Mobil versiya
Evlilikdə ideal yaş fərqi neçə olmalıdır?
Tarix: 05-05-2016 | Saat: 16:03
Bölmə:Seçilənlər-6 | çapa göndər



Günümüzdə aralarında böyük yaş fərqi olan nikahların sayı artmaqdadır. Belə evliliklərdə, əsasən, kişilərin yaşının qadınlardan xeyli çox olduğu müşahidə olunur. Ancaq qadınların da özlərindən yaşca kiçik olan kişilərlə izdivac qurduqları hallar artmaqdadır. Belə nikahlar cəmiyyətdə heç də birmənalı qarşılanmır və müxtəlif fikirlərin yaranmasına səbəb olur.

Fizioloji yoxsa psixoloji yaş?

Həkim-psixoloq Xəyalə Məmmədova açıqlamasında deyir ki, cəmiyyətdə yaşla birlikdə insanların şəxsiyyət kimi formalaşdığı fikri formalaşıb. Ancaq bunu etalon olaraq doğru qəbul etmək yanlış olardı. Evlilikdə önəmli olan kişi və qadının fizioloji yaşı deyil psixoloji xüsusiyyətləridir. Hər iki tərəf ilk öncə psixoloji tərəfdən evliliyə hazır olmalıdır. Bu xüsusiyyətləri isə yaş deyil, tərbiyə aldığı ailə, təhsil və cəmiyyət müəyyənləşdirir. Bəzən eyni yaşda olan ər-arvadın birinin uşaq xarakterli, digərinin isə tam yetişmiş insan olduğunu müşahidə etmək olar. Ancaq böyük yaş fərqi olan nikahlarda cütlər arasında uyuşmazlıq daha çox yarana bilər.

İdeal yaş fərqi

X.Məmmədovanın sözlərinə görə, evlilikdə kişinin qadından yaşca böyük olması normal qarşılanır. Bunun səbəbi isə kişinin psixoloji olaraq nikaha hazır olması və ailənin məsuliyyətini daha yaxşı dərk etməsidir. Qadınlar isə daxilən kişilər tərəfindən qorunmağı tərcih edirlər. "Evlilikdə ideal yaş fərqi neçə olmalıdır?" sualına birmənalı cavab vermək çətindir. Burada cəmiyyət və cütlər arasındakı münasibətlərdən çox şey asılıdır. Ümumilikdə götürsək, cəmiyyətimizdə kişinin qadından böyük olması tendensiyası mövcuddur. Mütəxəssislər də evlilkdə ideal yaş fərqinin kişinin qadından 3-5 yaş böyük olması fikri qənaətindədir. Hər yaşda fərqli dünyagörüşü, psixologiya və istəklər mövcuddur. Yaş fərqi artdıqca bu xüsusiyyətlər də dəyişəcək və nəticədə ailədə söz-söhbətlər yaranacaq.

Yaş fərqinin doğurduğu problemlər

Sosioloq Sərhad Əliyevin dediyinə görə, aralarında 15-20 yaş fərqi olan insanlar arasındakı nikahlarda isə vəziyyət bir qədər dəyişir. Burada tərəflərin düşüncə tərzi və dünyaya baxışı arasında kəskin fərq tədricən mənfi istiqamətdə inkişaf edir. Uşaq dünyaya gəldikdən sonra isə ər və arvadın onu öz düşündüyü kimi tərbiyə etməyə çalışması da münaqişələrin yaranmasına gətirib çıxarır. Digər tərəfdən belə cütlüklər arasındakı münasibətlərin bir çox hallarda maddiyata dayanması da gələcəkdə ciddi problemlərin ortaya çıxmasına səbəb olur.

Yaş fərqinin doğurduğu problemlər

Evlilikdə yaş fərqinin böyük olmasının doğurduğu problemləri bir neçə başlıq altında izah etmək olar:

Dialoq qura bilməmək: Yaş fərqinin böyük olması səbəbindən həyata baxış tərzinin fərqli olması və bir-birini anlamamaq. Təbii ki, 20 yaş böyük olan insan mövcud vəziyyəti daha yaxşı dərk edəcəyini, problemi ondan yaxşı heç kimin həll edə bilməyəcəyini düşünərək həyat yoldaşının fikrinə önəm verməyəcək. Belə evlilikdə ən çox rastlanan vəziyyət məhz özündən kiçik yaşlı həyat yoldaşının düşüncələrinə laqeyid yanaşmaq və onu saymamaqdır. Bunun nəticəsində də qarşı tərəf özünə güvəni itirir, özünü tənha hiss edir, psixoloji problemlərlə üz-üzə qalır.

