Mobil versiya
"Əgər ilk illərdən Heydər Əliyev hakimiyyətdə olsaydı,
Tarix: 10-05-2016, 10:07 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

"Əgər ilk illərdən Heydər Əliyev hakimiyyətdə olsaydı,


"1987-ci ildə Heydər Əliyev tamamilə əsassız olaraq bütün vəzifələrdən kənarlaşdırıldı. Bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər".

Aia.az-in məlumatına görə, bunu prezident İlham Əliyev mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış edərkən söyləyib.

Dövlət başçısı bildirib ki, Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.

"Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu. Onun qurub-yaratdığı vəziyyət dağılırdı. O, burada rəhbər vəzifədə işləyəndə mütəmadi qaydada Dağlıq Qarabağa səfərlər etmişdi - Xankəndiyə, Şuşaya. Mən də o səfərlərin canlı şahidiyəm, iştirakçısıyam. Heç bir amil onu göstərmirdi ki, orada separatçı meyillər güclənə bilsin. Yəni, bu, süni şəkildə ortaya atılmış bir təxribat idi. Əfsuslar olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır.

Azərbaycan xalqına qarşı növbəti təxribat 1990-cı ildə törədilmişdir - Qanlı Yanvar cinayəti. Günahsız insanlar öldürülmüşdür, qətlə yetirilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir. Heydər Əliyev dərhal öz səsini ucaltdı. Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir.

Təbii ki, ondan sonra ona qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası başlamışdır. Ancaq bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilməmişdir. O, bu hadisələrə etiraz olaraq, uzun illər, onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxmışdır. Bakıya qayıtmışdır. Çünki artıq Moskvada yaşamaq təhlükəli idi. Əfsuslar olsun ki, Bakıda da yaşamağa imkan verməmişlər və doğulduğu yerə - Naxçıvana üz tutmuşdur. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşamışdır. İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki mən hesab edirəm ki, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvanda başlamışdır. Çünki Heydər ƏIiyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı - bizim dövlət bayrağımız Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir. O vaxt hələ Sovet İttifaqı yaşayırdı və yenə də deyirəm, Sovet İttifaqının dağılması haqqında bəlkə də çoxları heç fikirləşmirdi".

Prezident qeyd edib ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı. Siyasi böhran iqtisadi böhranla tamamlanırdı: "Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Ermənistanın işğalı alovlanırdı, genişlənirdi, torpaqlarımız işğal altına düşürdü. Şuşa, Laçın, ondan sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yaranmışdı. Belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi. Onu hakimiyyətə dəvət etdi və ümidləri ancaq ona bağlayırdı. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. Öz xalqına rəhbərlik etməyə razılıq vermişdir. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu.

Ondan sonrakı dövr - 1993-2003-cü illəri əhatə edən dövr inkişaf, sabitlik dövrü olmuşdur. Azərbaycanda siyasi sistem formalaşmışdır. Konstitusiya qəbul olunmuşdur. Azərbaycan dünyaya öz imkanlarını təqdim etmişdir. "Əsrin kontraktı” imzalanmışdır. Sonra isə "Şahdəniz” qaz yatağının işlənməsi üzrə kontrakt imzalanmışdır. Demokratik islahatlar aparılmağa başlanılmışdır. Məhz o illərdə milli ideologiyamız - Azərbaycançılıq məfkurəsi formalaşmışdır ki, bu gün də bütün Azərbaycan xalqını birləşdirir. Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlanmışdır. Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur.

1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin".

Aia.az



5405 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031