Mobil versiya
“Bəs deyirdilər, millətdə pul yoxdur…” - Yeni ticarət mərkəzindən
Tarix: 16-04-2016 | Saat: 09:36
Bölmə:İqtisadiyyat | çapa göndər

“Bəs deyirdilər, millətdə pul yoxdur…” - Yeni ticarət mərkəzindən




Bu gün Bakıda tikintisi bir neçə ildir ki, davam edən və açılışı gözlənilən “Gənclik Mall” ticarət mərkəzi fəaliyyətə başlayıb. İllər öncə yerində “Amay” Ticarət Mərkəzi fəaliyət göstərən, ardınca Gimnastika Federasiyasının açılacağı ilə bağlı anons verilən məkan bu ticarət mərkəzinə “qismət oldu”.

"Qafqazinfo" musavat.com-un açılış günündən hazırladığı reportajı təqdim edir:

Miqyasına və görüntüsünə görə şəhərdəki digər ticarət mərkəzlərindən geridə qalmayan “Gənclik Mall” Ticarət Mərkəzinə axşam saatlarında getdik. Biz gedəndə artıq məkan sözün birbaşa mənasında müştəri axınına uğramışdı. Necə deyərlər, insanlar bir neçə saatda onu min ilin ticarət mərkəzinə çevirmişdilər. Bu haqda bir qədər sonra...

DAYANACAQDA BASABASA SƏBƏB – İLK İKİ AY PULSUZ XİDMƏT GÖSTƏRİLƏCƏK

Hələliksə, ondan başlayaq ki, “Gənclik Mall” ticarət mərkəzinə “Gənclik” metrostansiyasından çıxmadan daxil olmaq mümkündür. Mərkəzə maşınla gələn müştərilər üçünsə 1000 avtomobillik parklama yeri var. Əməkdaşımız dayanacağa maşınla daxil olduğu üçün oradakı qələbəliyə da şahid oldu. Sanki bir günün yox, illərin ticarət mərkəzi idi. Parklama yerində 10 dəqiqəyə yaxın axtarış əməliyyatından sonra nəhayət ki, yer tapa bildik.

Bu qələbəliyin səbəbi isə təkcə ticarət mərkəzi faktoru deyildi. Öyrəndik ki, ilk 2 ay dayanacaq müştərilərinə pulsuz xidmət göstərəcək. Hətta mərkəzə deyil, ətrafdakı başqa bir məkana gələnlərin də maşınlarını pulsuz orada saxlama ehtimalını nəzərə alsaq, bu qələbəliyin səbəbini anlamaq mümkün idi.

ƏN ÇOX MARKETƏ GƏLİRDİLƏR – ƏKSƏRİYYƏT ANONSA İNANIRDI, BİR QİSİM İSƏ…

Hesab edək ki, dayanacaqda yer tapıb, mərkəzə daxil olduq. Metrostansiyadan çıxan kimi alıcılar (-1 mərtəbə) zonasında daxil ola bilərlər. Bu gün insanlar sözügedən mərkəzə daha çox market alış-verişi üçün gəlmişdilər. Çünki məhz marketdəki insan qələbəliyi, saysız-hesabsız torbalarla oradan çıxanlar bunu deməyə əsas verirdi. Marketin girişində dayanan mühafizə xidməti əməkdaşları ilə qısaca söhbətdə isə öyrəndik ki, bu market Bakının ən ucuz marketidir. Şəhərdəki bütün qiymətlərdən daha ucuz... Ən azı onlar elə təqdim edirdilər.

Amma içəri girib qiymətlərlə tanış olanda bunun reklamdan başqa bir şey olmadığının şahidi olduq. Çünki şəhərdə onun kimi, eləcə də ondan daha ucuz marketlər var. Yağ, kolbasa, ağartı məhsulları, yuyucu tozlar… elementar müqayisə ilə buna əmin olmaq mümkün idi.

Mağazadan çıxan alıcılardan biri ilə söhbətləşirik. Adı Afət olan ortayaşlı qadın deyir ki, neçə vaxtdır, bu marketin anonsunu eşitdiyi üçün bura gəlib: “Deyim ki, su qiymətinədir, yox... Amma çox baha da sayılmaz. Evim yaxındadır. Maraq üçün gəldim. Çeşid çoxdur, amma pulu olan üçün... Kasıb üçün məhlədəki market də çoxdur, ona qalsa”.

Ən maraqlısı isə marketlə parfümeriya şöbəsi arasında heç bir arakəsmənin olmaması, toyuqların düzüldüyü piştaxtadan bir metr aralıda kosmetika mallarının yerləşdiyi şöbənin olması idi. Ümid edək ki, bu xaotik yerləşməni qısa müddətdə dəyişdirərlər.



ELAN ÇOX, MAĞAZA YOX – “TEZLİKLƏ BURADA…”

İlk gündən anons verilmişdi ki, “Gənclik Mall” ticarət mərkəzi alış-verişdən əlavə buraya gələnləri əyləncələr və “fastfood” restoran və kafelərin seçimi ilə maraqlandıracaq. Ticarət mərkəzinin sonuncu mərtəbəsində yerləşən OnTop boulinq-mərkəz, Wonderland oyun zonası və 9 zaldan ibarət CinemaPlus kinoteatrı kino və əyləncə həvəskarlarını sevindirəcək.

