Mobil versiya
Kürdəmirdə səhiyyə problemi nazirliyi də narahat edir... Görünəni budur...
Tarix: 06-05-2016 | Saat: 14:44
Bölmə:Manşet | çapa göndər



Kürdəmirdə səhiyyə problemi nazirliyi də narahat edir...
Artıq uzun müddətdir ki, bzimdovr.az-a Kürdəmirdən daxil olan şikayət məktublarında bu rayonun səhiyyə sistemində müşahidə olunan neqativ hallardan, rayon sakinlərinin bu sahədə üzləşməli olduqları çoxsaylı problemlərdən bəhs edilir. Bu xüsusda aldığımız açıqlamalarda vurğulanır ki, bu gün Kürdəmirin istisnasız olaraq bütün tibb müəssisələrində Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Məhəmməd Musayevin qoyduğu xüsusi qayda və qanunlara riayət olunur. Əlbəttə, ilk baxışda çoxları bunu hardasa normal hal kimi qəbul edə bilərlər. Yəni, əgər Məhəmməd Musayev rayonda bu sahəyə rəhbərlik edirsə, deməli bütün müəssisələrdə də onun sözü eşidilməlidir. Bəs əgər bu qaydalar ölkə qanunları ilə ziddiyyət təşkil edirsə, onda necə olmalıdır? Bax elə bu gün Kürdəmir səhiyyəsində yaşanan bütün problemlər də məhz elə bu əsasla yaranır.

Artıq qeyd olunduğu kimi, bu gün Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır. RMX-nın baş həkimi isə, bütün bu müəssisələri də, orada çalışan kollektiv üzvlərini də birbaşa özünün maraqlarına tabe etdirməyi bacarıb. Bu maraqlarsa, rayon sakinlərinin və əlbəttə ki, ilk növbədə xəstələrin maraqları ilə qətiyyən uzlaşmır. Maraqlıdır ki, Məhəmməd Musayevin özbaşınalıqlarından təkcə xəstələr deyil, həm də əksər tibb işçiləri narazılıq ifadə edirlər. Səbəb isə budur ki, baş həkim davamlı olaraq tabeliyində çalışan insanlardan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Aldığımız məlumatlarda vurğulanır ki, rayonun bütün tibb müəssisələrində Məhəmməd Musayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur.

Digər tərəfdən də, rayonun xüsusən kənd xəstəxanaları və ambulator müəssisələrində ən adi sanitar qaydalarına belə riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, baş həkim həmin müəssisələrdə real işləyən sanitar və texniki personalın sayını azaldaraq, belə vəziyyətin yaranmasına yol açır. Məqsəd isə, həmin ştat vahidlərində “ölü canlar”ın saxlanması və bu yolla da əlavə gəlirlərin əldə olunmasıdır.

Həmçinin aldığımız məlumatlarda rayon sakinlərinin xüsusi narazılığını doğuran əsas məqamlardan birinin də, Kürdəmirin səhiyyə müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlı olduğu göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Açıqiamalarda vurğulanır ki, mərkəzi xəstəxanada, eləcə də rayonun digər tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.

Beləliklə, müxtəlif mənbələrdən aldığımız məlumatlarda bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktların müşahidə olunduğu öz təsdiqini tapmaqdadır. Bütün bunlara rəğmən isə, ölkənin Səhiyyə Nazirliyi tərəfindən bu neqativ halların aradan qaldırılması istiqamətində hələ də konkret addımlar atılmır.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024