Mobil versiya
“Maşın bazarı “ölüb”, sadəcə “basdırmaq” qalır” FOTO
Tarix: 17-05-2016 | Saat: 11:38
Bölmə:Şou-biznes | çapa göndər




Avtomobil bazarında təklifin tələbi üstələməsi tendensiyası davam edir. BAKU.WS-in musavat.com-a istinadın verdiyi məlumata görə, hətta satıcılar bildirirlər ki, bu, son aylarda daha da dərinləşib.

Müşahidələrimiz nəticəsində onu da öyrəndik ki, ikinci əl avtomobillərin bazarı ilə avtosalonlardakı vəziyyət arasında oxşar və fərqli cəhətlər var. Hər ikisi alıcı sarıdan korluq çəkir, lakin ümumi problemləri yalnız bu deyil.

Uzun müddətdir, ikinci əl avtomobil alqı-satqısı ilə məşğul olan İbrahim musavat.com-a bildirdi ki, əslində avtomobil bazarı iki il öncədən ölüb: "Hazırda alıcılar demək olar ki, yoxdur. Uzun müddətdir ki, ikinci əl avtomobillərinin satışı ilə məşğulam. Hələ bu cür vəziyyət olmayıb. Alıcı heç yoxdur. İki il öncədən avtomobil bazarında satış səviyyəsi aşağı düşüb. Manatın birinci devalvasiyasından sonra bu, bir qədər də aşağı düşdü. İkinci devalvasiyadan sonra isə ümumiyyətlə deyərdim ki, satış yox səviyyəsindədir. Bu bazarın hələ də ayaqda durmasının bir səbəbi var ki, satıcılar mövcud vəziyyəti qəbul etmirlər. Hesab edirlər ki, vəziyyət düzələcək. Lakin növbəti ay, əvvəlkindən aydan pis gəlir”.

Satıcının sözlərinə görə, qiymətlərdə artım yoxdur: "Elə model var ki, qiymətində 500 manat artım var. Avtomobil üçün 500 manat bahalaşma qiymət artımı sayılmır. İkincisi də lap qiymətləri artırsaq da alıcı yoxdur axı... Qiymətlər avtomobillərin ilinə görə dəyişir. Adətən yolsuzluq şəraitinə uyğun olan iri avtomobillərin qiymətləri daha aşağıdır. Ekonom klassların isə qiymətində müəyyən qədər artım var. Bu isə bizdən asılı olan səbəb deyil. Avtosalonlarda da yanacağa qənaət edən avtomobillərin qiymətlərində artım var. Ancaq ümumilikdə, deyərdim ki, ikinci əl avtomobil bazarında vəziyyət alıcı baxımdan çox pisdir. Buna görə də hansı model avtomobilin qiymətinin neçə olması heç nəyi dəyişmir”.

Elə biz də satıcılarla söhbət etdiyimiz zaman bir nəfər də olsun, avtomobil almaq istəyənə rast gəlmədik. Daha sonra Babək prospektində yerləşən bir neçə avtosalonda olduq. Öyrəndik ki, avtosalonların problemlərindən ən başlıcası, banklar tərəfindən son zamanlar avtokreditlərin dayandırılmasıdır.

"KİA Motors”dan bildirdilər ki, onlar son aylarda avtomobilllərin qiymətində heç bir artıma getməyiblər. Qiymətlər manatın ikinci devalvasiyasından sonra təyin olunan rəqəmlərlə eynidir. Lakin bildirdilər ki, artıq avtokreditlərin tamamilə dayandırılması satışa ciddi təsir edib.

Eyni zamanda onu da qeyd edək ki, avtokreditin olduğu ötən aylarda belə, alıcı modelin qiymətinin yarısını ilkin ödəniş kimi ödədikdən sonra onu kreditlə ala bilərdi. Hazırda isə bu da mümkün deyil. Lakin salondan bildirdilər ki, yaxın günlərdə kredit sistemi yenidən bərpa olunacaq.

Öyrəndik ki, burada da ən çox tələbat yanacağa qənaət edən avtomobillərədir. Elə manatın birinci devalvasiyasından öncəki qiymətlərlə müqayisədə ən çox bahalaşan da məhz bu avtomobillərdir.

Misal üçün hazırda avtosalonlarda "KİA cerato” 21.900 AZN, "KİA rio” 19.000 AZN-dir. İkinci əl avtomobillərdə isə qiymətlər ilə görə dəyişir. Misal üçün 2011-ci il ikinci əl "KİA sorento” 9.700 AZN, eyni ilin ikinci əl "KİA optima” modeli isə 14. 200 AZN-dir.

Eyni hal digər markalara da aiddir. Misal üçün "Chevrolet cruze” 26.000 AZN, "Hyundai elantra” isə 30.900 AZN-dən başlayan qiymətlə satılır. Qiymətlərin aşağı və ya yuxarı olmasından asılı olmayaraq, burada da heç bir müştəriyə rast gəlmədik.

Avtomobil bazarındakı mövcud durumla bağlı iqtisadçı ekspert Qubad İbadoğlu musavat.com-a bildirdi ki, növbəti illərdə ikinci əl avtomobillərin qiymətində artım olacağı gözlənilmir: "Yalnız maşın bazarı üçün deyil, iri alış-verişlər üçün xarakterik olan iqtisadi tendensiya var. Bu da ondan ibarətdir ki, həmin bazarlarda durğunluqdur və alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Maşın bazarının da bu vəziyyətdən çıxması üçün təbii ki, ilk növbədə iqtisadiyyatda canlanma, biznesdə aktivlik olmalıdır. İnsanların gəlirləri artmalıdır. Bu, baş vermədiyi halda ölkədə həm də iri əmlakın alış-verişi istiqamətində yalnız təklif çoxaldığı üçün qiymət aşağı düşməli idi. Ancaq təəssüflər olsun ki, buradakı spekulyativ fəaliyyətlər qiymətin ucuzlaşmasına imkan vermədi. Yeni avtomobillərin qiymətinin yüksək olması buraxılış ili və manatın devalvasiyası ilə əlaqəlidir. Lakin növbəti illərdə bu maşınların ikinci əl avtomobil bazarında qiymətlərinin yüksək olacağını düşünmürəm. Bir müddətdən sonra bazar öz təbii qiymət səviyyəsinə gələcək və tarazlaşma müşahidə olunacaq. İnanmıram ki, ikinci əl bazarında qiymət artımı olsun. İqtisadi amillər bunu deməyə əsas verir ki, bazar ucuzlaşmaya meyllidir”.\











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024