Mobil versiya
Dilimiz vasitəsi ilə tərbiyə tapdıq…
Tarix: 21-05-2016 | Saat: 21:01
Bölmə:Media | çapa göndər

Dilimiz vasitəsi ilə tərbiyə tapdıq…






Ana dilinin hər bir insanın həyatında nə qədər vacib olduğunu hər kəs bilir. Dil vasitəsi ilə biz ünsiyyət qurub, dil vasitəsi ilə anlaşırıq, öz fikirlərimizi çatdıra bilirik. Yəqin ki, "Mauqli" cizgi filminə hamınız baxmısınız. Körpəlikdən heyvanlar arasında böyüyən Mauqli, insan dilinə xas olan xüsusiyyətləri itirərək sonradan insanlarla ünsiyyət qura bilmirdi. Bu cizgi filmi bir fantaziya deyil, həqiqətən insan cəmiyyətindən müəyyən səbəblərə görə təcrid olunan körpələr ömürlərinin sonuna kimi bu qabiliyyəti əldə edə bilmirdirlər.

Sual yarana bilər ki, dili öyrənmək olmaz mı? Əslində bu çox çətin bir sualdı. Hərfləri, sözləri və cümlələri öyrətmək olar, amma dil və ünsiyyət tamamilə fərqlidir və eyni zamanda beyində xüsusi strukturların yetişməsini tələb edir.

Aia.Az vib.az-a istinadən bildirir ki, körpə gözünü açıb ətrafında ana, ata və digər doğmalarını görür. Ana hələ hamilə ikən bətnindəki körpəsi ilə danışır, onun necə gözlədiyini, onu necə sevdiyini bildirir. Körpə hələ doğulmayıb, amma artıq ana dilini, ana-ata səsini duyur, onları digər səslərdən seçə bilir. Doğulandan sonra bu bağlılıq davam edir, körpə ananın simasını yaxşı seçməsədə, onun nəvazişli səs tonu körpəyə əminlik hissi, sevildiyini sübut edir. İlk günlərdən başlayan bu psixoloji ünsiyyət, bir tərəfli monoloq kimi görünsə də, əslində oksitosin hormonunun təsiri altında körpə beynində vacib neyron əlaqələrinin qurulmasına səbəb olur. Ana körpə ilə danışır, körpə sakitləşir. Ananın fiziki mövcudluğu, emosional bağlılığı bu rabitənin davamlılığını təmin edir. Bu səbədən ananın gözdən itməsi, körpəni gec-gec qucağa alması, onunla soyuq davranması, uşaq tərəfindən bir stres, qorxu və həyacan kimi qəbul olunur.

Uşaq beyni sürətlə inkişaf edir. Artıq bir neçə aydan sonra biz körpənin gülüşünün şahidi oluruq. Bu hal o qədər bizi sevindirir ki, biz onun yenə və yenə təkrarlanmasını istəyirik. Artıq monoloq körpənin qığıldamağı, sizin səsinizə hay verməsi, ilk səsləri ilə dialoqa çevrilir. "Mən artıq səninlə danışıram, ana", mesajını ötürərək, körpənin ana və doğmaları ilə bağlılığını daha da artırır. Nitqin formalaşması üçün əhəmiyyətli olan bu anlar, sanki gələcəkdə dilin formalaşması üçün bir təməl qoyur. Yəqin ki, "ana dili" sözünün istifadəsi heç də təsadüfi deyil.

Harvard Universiteti Uşaq İnkişafı şöbəsinin direktoru Edvard Tronic (Dr. Edward Tronick) laborator şəraitdə "Cansız sima təcrübəsini" (Tronick's Still Face Paradigm) keçirir. Təcrübədə Doktor Edvard valideynlərdən öz uşaqları ilə həmişə olduğu kimi oynamağı xahiş edir. Sonra eksperimentatorun işarəsi ilə valideynlərin üzü donurdu, onların siması heç bir hiss ifadə etmirdi, sankı cansız kimi. Maraq doğuran uşaqların bu üz ifadəsinə olan reaksiyaları idi. Bir neçə saniyə uşaqlar hələ də gülərək ana və ya atanın onunla oynadığını zənn edirdilər, amma üzün dəyişməməsi, onlarda həyacan hissinin artmasına səbəb olurdu. Uşaqlar instinktiv olaraq, düşünmədən bu cür soyuqluğa etiraz edirdilər. Ananın üzünün ifadəsinin dəyişməsi, yenidən gülüb danışması uşağı sakitləşdirir, rahatlaşdırırdı.