Fiziki cəhətdən fərqlilik: Yaş fərqi böyük olan cütlüklərin fiziki görkəmlərinin fərqli olması qaçılmazdır. Məsələn, 18 yaşındakı qız gənclik dövrünü yaşarkən, 37 yaşlı kişi artıq o dövrü keçmiş sayılır. Bu vəziyyətdə gənc qızın həyatda daha aktiv olduğu müşahidə edilsə də, digər şəxsdə bu hiss edilmir. Burada əsas məqam, kişinin aktiv olmamasının yanlış olaraq təmbəllik və məsuliyyətsizliklə əlaqələndirilməsidir. Bu isə yersiz ittihamlara tab gətirməyən kişinin etirazına səbəb olacaq və ailədə söz-söhbət yaranacaq. Digər tərəfdən yaşca böyük olan kişi qadından güclü olduğu üçün onu qane etməyən vəziyyətlərdə hər zaman zor tətbiq etməyə meylli olur və bu da ailədaxili zorakılığın yaranmasına gətirib çıxarır.

Adaptasiyanın pozulması: Gənc yaşlarında həyatlarını birləşdirməyə qərar verən tərəflər müəyyən vaxt ərzində bir-birinə uyğunlaşmağı və güzəştə getməyi bacarırlar. Necə deyərlər, “insan kiçik yaşda ikən yeni əkilmiş ağaca bənzəyir və bu dövrdə onu istənilən formaya salmaq mümkündür. Ancaq böyüyüb ağac olduqdan sonra onu heç bir tərəfə əyə bilməzsən”. Müəyyən yaş həddindən sonra isə cütlüklər arasında fikir ayrılığı yaranır və bəlli bir müddətdən sonra porblemlər yaranmağa başlayır.

Şübhələr: Cütlüklər arasında yaş fərqinin çox olması nəticəsində bəzən heç bir əsas olmadan bir-birini aldatmaqda və xəyanətdə günahladırması da acı bir gerçəkdir. Təəssüf ki, ailədə bu cür abı-havanın hökm sürməsi boşanma və digər xoşagəlməz nəticələrlə yekunlaşa bilər.

Cinsi münasibət: Evlilikdə əsas məqamlardan biri də cütlüklərin fiziki ehtiyaclarının ödənməsidir. Belə ki, intim həyatın ailənin davamlı və uzunömürlü olmasındakı rolu vacib amillərdəndir. Ancaq yaş fərqinin çox olması təbii olaraq tərəflərdən birinin bu ehtiyacı daha az hiss etməsinə səbəb olduğu üçün dolayısı ilə qarşı tərəfin təmin olunmaması ilə nəticələnəcək. İlk baxışda elə də ciddi görünməyən bu problem sonradan bir çox ailənin dağılmasına səbəb olur.

Vaxtını boş yerə sərf edənlər

Sosioloq deyir ki, evlənməyə hazırlaşan cütlüklərin yaş, təhsil, həyata baxış tərzi, maddi vəziyyət kimi amillərin gələcəkdə problem olmaması üçün bir-birini olduğu kimi qəbul etməsi, fərqliliklər yerinə ortaq nöqtələrini ön plana çıxararaq bir araya gəlmələri məqsədəuyğundur. Çünki həyat yoldaşı seçimində insanın yüz faiz öz xasiyyətinə uyğun birini tapması mümkün deyil. Belə axtarışda olanlar vaxtını boş yerə sərf etmiş və evlilik karvanını qaçırmış olar. Burada önəmli olan bənzərliklərlə yanaşı, müsbət davranışların çox olmasıdır. Ümumilikdə götürsək, tərəflər arasında 70-80 faiz uyğunluq varsa, evlənmək üçün qərar vermək mümkündür. Ancaq hər iki şəxs onu qane etməyən bəzi davranışların problem yaratmayacağı ilə bağlı razılığa gəlməlidirlər. Əgər insanlar arasında kəskin fikir ayrılığı varsa, qurulan ailənin davam etməsi çox da uzun çəkməyəcək.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024