Mobil versiya
Ermənistan ordusunda ciddi dəyişikliklər olacaq
Tarix: 27-04-2016 | Saat: 21:48
Bölmə:Siyasət | çapa göndər

Ermənistan ordusunda ciddi dəyişikliklər olacaq







"Ermənistan ordusunda hələ çox və ciddi dəyişikliklər olacaq. Çünki əsas məsələlələrdən biri də odur ki, müdafiə naziri Seyran Ohanyan deyirdi ki, mən Azərbaycan ordusuna qarşı elə bir sədd yaratmışam ki, onu keçmək mümkün deyil. Amma cəbhədə son hərbi əməliyyatlar göstərdi ki, bu müdafiə xətti iflasa uğradı. İndi isə sual doğur ki, bundan sonra ordudan daha kimi uzaqlaşdırıb, kimi dəyişəcəklər. Hələlik prezident Serj Sarkisyan Ohanyanı dəyişdirə bilmir, çünki onu dəyişsə, ardınca özü də istefaya getməlidir. Ona görə də hələlik canlarını 3 generalı qurban verməklə qurtarmaq istəyirlər".

Bunu AIA.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.



Onun sözlərinə görə, cəbhə xəttində aprelin əvvəlindəki 4 günlük hərbi əməliyyatların nəticəsində Ermənistanda siyasi-hərbi böhran yaşanır: "Siyasi böhran nədə ifadə olunur? İlk növbədə, əhali prezident Serj Sarkisyana qarşı ayağa qalxıb. Çünki idarəçilik zəifdir, iqtisadiyyat dağılıb, hərbi sahədə də böyük səhvlər var. Bunun qarşısını almaq hakimiyyət əks tədbirlər görməyə çalışır. Hakimiyyət elan edir ki, guya camaat Qarabağla bağlı danışıqlara getməyin əleyhinədir. Sarkisyan bəyanat verdi ki, biz bu şəraitdə danışıqlara gedə bilmərik. Bununla o, öz mövqeyini gücləndirmək istəyir".



E.Ələsgərovun fikrincə, məsələnin hərbi tərəfinin kökündə duran isə odur ki, Ermənistan son döyüşlərdə məğlubiyyətə uğrayıb. Bunu Rusiya, Azərbaycan, hətta Ermənistandan olan hərbi ekspertlərin də yekdil rəyi təsdiq edir. Ona görə də bunun günahını kiminsə boynuna atmaq lazım idi: "Uğursuzluğun əsas səbəbkarları, təbii ki, prezident Sarkisyan və müdafiə naziri Seyran Ohanyandır. Lakin "Qarabağ erməniləri" klanı diqqəti özlərindən yayındırmaq üçün əvvəlcə bəzi məlumatlar yaydılar, sonra da bir neçə generalı ordudan xaric etdilər.

Əvvəlcə onlar dedilər ki, guya xəbərləri olmadı ki, belə bir əks-hücum əməliyyatı həyata keçirilə bilər. Ona görə də hərbi kəşfiyyatın rəhbərini vəzifədən kənarlaşdırdılar. Lakin bu tezis çox yanlışdır. Çünki ermənilər bilirdilər ki, Azərbaycan Ordusu gec-tez onları cəzalandıracaq. Sadəcə, kimisə rəhbərlikdən uzaqlaşdırmaqla bu məsələni ört-basdır etməyə çalışdılar.



İkincisi, dedilər ki, cəbhə xəttində postlar arasında rabitə olmayıb. Buna görə də rabitəyə məsul generalı qovdular.

Üçüncüsü isə, təchizat məsələlərinə baxan general vəzifədən azad edildi. Məlum oldu ki, ermənilərdə yetəri qədər tibbi ləvazimat olmayıb. İtkilər, yaralılar çox, dava-dərman təchizatı isə bərbad olub. Bu da çoxlu yaralının ölümünə gətirib çıxarıb".



Ümumiyyətlə, ekspert hesab edir ki, Ermənistan ordusu korrupsiyalaşmış quruma çevrilib: "1-ci Qarabağ savaşından sonra ermənilərin hərbi sisteminin rəhbərliyi Azərbaycanın şəhər və kəndlərini talan etməklə, azərbaycanlıların mal-mülkünü, muzeylərdəki qiymətli eksponatların hamınısı oğurlayıb mənimsəməklə çox varlandılar. Onlar bundan, sözün hər iki mənasında, şişdilər. Ötən illər ərzində isə Ermənistan ordusu tamamilə korrupsiyalaşmış quruma çevrildi. Ermənistan generalları Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdə narkotik qaçaqmalçılığından tutmuş, tikinti materiallarının oğurluğunadək məsələlərlə məşğul olurlar. Ordunun belə vəziyyətdə olması Ermənistan müxalifətinin də əsas tənqid hədəfinə çevrilib. Müxalifət iddia edir ki, korrupsiya bütün dövlət qurumlarını, xüsusən də ordunu əhatə edir. Çünki Sarqsyanın özü də vaxtilə ordunun komandanlığında olub və oradakı şəxslər də onunla birbaşa əlaqəlidirlər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024