Mobil versiya
Kredit borcuna görə həbs qanunidirmi?
Tarix: 17-03-2016, 10:05 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Kredit borcuna görə həbs qanunidirmi?

Bir neçə gün öncə "Rabitəbank"dan götürülən kreditə görə zamin duran şəxsin həbs edilməsi artıq insanların təkcə iqtisadi durumlarının deyil, azadlıqlarının da bankların əlində olduğunu bir daha sübut etdi. Hüquqşünaslar kredit borcuna görə vətəndaşın həbs edilməsinin qanunla mümkün olmadığını desələr də, zaminin həbsi məsələni bir daha aktuallaşdırdı.

Aia.az bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli musavat com-a açıqlamasında deyib ki, kredit borcuna görə vətəndaşın həbsi mümkündür, lakin bu, effektiv yol deyil: "Çünki 2 milyon 300 minə yaxın kredit borcu olan insan var. 2 milyard manata yaxın problemli kredit var. Söhbət istehlak kreditlərindən gedir. Siz nə qədər insanı həbs eləməlisiniz ki, bu problem həll olunsun. Bu, qeyri-effektiv yoldur. Azərbaycanda obyektiv səbəblərdən bu problem yaşandı. Ölkədə iki dəfə böyük devalvasiya baş verdi və hər iki devalvasiyadan sonra ən çox zərərçəkən kateqoriya dollarla krediti olan insanlar oldu. Bu, iqtisadi aktivliyi zəiflətdi, insanların gəlirləri aşağı düşdü, iş yerləri qapanmağa başladı və insanlar obyektiv olaraq kreditləri qaytara bilmirlər".

Ekspertin sözlərinə görə, xarici təcrübədə müəyyən dələduzluqla kredit alıb, sonradan qaytarmayan insanlara və ya şirkətlərə qarşı cinayət işi açılması və müəyyən tədbirlər görülməsi halları var: "Ancaq orada da həbs ən sonuncu tədbirdir. Çox zaman yüzlərlə məhkəmə işləri illərlə davam edir. Azərbaycanda kreditini geri qaytara bilməyən və həbs oluna biləcək insanların sayı o qədər çoxdur ki, onların hamısı həbsə salınsa, nə məhkəmələrdə, nə də həbsxanalarda yer qalmaz".

Hüquqşünas Müzəffər Baxış da açıqlamasında beynəlxalq konvensiyaları əsas gətirərək, imkansızlıq ucbatından borcunu ödəyə bilməyən şəxslərin həbsinin qanunla mümkün olmadığını bildirdi: "Bu məsələdə konkret söz demək bir qədər çətindir. Çünki Azərbaycanın tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar Haqqında beynəlxalq konvensiyanın 12-ci maddəsi, insan hüquqları və əsas azadlıqlar haqda Avropa Konvensiyasının 4 saylı protokolu var. Orada yazılıb ki, borc öhdəliyini icra etməməyə görə kimisə həbs etmək olmaz. Ancaq əgər kimsə borcunu ödəmirsə, artıq məhkəməyə müraciət olunubsa, məhkəmənin qətnaməsi çıxıbsa, məhkəmənin hökmünə əməl etməməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Buna görə 1000 manatdan 3000 manatadək cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır".

Hüquqşünas bu məsələlərdə Azərbaycan məhkəmələrinin ədalətsiz davrandığını da etiraf etdi: "Bu səbəbdən birmənalı cavab vermək çətindir. Əgər şəxsin borc öhdəliyini yerinə yetirməməsinə görə məhkəmə qərarı qəbul edilibsə və həmin qətnamə qanuni qüvvəyə minibsə və borclu şəxs qərəzli olaraq borcu ödəməkdən imtina edirsə, bir daha vurğulayıram, "qərəzli olaraq" borcu ödəməkdən imtina edirsə, belə halda həmin şəxsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə cinayət məsuliyyətə cəlb edib cəzalandırmaq olar. Yəni bu halda şəxsin borcu ödəmək üçün imkanı var, lakin bundan imtina edir. Bizdə bu məsələlər çox biabırçı vəziyyətdədir. Bəzən müstəntiq özü də görür ki, şəxs həddindən artıq yoxsuldur, işləmir, əmək haqqı almır, xəstədir, ailəsini dolandıra bilmir. Ancaq götürüb onun haqqında ittiham aktı tərtib edir. Prokuror da onu təsdiq edir və göndərirlər məhkəməyə. Sonradan hakim də onun barəsində hökm çıxarır ki, cinayət məsuliyyətinə cəlb edilsin. Ancaq bu halda şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. O insanlara Cinayət Məcəlləsinin 306.1-ci maddəsini tətbiq etmək qeyri-mümkündür. Çünki maddədə söhbət şəxsin qərəzli olaraq məhkəmənin qərarına əməl etməkdən imtina etməsindən gedir".



5544 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930