Mobil versiya
Moskva İrəvanı savaşa hazırlayır
Tarix: 26-04-2016 | Saat: 17:18
Bölmə:Karusel | çapa göndər


Serj Sarkisyan hər an müharibənin başlaya biləcəyi anonsunu verib.

Sarkisyan sülh danışıqları zamanı ordularını da gücləndirdiyini deyib. Son günlər cəbhədə vəziyyət yenidən gərginləşib. Dünən gecə saatlarından başlayaraq ermənilər Tərtərdə olan yaşayış məntəqələrimizi iri çaplı silahlardan atəşə tutublar.

Bir yandan sülh danışıqlarının getdiyi bəyan edilir, digər tərəfdən də cəbhədə döyüşlər davam edir. Rusiyanın sülh, yoxsa müharibə istəməsi isə hələ də anlaşılmaz olaraq qalır. Politoloq Qabil Hüseynli cəbhədə gedən döyüşlər, sülh danışığı və Rusiyanın mövqeyi barədə danışıb:

"Sarkisyan indi dünyaya meydan oxumağa başlayıb, amma döyüşlər gedəndə bütün dünyaya çağırış etdi ki, atəşkəs elan olunsun və bölgədə müharibə dayandırılsın. Azərbaycan da birtərəfli qaydada bu müharibəni dayandırdı. Azərbaycan müharibəni davam etdirsə idi, ordumuz düz Ermənistan sərhədlərinə qədər gedib çıxa bilərdi. Bundan sonra rusların mövqeyi də çox qəribə görünməyə başlayıb. Atəşkəs rejiminin bərpa edilməsi üçün Rusiya dəridən-qabıqdan çıxdı. Atəşkəs rejimi əldə edildikdən sonra Putin bəyan etdi ki, o artıq hər gün Dağlıq Qarabağ problemi ilə məşğul olacaq, bu problemin qısa müddətdə sülh sazişi ilə nəticələnməsi üçün bütün qüvvəsini sərf edəcəyini bildirdi. Lavrov İrəvana gələndə onun mətbuat xidmətinin rəhbəri təntənəli surətdə bəyan etdi ki, Lavrov "əlidolu" gedir və oradan da Bakıya gedəcək. Lavrov isə Ermənistanda Ağrı dağının şəklini çəkdi və bundan ləzzət aldığını söyləyərək Azərbaycanın və Türkiyənin hisslərini təhqir etdi, üstəlik Türkiyəni bölgədə müharibəni qızışdırmaqda ittiham edib, Bakıya gəldi.

Danışıqların pərdəarxası tam bəlli deyil. Başa düşülən odur ki, hazırda sülh danışıqlarından çox, Ermənistanın silahlandırılması və yeni bir müharibə alovunun başlaması üçün lazım olan şərtlərin yetişdirilməsi prosesi gedir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İravanda iclası keçirildi. Orada da qəbul edilən qərarlardan biri o oldu ki, Ermənistanın silahlara ehtiyacı var, Ermənistanı sürətlə silahlandırmaq lazımdır. Bu azmış kimi Ermənistanda üçüncü Rusiya bazasının açılması barədə Lavrovla Sarkisyan arasında razılaşma əldə edildi. Ermənistan o qədər militaristləşdirilib ki, kiçik bir ölkədə silah qoymağa yer tapılmır. Ermənistana yeni silahlar göndərilir. Artıq "Miq-29" təyyarəsinin göndərilməsi, bir neçə helikopterin və raketlərin göndərilməsi haqqında məlumatlar var. Sarkisyan da bunlara əsaslanaraq bildirir ki, biz müharibəyə hazırıq. Rusiya sözün əsl mənasında Ermənistanın əksiklərini aradan qaldırmaqla, rəsmi İravanı yeni müharibəyə hazırlaşdırır. Putin özündən müştəbeh halda bildirir ki, biz heç kimi qırmızı xətti keçməyə qoymayacağıq. Qırmızı xəttləri dostlar üçün yox, düşmən gözündə gördüyü ölkələr üçün nəzərdə tutur. Bunu da tez-tez deməkdən çəkinmirlər ki, Ermənistan bizim strateji müttəfiqimiz, Azərbaycan isə strateji tərəfdaşımızdır. "Xala xətrin qalmasın" deyə, strateji sözünü Azərbaycanla münasibətlərə də şamil edirlər. Çox paradoksal vəziyyət yaranıb.

