Mobil versiya
Həyəcan: On minlərlə uşağı diri-diri qətlə yetirənlərlə nə etməli?!
Tarix: 12-03-2016 | Saat: 09:53
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



İslam dininə görə, məni ana bətninə düşdüyü an hamiləlik başlamış sayılır. Bətndəki uşaq (rüşeym) müxtəlif mərhələlərdən keçir, bir neçə aydan sonra ona ruh verilir. İslamda üstün və geniş yayılmış fikrə görə, hamiləliyin heç bir mərhələsində - nə ruh verilməzdən əvvəl, nə də sonra abort etdirmək olmaz və günah hesab edilir. Kimsə bu haram əməli etsə, bir insanı öldürmüş sayılır və şəriətə görə, qanbahası verməlidir. Aborta yalnız uşağın bətndə inkişafı və ya doğuluşu ananın həyatı üçün ölüm təhlükəsi yaratdıqda icazə verilir. Ananın, yoxsa uşağın həyatını xilas etmək seçimi yarandıqda uşağı tələf edib ananı xilas etməyə icazə verilir.

Həyəcan: On minlərlə uşağı diri-diri qətlə yetirənlərlə nə etməli?!

Milli qanunvericiliyimizə əsasən, qadın heç bir tibbi göstəriş olmadan da öz arzusu ilə hamiləliyin 12-ci həftəsinə abort etdirə bilər. Belə ki, hamiləliyin 12-ci həftəsinə qədər dölün cinsi dəqiq bilinmir. Yəni bu dövrədək edilən abort cinsi seçimlə əlaqəli deyil. