Mobil versiya
Dağlıq Qarabağ düyünü..
Tarix: 24-04-2016 | Saat: 20:34
Bölmə:Manşet | çapa göndər

Dağlıq Qarabağ düyünü..







Bu düyünü diplomatlar, yoxsa hərbçilər açacaq?

Ermənistan-Azərbaycan münaqişəsi ötən həftə də diqqət mərkəzində oldu. Aprelin əvvəlində cəbhə xəttindəki hərbi əməliyyatlardan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr, görüşlər, bəyanatların sayı xeyli artıb. Münaqişədə vasitəçi kimi daha böyük təşəbbüskarlıq göstərən Rusiyanın fəallığı da hələ səngiməyib. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov Ermənistanda olub və problemin həlli ilə bağlı müzakirələr aparıb. Bu görüşlər, aparılan danışıqların məzmunu ilə bağlı açıqlanan məlumatlar kifayət qədər səthidir və ümumi sözlərdən ibarətdir. Ona görə də bu səfərin nəticələri barədə hələlik yalnız mülahizələr yürütmək olar.

AİA.az (Region TV) istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının ötən həftə keçirilən sessiyasında isə birmənalı şəkildə demək olar ki, Azərbaycan qurumun və bir çox ölkələrin dəstəyini qazanıb. Avropa Şurası rəhbərliyinin bəzi nümayəndələrinin, qurumun Monitorinq Komitəsinin bəyanatları bunu deməyə əsas verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən fikirlərin tam əksəriyyətində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Düzdür, bunların demək olar ki, hamısında münaqişənin sülh yolu ilə həll olunmasının vacibliyi də vurğulanıb.
Moskva anlayır ki, Dağlıq Qarabağda eskalasiyadan sonra vəziyyətin hələ də sabitləşmədiyi bir vaxtda münaqişə tərəflərinin danışıqlar masasına qayıtması çətindir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Prezidenti Serj Sarkisyanla görüşündə deyib. O bildirib ki, vəziyyət bir az sakitləşməli, insanlar rahat olmalıdırlar. Erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında isə Lavrov qeyd edib ki, bu münaqişənin hərbi həll yolu ola bilməz və siyasi nizamlanma üzrə səyləri davam etdirmək lazımdır.

Sergey Lavrov - Rusiya Fedarasiyasının xarici işlər naziri: "Son faciəvi hadisələr göstərdi ki, bu münaqişənin hərbi yolla həlli yoxdur və ola da bilməz. Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 1994 və 1995-ci il tarixli atəşin müddətsiz dayandırılması barədə sazişlərə ciddi riayət olunmasının tərəfdarıdır".

Rusiyanın xarici işlər naziri ölkəsinin ATƏT-in Minsk qrupunun üzvü kimi tərəflərə hər cür kömək göstərəcəyini də bir daha dilə gətirib. "Siyasi həllə gəlincə, mümkün olan hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərə yol verməmək üçün mümkün olan hər şey edilməlidir", deyə Lavrov əlavə edib. Rusiyalı diplomat İrəvanda problemin siyasi həllinə aid danışarkən prezidentlərin Kazan görüşünü xatırladıb və həmin görüşdə təklif edilən həll variantına Ermənistanın razılıq verdiyini açıqlayıb. Bununla bərabər Lavrov ATƏT-in 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində necə hərəkət etməklə bağlı "yol xəritəsi" hazırladığını da deyib.

Həmin yol xəritəsi, elə Kazan görüşündə də müzakirə edilən siyasi nizamlanmanın əsas və ilkin şərti kimi Ermənistan qoşunlarının ən azı işğal etdiyi ərazilərin bir qismindən çıxmasını nəzərdə tutur. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu, qaçqınlar, təhlükəsizlik və s... məsələlər müzakirə edilə bilər. Ümumiyyətlə, son illər ərzində dünya ictimaiyyətində də münaqişənin məhz bu yolla həllinə başlamağın ən düzgün variant ola biləcəyi ilə bağlı müəyyən fikir formalaşıb. İndi ən müxtəlif səviyyələrdə bu barədə bəyanatlar da səslənir. Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin sözçülərindən biri sayılan Sergey Markov da Azərbaycan ərazilərinin boşaldılmasının Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addım olduğunu deyib. "Vestnik Kavkaza" nəşrinə müsahibəsində o, "Kazan formulu" da elə budur deyib. "Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır". Politoloqun sözlərinə görə, İrəvan hər şeyin indiki kimi qalmasını istəyir. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə göstərdi ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Makrov işğalçı tərəfə xəbərdarlıq da edib: "Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq".

ABŞ Konqresinin üzvü Rayn Zinki də Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan son eskalasiya ilə əlaqədar Ermənistanı tənqid edən bəyanatla çıxış edib. Konqresmen bəyanatında Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmaların bu münaqişənin həllinin necə təcili olduğunu bir daha xatırlatdığını qeyd edərək, Ağ Ev Administrasiyasına münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini daha da intensivləşdirmək, habelə aqressiyaya məruz qalan Azərbaycan kimi dost dövlətlərə dəstəyini davam etdirmək çağırışı edib.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak isə birbaşa olaraq Qarabağ və digər işğal edilmiş ərazilərin azad edilməsinin vacibliyini vurğulayıb.

Stefan Şennak - AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi: "Zənnimcə biz Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həlli və Dağlıq Qarabağ və digər ərazilərin azad edilməsinə yönələn fəaliyyətimizi davam etdirməliyik".

Maraqlıdır ki, bu cür mövqedə olan ermənilər də peyda olmağa başlayıb. "1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxmaqla bağlı qərar qəbul etdi və Moskvaya üz tutaraq bu qərarın təsdiqlənməsini istədi. Amma ermənilər nədənsə demirlər ki, o vaxtkı SSRİ-nin Ali Soveti bu qərarı təsdiqləməmişdi. Ona görə də indi Dağlıq Qarabağı idarə edən, Azərbaycana tabe olmayan hakimiyyət qanunsuzdur. Ermənistan birmənalı olaraq SSRİ Ali Sovetinin qərarını nəzərə almalı, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğal etdiyi əraziləri Azərbaycana qaytarmalı, bunun müqabilində geniş muxtariyyət almalıdır", tanınmış erməni yazıçı, Kanadada yaşayan Vaahn Karapetyan belə deyib.

Təəssüf ki, bu cür qərəzsiz, vicdanla, ədalətlə mülahizə yürütməyə qadir olan ermənilərin sayı hələ çox azdır. Biz çox vaxt müxtəlif təşkilatlarda erməni yalanlarını ifşa etməyə, dünya ictimaiyyətini aldatmaq cəhdlərinə qarşı mübarizə ilə məşğul olmağa məcbur qalırıq. AŞPA-da Liberallar Qrupunun toplantısında ön cəbhədə baş verən hadisələr müzakirə olunub. Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan çıxışında Azərbaycana qarşı böhtan və qərəzli çıxış edib. Və layiqli cavabını da alıb. Azərbaycanın Liberallar Qrupundakı üzvü millət vəkili Qənirə Paşayeva çıxış edərək həqiqətləri faktlarla millət vəkillərinin diqqətinə çatdırıb: "Son hadisələr Azərbaycan-Ermənistan sərhəddində baş verməyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Zöhrabyan cavab versin görək, Ermənistan əsgər və hərbçilərinin Azərbaycan torpaqlarında nə işi var? Həyatını itirən erməni əsgərləri isə Zöhrabyanın söylədiyi kimi Qarabağ erməniləri deyil, Ermənistan vətəndaşlarıdır. Zöhrabyan aydınlıq gətirsin görək, Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında nə edirdilər? Zöhrabyandan soruşun ki, indi ölkəsinin prezidenti haradadır? Ermənistan prezidenti indi hərbi formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Zöhrabyandan soruşmaq istəyirəm. Onun nə işi var o torpaqlarda? Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buradakı millət vəkillərinin ölkələri, bütün dünya, AŞPA da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən BMT qətnamələri var. Bu gün Ermənistan nümayəndə heyəti burada Dağlıq Qarabağ ermənilərini qabağa verib ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək istəyirlər, amma edə bilməzlər. Çünki artıq hər kəs gerçəkləri bilir. Zöhrabyan deyir ki, Azərbaycan problemi sülh yolu ilə həll etmək istəmir. Yalandır. Azərbaycan 20 ildən artıqdır ki, problemin sülh yolu ilə həllinə çalışır. Hər zaman deyirik ki, biz beynəlxalq təşkilatların AŞPA-nın, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyirik. Bu gün də tələb edirik ki, AŞPA-nın 1416 saylı qətnaməsi həyata keçsin. Əgər bu qətnaməni Ermənistan həyata keçirsə, işğal bitsə, problem də həll olunacaq, gərginlik də bitəcək".

Gərginliyə son qoya bilən əsas qüvvələrdən biri isə şübhəsiz ki, Rusiyadır və bu ölkənin xarici işlər nazirinin Ermənistanda apardığı danışıqlar məsələnin çözümünə ciddi təsir edə bilər. Amma bir detalı da nəzərə alaq ki, Lavrovun İrəvana səfəri çox gərgin keçib. Bunun əsas səbəbi isə bu ölkədə son günlər baş qaldıran antirusiya aksiyalarıdır. Bu aksiyalarda rəsmi Moskva satqınlıqda ittiham edilir, KTMT və Avrasiya Birliyindən çıxmaqla bağlı ultimatumlar səslənir. Amma zənnimizcə, həmin aksiyalardan çıxarılmalı olan əsas nəticə bir həqiqətin növbəti dəfə sübuta yetirilməsi idi. Arxasında hazırkı Ermənistan hakimiyyətinin dayandığı şübhə doğurmayan və əsasən Moskvaya mesaj xarakteri daşıyan bu aksiyalar bir daha göstərdi ki, erməni istəblişmenti lazım gələrsə öz mövqeyini 180 dərəcə dəyişə bilər. Bir daha sübut olundu ki, onlar üçün həqiqi dostluq, müttəfiqlik, sadiqlik məfhumları sadəcə olaraq mövcud deyil. Əks halda Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının bayraqları altında keçirilən və Rusiyanın bayrağının yandırıldığı aksiyaları necə izah etmək olar? Bundan əlbəttə ki, ilk növbədə rəsmi Moskvanın nəticə çıxartması vacibdir. Bu nəticənin Rusiyanın siyasətində hansı rolu oynayacağını isə zaman göstərəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024