Üçmərtəbəli mərkəzin sonuncu mərtəbəsində anons edilən məkanların heç biri fəaliyyətə başlamamışdı. Sadəcə iri bir elan yazılmışdı ki, şəhərin ən böyük kinoteatrı burada olacaq.

Ümumiyyətlə, bir çox mağazaların adları, iri plakatları divarlardan asılsa da, özləri hələ açılmamışdı. “Opening soon”, “Tezliklə burada”… sözləri yazılmış lövhələrlə dolu idi, mərkəz...



“MAAŞIMI ALIM, SONRA GƏLİM…” - MÜŞTƏRİLƏRİN ƏN SEVİMLİ ANONSU

Mərkəzdə bir saatlıq gəzinti və müşahidə zamanı isə əmin olduq ki, insanların böyük əksəriyyəti daha çox “göz alış-verişi etmək”, nəbz yoxlamaq, müşahidə etmək üçün gəliblər. Çünki məşhur brendlərin mağazalarından əli torbalı çıxanların sayı cüzi idi. Geyim mağazalarında isə cütlüklərin, rəfiqələrin daha çox bu müzakirəsi qulağa dəyirdi: “Maaşımı alım, ay sonunda gələrəm”, “Dedim, bəlkə burada güclü endirim ola, təzə açılıb, axı...”

Amma məşhur brendlərə məxsus mağazalarda hər hansı endirimdən söhbət gedə bilməzdi. Heç mərkəzin bu gün açılmasına görə “şok kampaniyalar” da yox idi. Digər mağazalarda necə, burada da elə...

TƏLƏBƏ “PUL YOXDURSA, BELƏ MƏRKƏZ AÇMAĞIN MƏNASI YOXDUR” DEYİR, AİLƏ BAŞÇISI OLAN VƏTƏNDAŞ İSƏ “GƏNCLİK HƏNDƏVƏRİNİN BELƏ YERƏ EHTİYACI VAR İDİ” SÖYLƏYİR

Insanların bol olduğu ikinci məkan isə heç şübhəsiz ki, kafe-restoranlar idi. “İynə atsan yerə düşməz” misalı, “fastfood” kafeləri ailəlilərlə, türk restoranları isə gənclərlə dolu idi. Kafelərə girməyən, mağazalardan heç nə almayan, sırf maraq üçün mərkəzə girənlərin dilindən isə daha çox bu sualı eşitmək mümkün idi: “Camaat bu qədər pulu hardan tapır?”, “Bəs deyirdilər, millətdə pul yoxdur…”



Narazıların arqumenti isə klassik idi. Tələbə Fəridə dedi ki, əsas məsələ pulun olmağıdır: “Pul olandan sonra adam şəhərin o biri ucuna da gedə bilər, ticarət mərkəzi üçün... Bizimsə pulumuz yoxdur, evdən aldığımız xırda-xuruşla buradan nə ala bilərik ki..? Pul olmayandan sonra istəyirlər, lap bir gündə onunu açsınlar”.

Kafedə ailəsi ilə nahar edən Ceyhun adlı ortayaşlı vətəndaş isə dedi ki, əslində bu həndəvərdə belə məkanın olmasına ciddi ehtiyac var idi: “Biz Atatürk prospektində yaşayırıq, “Gənclik” metrosuna yaxın... Pal-paltar almaq üçün mütləq ya mərkəzə getməliydik, ya Nərimanova... Bu həndəvərdə bir-iki yer çıxmaq şərtilə, ailəlikcə oturub normal yemək yeyəcəyimi yer yox idi. Mütləq şəhərə getməliydik. Adamın vaxtı da az olur, o qədər işləyirik ki... İstəyirsən ki, bir yerə gedib, orada həm uşaqlarına pal-paltar, evinə ərzaq, başqa şeylər alasan, həm yemək yeyəsən, həm də imkan varsa, kinoya baxasan, uşağı əyləndirəsən. Müasir dünyada ticarət mərkəzinin əvəzini heç nə vermir”.

Yeni mərkəzin açılmasından ən çox məmnun olanlar isə heç şübhəsiz ki, məkanın qarşısında dayanan taksi sürücüləri idi. Əməkdaşımızla söhbətində onlardan biri – Tərlan adlı gənc bildirdi ki, bundan sonra gəlirlərinin artacağına inanır: “Burada uşaqlar üçün əyləncə yerləri olacaq. Maşını olmayan ailəlilər bura gələndə axırda mütləq taksiylə gedir. Mən vaxtilə Metro Parkın qabağında dayanırdım, oradan bilirəm. Sonra orada sürücülərlə mübahisəm düşdü, çıxdım. Bilirəm ki, ticarət mərkəzinin qabağı taksiçi üçün gəlirli yerdir. Bazarlıq edəni var, gəzib yorulanı var, evə tələsəni var. Allaha təvəkkül, inşallah hər şey yaxşı olar”.

Sonda… Bir neçə saatlıq ömrü olan ticarət mərkəzində bir saatlıq müşahidələrimizin nəticəsi belə idi. Qələbəlik, insan axını, dolu mağazalar… ilk baxışda firavanlığın sübutu kimi görünə bilər.

Amma önəmli olan o mağazalardan əli-qolu dolu çıxan müştərilər, sıxıntı çəkmədən, ürəkləri istədikləri kafedə, əyləncə, oyun mərkəzində otura bilən gənclərdir. Biz sonuncuların daha çox olmasını istəyirik. Həm də təkcə burada yox, bütün ticarət mərkəzlərində…



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024