Mobil versiya
“Sanki bizi lənətləyiblər” - Sadıqlı
Tarix: 11-04-2016 | Saat: 15:44
Bölmə:İdman | çapa göndər

“Sanki bizi lənətləyiblər” - Sadıqlı







Azərbaycan Premyer Liqasının 29-cu turunun son oyununda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə məğlub oldu. “Qafqazinfo” xəbər verir ki, matçdan sonra "ağ-yaşıllar"ın qolkiperi Orxan Sadıqlı jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında fikirlərin...

- İlk hissədə üstünlük bizdə idi. Amma yenə də istifadə edə bilmədik. Məğlubiyyətə və öz səhvimə görə azarkeşlərimizdən üzr istəyirəm. Çalışacağıq ki, növbəti oyunlarda xal və xallar qazanaq. Biz də artıq uduzmaqdan yorulmuşuq. Belə oyunlardan gərək ən azından 1 xal götürək.

- Vurulan qol mübahisəli alındı. Səncə, Ruslan Qurbanov oyundankənar vəziyyətdə idi?

- Vallah, onu mən görmədim, yalan deyərəm. Səhv eləmirəmsə orada topu itirdik, "Neftçi" bizi əks-hücumda yaxaladı. Mən gözümü bir də açıb gördüm ki, Ruslan artıq topa zərbə endirir. Əgər qol oyundankənar vəziyyətdən vurulubsa yəqin ki, buna baxılacaq, video hazırlanacaq.

- "Xəzər Lənkəran" demək olar ki, hər oyunun ilk 30 dəqiqəsini yaxşı oynayır. Sonrakı dəqiqələrdə isə komanda oynaya bilmir, rəqiblərlə bacarmır. Səncə, bu, fiziki durumun zəif olmasındandı, yoxsa başqa səbəb var?

- Bizdə hər oyun belədi. "Qarabağ" və ya "Sumqayıt"la oyunlarda bir neçə qol epizodumuz oldu. Biz yaratdığımız epizodlardan istifadə edə bilmirik, sonra da onlar yüklənirlər qapımıza. Qabaqda top saxlaya bilmirik. Müdafiəçilər də qaçmaqdan yorulur. Komandamız oyunu həmişə müdafiədən qurur. Gücümüz də var. Sadəcə, qol epizodlarını boşa veririk. Bu da təcrübəsizlikdəndi.

- Tural Qürbətov qapıçıyla üz-üzə qaldığı epizodda topu tora göndərə bilmirsə, bu, necə təcrübəsizlik ola bilər?

- Şansızlıqdır. Təcrübəsizlik ona deyirəm ki, qabaqda top saxlaya bilmirik. Futbolçular bilmir topu hara vursun. Tural həm məşqdə, həm də oyunda qol vurmaq üçün çox çalışır. Oyunda sadəcə, bəxti gətirmir. Tural komanda üzvləri arasında seçilən futbolçulardan biridir. Hər oyunda elə toplar buraxırıq ki, inanılası deyil. Rəqib adi epizodlarda bizə qol vurur. Biz isə qol vurmağa gedəndə çox əziyyət çəkirik, yenə də alınmır. Nə bilim, bəlkə də komandamızı lənətləyiblər. Bilmirəm, cavab tapa bilmirəm buna.

- "Rəvan"la aranızda xal fərqi azalıb. Təhlükəni hiss edirsiz?

- Hər gün saytlarda turnir cədvəlinə baxırıq. Əslində, bu, bizi maraqlandırmamalıdı. Sadəcə, çıxıb qələbə qazanmağımız lazımdı. Amma bu məğlubiyyət sindromunu qıra bilmirik. Yaxşı oynayırıq. Amma yaranan epizodları boşa veririk. Nəticədə yoruluruq, rəqib də qələbə qazanır. Oyunun 70-ci dəqiqəsindən sonra müdafiəçilərimizə baxdım, nəfəsləri çatmırdı. "Neftçi" də bizi əks-hücumlarda yaxalayırdı. Oturub fikirləşmək lazımdır. Çempionatın qurtarmasına 6-7 tur qalıb. Gücümüz çatan qədər iki-üç qələbə qazanmalıyıq ki, "Rəvan"la xal fərqini qoruya bilək. Yoxsa həqiqətən belə çətin olacaq bizə.

- "Sumqayıt"la oyunda da qapınızdan belə qeyri-adi qol buraxdız, bu matçda da. Düzdür sənin də səhvin var idi, amma nəyə görə rəqibin hücumu belə təhlükəli vəziyyət yaradır. Problem nədir?

- Buraxdığım qolda mənim də səhvim var idi. Kollektiv sag olsun ki, mənə dəstək oldu. Lənkəran camaatından və azarkeşlərdən üzr istəyirəm. Cari mövsümdə birinci belə səhvim idi. Qol buraxdığım vaxta qədər yaratdığımız 3-4 təhlükəli epizoddan birini vursaydıq, rəqib bizə qol vura bilməzdi. "Sumqayıt"la oyunda da Ruslan Cəfərovla bir-birimizi başa düşmədik. Bu problemdən çıxış yolu axtarırıq. Amma bilmirik nə edək. Bu da bütün kollektivə təsir edir.

- "Qarabağ"a qarşı bundan yaxşı mübarizə aparmışdız. Bu gün həmin əzmkarlığı görmədik. Bunun səbəbi nə idi? "Böyük oyun"un həyacanından irəli gəlirdi?

- Bütün oyunlara eyni hazırlaşırıq. "Neftçi" olmur, "Rəvan"ı, "Sumqayıt"ı olsun. Hamıya eyni gözlə baxırıq. Bizə sadəcə, bir qələbə lazımdı ki, sindromdan çıxaq. İki gündən sonra yenə yığışacağıq, gündə iki məşq keçəcəyik. Sadəcə, bilmirəm komandada nəsə baş verir. Bu hal təkcə indi deyil, Toşakın vaxtında da beləydi. 6-7 oyun gözəl oynayırdıq. Yadıma gəlir "Rəvan"la oyunda 20-25 qol vəziyyəti yaradırdıq, oyunun nəticəsi 1:1 olurdu. Klubda bilmirəm nə baş verir. Çempionatın bombardiri Nildo bizə gəldi, amma qol vura bilmədi. Rauf Əliyev gəldi, o da elə. İndi də Tural Qürbətov. Yazıqların heç birinin bəxti gətirmir. Oyunun videolarına baxırıq, əsəbləşirik ki, bu necə ola bilər axı? Sadəcə, cavab tapa bilmirəm.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024