Bu təcrübə ana (ata) ilə bağlılığın, emosional ünsiyyətin nə qədər körpələr üçün vacib olduğunu göstərdi. İndi siz bu neymətdən məhrum olan uşaqları düşünün.

Ailələrdə böyüyən, amma ana (ata) ünsiyyətindən məhrum olan neçə -neçə uşaqlar var. Onların ünsiyyətini əvəz edən televizor, digər elektron vasitələr uşaqların nitqini inkişaf etdirməyəcək. Ünsiyyət üçün emosiyalar, hisslər lazımdır. Təfəkkürün inkişafı nitqlə sıx əlaqədədir. Biri olmayınca, o birinin inkişafına nail olmaq çox çətindir.

Digər problem anaların lüğət ehtiyatlarının kasıb olması, ana kitab oxumayınca, ona meyl göstərməyincə, uşaqda həvəs haradan yaransın!? Uşaqlar öz inkişafında təqlid etmə mərhələsindən keçirlər. Bu dövrdə onlar ana və atanın hərəkətlərini təqlid etməyə çalışırlar və əgər analar seriallar arxasında oturub, bu cür öz lüğətini zənginləşdirirlərsə, onların uşaqlarının lüğət ehtiyatlarını təxmin etmək çətin deyil (bir variant olaraq, uşaq bağçaları və ya hazırlıq kursları bu məsuliyyəti üzərilərinə götürməzsələr).

Xatirimə Nobel mükafatı laureatı Kanada fizikı Ulliard Boyle gəlir. 14 yaşına kimi o təhsili evdə alıb. Öz nailiyyətlərini və uğurlarını anasının kömək və dəstəyi ilə külli miqdarda oxuduğu ədəbiyyat ilə bağlayır. Bu misal yeganə deyil, tanınmış elm adamlarının həyatını araşdırsanız, onların bu yolda məhz ədəbiyyat ilə maraqlanmaları, kitab oxumaqları olub. Bu körpünü yaradan isə analar olub. Analar onlarda həvəs oyaradaraq kitablara, elm almağa meyl yaradıblar.

Rus bölməsini bitirməyimə və xaricdə yaşamağıma baxmayaraq, ana dilinə olan sevgim heç vaxt azalmayıb. Bunun səbəbi təbii ki, Anamdır. Uşaqlıqdan eşitdiyim gözəl azərbaycan dili, azərbaycan mədəniyyətinə olan sevgim bu dildə danışmaq, yazmaq həvəsini daha da artırıb. İllər boyu uşaqların inkişafı ilə məşğul olub, onların hərtərəfli inkişafına yönələn kitablar tərtib etməklə məşğul olmuşam. Son çapdan çıxan "Məktəbə hazırsanmı? Nitq və təfəkkür inkişafı" kitabı cüzi olsa da bu istiqamətdə olan bir addımdır.

Hər bir kitab uşağa oyun şəklində təklif olunsa, uşaq valideynin həvəsini hiss etsə, onda da maraq oyanacaq. Amma əgər valideynlər uşaqla məşğul olmağı, ona kitab oxumağı bir vəzifə olaraq görüb, öz tərbiyə gündəliyində "quş" qoymaq üçün edirsə, bu maraq uzun çəkməyəcək. Valideyn uşağın həvəsləndiricisi, maraqlı səyahətdə bələdçisi olmalıdır. Fikirlərimi Abbas Səhhətin sözləri ilə bitirmək istərdim: "Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə tərbiyə tapdıq".



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024