Mobil versiya
Ermənilər Rusiyanın baş nazirinin müavinini niyə düşmən elan ediblər?
Tarix: 20-05-2016 | Saat: 13:23
Bölmə:Siyasət | çapa göndər

Ermənilər Rusiyanın baş nazirinin müavinini niyə düşmən elan ediblər?




Rusiya baş nazirinin müavini Dmitri Roqozin erməni lobbisinin hədəfindədir.

aia.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Dmitri Roqozinin Bakıya növbəti səfərini və ermənilərin bu şəxsə olan münasibətini şərh edərkən bildirib.



Onun sözlərinə görə, rusiyalı rəsmilər içərisində Azərbaycana ən çox səfər edən Dmitri Roqozindir: "Bu, Roqozinin Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyasının həmsədri olmasından irəli gəlir. O, İlham Əliyevlə görüşdə Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirdi. Roqozin Azərbaycana budəfəki səfərinin məqsədini iki ölkə arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi ilə izah etdi. Baş nazirin müavini hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparıldığını dedi. Prezident İlham Əliyev isə öz növbəsində Rusiya ilə əməkdaşlığın mövcud potensialının daha da artırılması üçün yaxşı imkanların olduğunu vurğuladı".



Ekspertin fikrincə, D.Roqozinin Bakıya tez-tez səfərlər etməsi Ermənistan hakimiyyətini və Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvələri narahat edir: "Aprel ayında cəbhə bölgəsində döyüşlər zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılandı. Buna cavab olaraq, Roqozin Ermənistandakı siyasi qüvvələrin demaqogiya ilə məşğul olduğunu dedi. Roqozin həm də bildirdi ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan bu silahı başqa ölkədən alacaq və Bakı həmin ölkə ilə müttəfiq olacaq. Başqa sözlə, Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edirdi".



Mərkəzin rəhbəri qeyd edib ki, Dmitri Roqozin bu gün də Ermənistanın və erməni lobbisinin əsas düşməni hesab edilir: "Çünki Bakı məhz Roqozinin vasitəçiliyi sayəsində Rusiyadan müasir silahlar alır. İrəvanın anlamadığı amil var. Roqozin Azərbaycanla əməkdaşlığı sayəsində Rusiyaya milyardlarla dollar qazandırır. Rusiya hakimiyyəti bu gəlirlərdən imtina etmək istəmir. Rusiya müdafiə sənayesinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır. Rusiya prezidenti Vladimir Putin son müşavirədə Roqozini "qalstukunu düzəlt" sözləri ilə tənqid etdi. Bundan əvvəl isə Rusiya kosmik gəmisinin uçuşunun bir gün ləngiməsinə görə də Roqozin tənqid olunmuşdu. Çünki Rusiyada kosmik sənayeyə də o cavabdehdir. Roqozinin son günlər rəsmilər və media tərəfindən tənqid olunması Ermənistanı və erməni lobbisini sevindirir. Onların fikrincə, bu tənqidlərdən sonra Putin Roqozini istefaya göndərəcək və bununla Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq".



E.Şahioğlunun sözlərinə görə, əslində Roqozin qatı rus millətçisidir, vaxtilə millətçi partiyanın yaradıcılarından biri olub: "Roqozin Qərbin siyasətini kəskin tənqid edənlərdəndir, amerikalı və avropalı rəsmiləri təhqirlərindən də çəkinmir. Bu mənada Roqozinin Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi onun praqmatik maraqlarından irəli gəlir. O, Rusiyanın gəlirini artırır. Ona görə də Putin bir gün Roqozini istefaya göndərsə belə, onun yerinə təyin olunacaq şəxs də Azərbaycanla hərbi əməkdaşlığı davam etdirəcək. Buna görə də İrəvanın və erməni lobbisinin vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Bakıda Rusiya baş nazirinin müavini Dmitri Roqozini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024