Mobil versiya
“Uşağım yemir”, - deyən analara: bu, bir xəstəlikdir
Tarix: 13-05-2016 | Saat: 14:25
Bölmə:Səhiyyə | çapa göndər




"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın məqaləsini təqdim edir.

Analar uşaq dünyaya gəldiyi andan onların yemək və gigiyenik normalarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə onları zorla yedirirlər. Sevgisini körpəsini çox yedizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək, əziyyət verən ana və yeməkdən qaçan uşaq obrazına çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırır, heç biri təsir etməsə, ən sonda yerə uzadaraq qaşığı zorla ağzına salmağa cəhd edir. Amma bu, heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya adlı klinik-psixoloji problemin başlanğıcı ola bilər.

Anoreksiya əsasən uşağın 14-15 yaşlarında müşahidə olunsa da, artıq son illər bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə, orqanik patalogiya - yuxusuzluq və halsızlıq müşahidə olunmur.

Yemək zamanı ana başda olmaqla, ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib, hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla, digər ailə üzvlərinə - nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə, ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə, yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır.

Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də, bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin, əsasən anaların narahatlığı daha çox artır.

Uşaqlarda bu, əsasən 6-cı aydan sonra müşahidə olunmağa başlayır. Uşaqlara zorla yedizdirməyə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.
Körpənin 2 yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə, bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə paralel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa, farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır.


Yedizdirmə zamanı nələrə diqqət edilməli:


1. Verilən yemək uşaq tərəfindən imtina olunarsa, məcbur edilmədən digər yeməyə keçilməlidir.

2. Yemək az miqdarla başlanmalıdır.

3. İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.

4. Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.

5. Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.

6. Heç bir halda zorla yedizdirilməməlidir.

7. Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır.


Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınız əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə, bu, terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analar müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanın yenidən yaranması üçün şərait yaradır.

Sonda isə, əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana-atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Problem nə qədər uzun müddət davam edərsə, bu, ailə münasibətlərinizi bir o qədər zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır.

“Uşağım yemir”, - deyən analara:



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024