Qərbin müəyyən dairələrinin susması da təəccüb doğurur. Almaniya prosesdə çox fəallıq etdi. Erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını təkidlə bildirdi. ABŞ-da eyni mövqedən çıxış edib, sülh prosesinin vacibliyini qeyd etdi. Mövcud vəziyyətdə Azərbaycan diplomatiyası fəal hücuma keçməlidir, ən azı ABŞ və Almaniya ilə fəal əlaqələrə girməlidirlər.

İşğalçı torpaqlarımızı tutub və bildirir ki, lazım gəlsə, müharibə edib yeni torpaqlar da tutaram. XXI əsrdə belə bir təfəkkür tərzinə yer qalıbsa, buna bütün dünya etiraz etməlidir. Beynəlxalq təşkilatlar işə qarışmalıdır. BMT-nin Təhlükəsizlik Şurası mövcud vəziyyəti müzakirə etmək üçün ən münasib yerlərdən biridir. Burada Ermənistanı təcavüzkar dövlət kimi adlandırıb, ona qarşı sanksiyaların tətbiq edilməsi haqqında qərar çıxarılmalıdır. Rusiya buna veto qoysa da, bundan əvvəlki 4 qətnamədə səslənmiş fikirlər yeni bir qətnamədə, yeni reallıqları da özündə əks etdirməklə qəbul edilməlidir.

Çox maraqlıdır ki, müharibə olanda dovşan kimi qaçan ermənilər, indi Rusiyanın yardımı ilə özlərinə gəldikdən sonra yenə də Qarabağda at oynatmağa başlayıblar. Hər gecə atəşkəs rejimini pozurlar. Ağır müharibə prosesi gedir. Ən qəribəsi də odur, heç kəsi inandırmaq olmur ki, atəşkəs rejimini pozan ermənilərdir. Aprelin 23-dən 24-ə keçən gecə qondarma soyqırım günü ermənilər hətta tank qoşunları ilə hücuma keçmək istəyirdilər. Ordumuz onların tankını vurduqdan sonra sakitləşdilər.

Ermənilərin nəzarətində hələ də strateji yüksəkliklər qalıb. Onlar oradan dinc əhalimiz yaşayan ərazilərimizi atəşə tuturlar. Son zamanlar Rusiyadan gətirilən raketlər vasitəsi ilə Azərbaycanın ən ucqar nöqtələrinə belə atəş açmaq mümkün ola bilər. Azərbaycanın da əlində çox güclü silahlar var. Biz müharibənin miqyasını genişləndirmək, bölgədə dağıdıcı bir müharibənin qarşısını almaq üçün sadəcə əlimizdə olan silah potensialının cüzi bir hissəsindən istifadə edib düşməni susdururuq. Ermənistanın istənilən bir nöqtəsini vura biləcək silahlara malikik. Bizi Mingəçevir SES-lə təhdid edən generallara xatırlatmaq istəyirəm ki, Metsamor Atom Elektirk stansiyasını sıradan çıxara biləcək həm canlı qüvvə, həm də müasir silahlarımız var. Ermənistan Azərbaycanla irimiqyaslı müharibəyə gedərsə, onları yer üzərindən silə biləcək potensiala malikik. Biz bunu istəmirik. İstədiyimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Bunu da ilkin olaraq sülh danışıqları vasitəsi ilə etmək istəyirik. Sülh potensialı tükənəcəyi təqdirdə Azərbaycanın müharibədən başqa çıxış yolu qalmır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024