Mobil versiya
İşdən qovulan yol polisi haqda - ilginc məlumatlar
Tarix: 13-07-2015 | Saat: 13:17
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




Bir neçə jurnalist bu günlərdə general Nəcməddin Sadıkovun oğluyla münaqişəyə görə işdən qovulduğu bildirilən Dövlət Yol Polisinin əməkdaşı Cavanşir Qasımovla bağlı sosial şəbəkədə məlumat paylaşıblar

Yazılanlardan belə məlum olur ki, Cavanşir Qasımov yol polisi olarkən bir çox hallarda saxladığı sürücülərlə qanundankənar davranırmış.

Jurnalistlərlə qalmaqallı eks-yol polisi C.Qasımov arasında yaşanmış gerçək əhvalatları təqdim edir.

”Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan:

- ”Feysbuk” dostlarımın demək olar ki, əksəriyyəti general oğluna görə işdən çıxarılan yol polisindən yazır və general-polkovnik Nəciməddin Sadıkov və onun oğlunu tənqid edirlər. Amma mən deyərdim ki, həmin polis işçisi layiqli cəzasını alıb. Çünki Cavanşir Qasımov olduqca kobud, mədəniyyətsiz və qalmaqallı bir polis nəfəri olub. Bunu onu tanıyan sürücülər çox yaxşı bilirlər. Siz hətta google.az-da onun adını yazıb axtarış versəniz, görəcəksiniz ki, onun haqqında bir neçə şikayət də var. Mən inanıram ki, bu polis işçisi general oğlunu tanımadan təxribata çəkmək istəyib. Ancaq onun bu dəfəki fəndi baş tutmayıb, cüdoçular demişkən, özü "ippon"a düşüb.

Bir ay bundan öncə “Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədov da həmin polislə konflikt yaşayıb. Cavanşır Qasımov hətta jurnalistin Qarabağ əlili olmasına da məhəl qoymayıb, onu şərləyib konflkt yaratmağa çalışıb. Jurnalist ona qarşı qərəzli tərtib olunan protokola imza atmaq istəmədikdə, həmin bu Cavanşır Qasımov heç bir söhbət və mübahisə olmadan ona deyib ki, "sən polis işçisinə yumruq atırsan?". Və sonra jurnalist və Qarabağ əlili İntiqam Məmmədovu düz iki saata yaxın öz xidməti maşınlarında qatı cinayətkar cismində saxlayıblar. Hansı ki, İntiqam Məmmədov vaxtilə toqpaqlarımızın bütövlüyü uğrunda döyüş yolu keçməklə, kəşfiyyat tağımının komandiri kimi sağlamlığını itirib.

Cavanşir Qasımov atasının II qrup Böyük Vətən müharibəsi əlili olduğunu bildirir. Atası müharibə əlili olan bir şəxs gərək ki, Qarabağ müharibəsi əlilinə hörmətlə yanaşaydı. Ən azından ona görə ki, o şəxs elə Qasımovun yaşadığı Vətən uğrunda sağlamlığını itirib.

***

Jurnalist Elçin Cəlilov:

- Nәcmәddin Sadıqovun oğluna görә işdәn qovulan polis haqda sizә başıma gәlәn bir әhvalat danışım. Keçәn il iyulun ortaları idi, mәn, qrup yoldaşım Rәşad vә başqa dostlar şәhәrdәki restoranların birindә futbola baxırdıq-dünya çempionatının hansısa oyununa. Pivә içmişdik. Ayıq sürücü xidmәtindәn çağırdıq. Rәşadın maşını ilә gedirdik. YPX bizi BŞBPİ-nin qarşısında saxladı. Sürücü sәnәdlәrini göstәrdi, polis hәr şeyin qaydasında olduğunu gördü. Maşın sahibinin dә sәnәdlәrini istәdi vә yenә hәr şey qaydasında. Qabaqda, sürücünün yanında mәn oturmuşdum, dostum isә arxada. Mәndәn içkili olub-olmadığımı soruşdu. Dedim, tәbii ki, әgәr ayıq sürücü çağırmışıqsa, demәli, içkiliyik. Dedi, üstündә nә sәnәd var, göstәr. Bütün sәnәdlәri göstәrdim, ancaq tәlәbin sәbәbini soruşanda, «Belә mәslәhәtdi» cavabı aldım. Sonra dedi, «kapotu» aç, әlavә detalları yoxlamalıyam. Orda da bir problem tapmadı. Polisә dedim ki, siz yoxlamanı tam bitirdinizsә, biz gedәk, niyә gözlәtdirirsiz…

Hәngamә qopdu:

- «Әәә, sәn qarışma, kimsәn sәn! Şofer sәnsәn, bu maşın sәnindi әә?».

