələ bilmirəm, dalğa məni dənizin daha da dərinliyinə sürüyür...
Qatil deyiləm, bilirsənmi? Artıq mənə cəza da düşmür. İçimdəki səni öldürməmişəm, yaşayır, sağdır...
Uzaqsan, amma doğmasan...
Unuda bilməmişəm, ürəyimdəsən....

Vəfa Soltanova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə