Mobil versiya
Dövlət işə qarışdı - Bakıda tikinti dayandırıldı
Tarix: 06-05-2016 | Saat: 11:37
Bölmə:Gündəm | çapa göndər

Dövlət işə qarışdı - Bakıda tikinti dayandırıldı

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı monitorinqləri davam etdirir.

Aia.az lent.az-a istinadən bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların istifadəsi və mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri tərəfindən Bakı və regionlarda torpaq monitorinqlərinin keçirilməsi davam etdirilir. Xatırladaq ki, Azərbaycan prezidentinin müvafiq fərman və sərəncamları ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.

Budəfəki monitorinqlər torpaqların təyinatına zidd olaraq istifadəsi və zəbt olunması, qanunsuz hasarlanması, özbaşına tikintilərin aparılması və torpaq münbitliyinin korlanmasının qarşısının alınması ilə bağlı olub. Belə ki, Abşeron və Bakının Xəzər rayonunda həyata keçirilən monitorinqlər nəticəsində belə hallar aşkar edilib və qanunauyğun qaydada qarşısı alınıb. Məlum olub ki, Abşeron və Xəzər rayonunun müxtəlif ərazilərində 59 hektara yaxın torpaq sahəsi müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq hasarlanıb, bəzisində təyinatına zidd olaraq tikinti işləri aparılıb. Bəzi hallarda vətəndaşlar və ya hüquqi şəxslər tərəfindən onlara məxsus torpaq sahəsinə dair hüquqi sənəddə göstərilən ölçülərdən əlavə olaraq həmin torpağın ətrafındakı sahələr də qanunsuz zəbt olunur. Zəbt olunmuş belə torpaqlarda özbaşına tikintilər aparılır və ya təyinatına zidd başqa məqsədlər üçün istifadə edilir. Belə ki, monitorinqlər zamanı aşkar olunub ki, sənədlərdə göstərilən ölçülərdən əlavə 9 hektara yaxın torpaq sahəsi zəbt edilib və tikinti işləri aparılıb. Budəfəki monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.

Qeyd edək ki, belə tədbirlər torpaqların məqsədli dövriyyəsinə qaytarılması məqsədi daşıyır. Nəticədə belə sahələr yenidən iqtisadi dövriyyəyə qaytarılaraq gəlir mənbəyinə çevrilir.

Xatırladaq ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir. Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.

Bu il ərzində məhz qeyd olunan halların aradan qaldırılması ilə bağlı bir çox torpaq reydi və monitorinqləri keçirilib. Respublika üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib. Bununla bağlı inzibati tənbeh vermə haqqında 170 qərar qəbul edilib. 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı inzibati protokol tərtib edilib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024