- Yox, mәnim deyil, ancaq nәyә qışqırırsan, bunu bilmәdim, sәn kimsәn, hardan bu ixtiyarı hiss elәdin özündә?

Bax, elә bu anda yanındakı iki polis yoldaşı ilә mәnim qollarımdan yapışıb, YPX maşınına zorla oturtmağa başladılar. Tәbii ki, müqavimәt göstәrmәyimdәn söhbәt gedә bilmәz, ancaq dedim, buna ehtiyac yoxdu, qollarımı buraxın, özüm minәcәm maşına. Mindim vә bunlar sürdülәr “Xәtai” metrostansiyasının yanındakı polis bölmәsinә. Arxamca da dostum vә ayıq sürücünü gәtirdilәr, maşını da guya müsadirә ediblәr…

Mәni saldılar bölmәyә vә rәisi-filanı çağırdılar, sanki xüsusi әmәliyyat nәticәsindә cinayәtkar tutublar. Halbuki, YPX…

Rәis mәni sorğu-suala tutmazdan әvvәl dedi, «Bizi dә, özünü dә p..a salmısan».

Tәbii ki, tamaşanın qurulduğunu hiss edirәm vә hәr şeyә tәbәssümlә yanaşıram…

Sorğu-sual başlayandan az sonra bölmәyә Tәcili Tibbi Yardım gәldi. Hәmin bu polisi sürüyә- sürüyә bu otağa gәtirdilәr. Guya, «özündәn getmişdi». Mәn dedim, rәis, bu tamaşa böyüyür, siz gözәl bilirsiniz ki, ortada heç nә yoxdur. Mәni bura qeyri-qanuni, zorla gәtiriblәr.

Özündәn getmiş polis dәrhal ayıldı vә hәkimi o tәrәfә itәlәyib, üstümә şığıdı, dedi ki, “sәn kimsәn әәә, dövlәt mәmurunu tәhqir edirsәn?! Әmrә tabe olmursan! Zor tәtbiq edirsәn! Mәnim qardaşım şәhid olub, sәn şәhid ailәsini tәhqir elәdin!”.

Sәbrimi güc-bәla topladım vә yalnız bunu dedim: “Şәhidin adından saxtakarlıqla istifadә elәmә heç olmasa”.

Mәn bunu deyәn kimi polis Cavanşir Qasımov yenә «özündәn getdi», hәkimlәr tәzyiqini ölçmәyә, iynә vurmağa hazırlaşdılar. Hәr şey tamaşa kimi…

Dedim, “rәis, mәn jurnalistәm, bu adama deyin ki, qanundankәnar görür bu işlәri, mәni sәhv salıb, qanunlardan xәbәrdaram, vәkilim gәlmәmiş heç bir proses aparılmasın burda”. Bu an o polis yenidәn hәkimi itәlәyib dedi ki, «əә, sәn mәndәn rüşvәt istәdin!!! Dedin pul vermәsәn, qәzetimdә yazacam». Bu dәfә sәbrimi toparlaya bilmәdim vә dedim, “sәn bir xәstәsәn, xәtanı uzaq elә”.

Bölmәnin hәyәtindә azı 3 YPX maşını vardı. YPX-də gələn polislər içәri girdilәr. Onlardan birini tanıdım, bir universitetdә oxumuşduq. Dedi ki, “sәn çox pis yerә ilişmisәn, neylәmisәn ki belә?”. Dedim “heç nә elәmәmişәm”. Dedi ki, “bura qәdәr gәtiriblәrsә, batdın, bizi dә bura şahid kimi çağırıblar. Bu adam belәdi. Sәn, Allah bilir, neçәnci «qurbansan»”.

Bәli, bütün bu hoqqaları qayıran polis hәmin bu polisdir - Nәcmәddin Sadıqovun oğluna görә guya qovulan.

Xәbәrlәri oxudum, onun açıqlamalarına baxdım. Sonra fotosunu gördüm, dedim, ohaa.. hәmin adam! Fikirlәrim tam dәyişildi. Ona görә dә, bir hadisәni bilmәdәn, kökünü araşdırmadan qәrar vermәk, münasibәt bildirmәmәk mәslәhәtdi.

