Mobil versiya
Leyla Əliyeva: “Gələcəyi daha firavan qura biləcəyik”
Tarix: 25-04-2016 | Saat: 11:23
Bölmə:Manşet | çapa göndər



Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” adlı toplantısı işinə başlayıb

İclas aprelin 26-da Bakıda açılışı olacaq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məqsədi daşıyır.

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışıb: “Biz Bakıda öz fikirlərimizi bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəlmişik. Bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Nasir Əbdüləziz Əl-Nasir qeyd edib ki, dünya cəmiyyəti sülhsevər istiqamətdə yaşamağa borcludur: “Bizim əsas işimiz mədəniyyətlərarası dialoqun tətbiqi və təşviqi olmalıdır. Hədəflərimiz inklüziv cəmiyyətlərə daha sıx olmalıdır. Gənclər dəyişikliyin əsas katalizatorudur. Ona görə də bu tədbirdə gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Gənclər birgəyaşayışı və multikulturalizmi daha geniş təbliğ edə bilərlər. Gənclər insanları həmrəylik və humanizmə daha çox yaxınlaşdıra bilər”.

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb: “İlk növbədə mən bütün qonaqları Azərbaycanda salamlayıram. Mən bu savadlı gəncləri və nümayəndələri Azərbaycanda görməkdən şadam”.

L.Əliyeva deyib ki, Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oyanyır: “Ölkəmiz tarixi İpək yolu üzərində yerləşir. Bu isə bizim mədəniyyətimizə və həyatımıza da təsir göstərir. Azərbaycan tarixi zənginlikləri ilə yanaşı, coğrafi zənginlikləri və biomüxtəlifliyi ilə də seçilən ölkədir. Mən BMT-nin FAO təşkilatının xoşməramlı səfiri olaraq onu da qeyd edim ki, hər saniyə dünyada aclıqdan bir nəfər həyatını itirir. FAO dünyada aclığın aradan qaldırılmasına çalışır. Biz çalışmalıyıq ki, dünyada aclıqdan heç kəs ölməsin. Bu zərurət olmalıdır. Qida təhlükəsizliyinin təmin olunması həddən artıq vacibdir.

Biz uzun müddətli sabitliyə imza atmaq istəyirik. Dünya qida təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıdır. Biz gənclər üçün sabit təminatlı yaşayışı yaratmalıyıq. Biz 5 il ərzində Azərbaycanda 5 milyondan artıq ağac əkmişik. Eyni zamanda biz təbiətin və ekologiyanın qorunması ilə bağlı təbliğat aparırıq. Biz ölkədə ekoloji avtomobillərin sərgisini təşkil etmişik.

Nəsli kəsilmək üzrə olan heyvanların qorunmasına çalışırıq. Qafqaz regionunda da nəsli kəsilmək üzrə olan heyvanlar var. Biz onların qorunması üçün lazım olan addımları atırıq”.

L.Əliyeva qeyd edib ki, çağdaş cəmiyyət böyük sınaqlar ərəfəsindədir: “Bizim fəaliyyətimiz saniyələrlə ölçülür. Hər birimiz fərz edib düşünməliyik ki, dünyada bütün heyvanların nəsli kəsiləcək. Ona görə də hər birimiz çalışmalıyıq ki, təbiəti qoruyaq. Hər birimiz birgə fəaliyyət göstərməliyik. İnanıram ki, biz gələcəkdə daha firavan, daha yaşıl həyat qura biləcəyik”.

Tədbirdə irqçiliyə qarşı mübarizədə dünya cəmiyyətlərinin birgə səylər göstərilməsinin və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına nail olunmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, son vaxtlar dünyanın ayrı-ayrı yerlərində müxtəlif dini, irqi ayrı-seçkiliklər və bunun nəticəsində yaranan problemlər müşahidə olunur.

Tədbirdə çıxış edənlər bildirib ki, bütün bu cür problemlərin aradan qaldırılması üçün ilk növbədə ədalətli cəmiyyət və qarşılıqlı etimad olmalıdır.

İrqçiliklə bağlı yaranan problemlər BMT-ni də narahat edir. Ona görə də dünya ölkələri bu məsələ ilə bağlı birgə çalışmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024