Mobil versiya
Yetişdirmək istədiyimiz kimdir: robot, yoxsa şəxsiyyət?
Tarix: 16-04-2016 | Saat: 20:38
Bölmə:Təhsil | çapa göndər

Yetişdirmək istədiyimiz kimdir: robot, yoxsa şəxsiyyət?






Məktəbəqədər təhsil müəssisələrindən doktorantura səviyyəsinə qədər bütün təhsil ocaqlarının əsas məqsədi və vəzifəsi nədir? Yeni nəsli yetişdirmək. Mustafa Kamal Atatürkün də dediyi kimi, "Müəllimlər, gələcək nəsil sizin əsəriniz olacaqdır". Bəs məktəblər gənclərin elmi və şəxsi inkişafına nə dərəcədə kömək edə bilir?

Qədimdə el arasında belə bir ifadə olub: "Əti sənin, sümüyü mənim". Bu sözləri valideynlər müəllimlərlə övladlarının təhsil və müəyyən mənada tərbiyəsini həvalə edərkən işlədiblər. Gəlin düşünək, belə fəlsəfə ilə çalışan maarifçilər gələcək nəslin inkişafında nə qədər faydalı ola bilərlər? Taxta, zopa və digər müxtəlif "döyüş alətləri"ndən istifadə etməklə yeni nəslin qürurunu, haqq tələbkarlığını sındırmaqla gələcəyə necə bir sərmayə qoymaq olar? Öz fikrini ifadə edəndə fiziki-psixoloji təzyiqlərə məruz qalan bir yeniyetmə həyatının növbəti dövrlərində hüququnu necə qoruyacaq?

Bu mövzuda ABŞ-ın sabiq prezidentlərindən olan Abraam Linkolnun oğlunun müəlliminə yazdığı məktuba müraciət etmək yerinə düşərdi: "Ona öz fikirlərinə inanmağı öyrət, hər kəs "sən səhvsən" deyəndə belə... Yaxşı davranan insanlara qarşı yaxşı davranmağı, pislərə qarşı pis olmağı öyrət ona. Ona hər kəs bir-birini izləyərək eyni yolda gedərkən, kütlələrin arxasınca getməyəcək gücü ver. Ulayan bir insan qələbəliyini dinləməməyi öyrət. Qoy səbrsiz olacaq qədər cəsarətli olsun və qoy cəsur olacaq qədər səbrli olsun".

ABŞ-ın bugünkü gücü sadəcə texnologiyayamı əsaslanır? Yəqin ki yox. Hər şey təməldən başlayır. İlk mərtəbəsi zəif inşa edilən bir binanın 20-ci mərtəbəsinin güclü olması nə qədər inandırıcı ola bilər? Və bir insanın ilk mərtəbəsi şəxsiyyətidir, qürurudur. Bir yeniyetmənin hüquqlarını əzəndən sonra ona triqonometriya, tarix, coğrafiya öyrədərək gələcəyə fayda vermək mümkündürmü?

12-16 yaşlarında "mən müəlliməm", "mən səndən yaşca böyüyəm" sözlərini eşidəndən sonra susan bir yeniyetmə, əlbəttə ki, 40 yaşında da vəzifə, yaş kimi məsələləri əhəmiyyətli zənn edəcək. Bu fəlsəfələrlə yetişdirilən bir politoloq BMT-nin, ATƏT-in iclaslarında supergüc hesab edilən dövlətlərə qarşı öz ölkəsinin hüquqlarını necə müdafiə edə biləcək? Şüuraltına daxil olan "mən şagirdəm, o isə müəllimdir" düşüncəsi 30 il sonra, şübhəsiz ki, "mən orta səviyyəli ölkənin, onlar isə supergüc ölkənin nümayəndələridirlər" fikri ilə əvəz olunacaq. Əgər bu nəzəriyyəyə inanmırsınızsa, 500 il öncəki Azərbaycanın və indiki Azərbaycanın xəritəsinə nəzər yetirin. Supergüc və ya supergücə arxalanan qonşularımız torpaqlarımızı bizdən alanda biz "Onlar kimdir ki, mənim ərazimə müdaxilə edir?" deyə bilmədik. "Supergüc qonşuya meydan oxumaq axmaqlıqdır" dedik və hər şeyə göz yumduq. Şərur-Dərələyəz mahalı da, bir çox digər torpaqlarımız da belə itirildi. Bu məsələlər əlaqəsiz görünə bilər, lakin məntiq bu əlaqəni hər dəfə eyni tərzdə sübuta yetirməkdə əziyyət çəkməz.

Şagirdlərə fizika düsturlarından, kimya reaksiyalarından, tarix xronologiyalarından öncə insani məsələləri öyrətmək lazımdır. Bir süni intellektli robotla insanın arasındakı yeganə fərq nədir? Süni intellekt bütün mexaniki-texniki bilikləri öyrənə bilər, amma heç vaxt öz hüququnu, qürurunu, şəxsiyyətini müdafiə edə bilməz. Bir şagirdin bu xüsusiyyətlərini əlindən almaqla siz onu robota çevirirsiniz. Və bu gün idarə etdiyiniz robotu isə sabah başqaları da idarə edə bilər...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024