Bu hadisәdә çox böyük ehtimal ki, hәmin «dәlәduz polis» mәsәlәni qızışdırmaq istәyib. Nәticәdә mәmur oğlu «sәlahiyyәtlәrindәn» istifadә edib, «genәlib», ara qarışıb…

Nәysә, mәnimlә bağlı hadisәnin sonu isә belә oldu ki, bu dәlәduz polisi necәsә aradan çıxartdılar. Gecә saat üçdә evdәn çağırtdırdığı yaşlı atasını yarıyoldan geri qaytardılar (Zәng vurub, atasına demişdi ki, “gәl bölmәyә, mәni vurublar, yaralıyam, әrizә yaz”). Bölmәnin hәyәtindәki YPX maşınları da anidәn yoxa çıxmışdı. Ortada yalnız mәn, dostum vә ayıq sürücü, bir dә rәislә әmәliyyatçılar qalmışdı.

Rәisin «indi neylәyәk?» sualına, dedim, “bu iş mәhkәmәlikdir yәqin, mәn hazıram”…

Qısası, mәni çox çәk-çevirdәn sonra sәhәr 6-nın yarısında buraxdılar. Dostumun maşının sәnәdlәrini vermirdilәr. Birtәhәr, hansısa yolla onu aldı onlardan. Dedilәr ki, bu haqda heç nә yazmayın, demәyin.

Ancaq mәqamı gәldi, yazdım…

Qanun ali olmayanda, vәtәndaş qanunlardan, yaxud ibtidai vәtәndaş haqlarından xәbәrsiz olanda başına oyun açıla bilәr. Ümumiyyәtlә, polis gәrәk qanun әsasında davransın. Vәtәndaşı provakasiyaya çәkәn polisә inkişaf elәmiş ölkәlәrdә vәzifәsindәn azadetmә vә hәbs cәzası verilir.

***

Jurnalist Məğrur Əliyev:

- Bu il mayın 19-da Bakıda, Hüseyn Cavid prospektində həmin polis işçisi (xəbərlərdə şəklini görəndə tanıdım) qardaşım Anarı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozmaq adı ilə saxladıb, ona qarşı heç bir səbəb, əsas olmadan ciddi kobudluğa, etikadan kənar ifadələrə yol vermişdi (C.Qasımovun özünü təqdim etməmək, hansı qayda pozuntusuna yol verildiyini bildirməmək kimi “xırda” pozuntuları hələ bir yana).

Qardaşım şikayət edəcəyini bildirdikdən sonra onu guya, tabe olmamaq adı ilə polis bölməsinə aparmışdılar. Mən də getdim bölməyə. Açığını deyim ki, əvvəlcə Anarın bəlkə haqsız ola biləcəyini düşündüm, barışdırıcı olmağa çalışdım. Amma bu DYP əməkdaşının qabalığını, kobud davranışını, etikadan kənar sözlərini şəxsən qulağımla eşitdim (Uzunçuluq edib onları sadalamaq istəmirəm). Bölmə rəisi də DYP avtomobilindəki videoqeydiyyat aparatındakı videoyazıya baxdıqdan sonra onun tam haqsız olduğu, polisə tabe olmamaqdan söhbət belə, getmədiyi üzə çıxdı. Buna baxmayaraq, yenə də barışıq təklifi səsləndi. Amma həmin bu Cavanşir Qasımov üzr istəmək əvəzinə, çox kobud şəkildə, ləhcəsini qabardaraq “mən naxçıvanlıyam, yezidi kürdəm, kakoy-nibud qarabağlıdan üzr istəmərəm” dedi...

Ondan sonra qardaşım daxili işlər nazirinə, Baş prokurora və Dövlət Yol Polisi İdarəsinin rəisinə rəsmi qaydada şikayət məktubu göndərdi. Bir neçə gün sonra Bakı şəhər DYP-dən işə baxıldığı haqda məktub gəldi. Daha sonra Bakı şəhər DYP-də videoyazıya yenidən, birlikdə baxıldı, izahat alındı. Bir daha DYP əməkdaşlığının kobudluğu və tamamilə haqsız olduğu sübuta yetirildi. Bir neçə gün sonra isə rəsmi şəkildə bildirildi ki, o və onunla birgə hadisə vaxtı xidmət aparmış polis kapitanı cəzalandırılacaq...

Yeri gəlmişkən, hələ araşdırma aparılan zaman qeyri-rəsmi şəkildə demişdilər ki, onunla bağlı xeyli şikayətlər var.

P.S. Nəql etdiyim hadisə baş verəndə, C.Qasımovla bağlı bu son hadisə hələ baş verməmişdi...(modern.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024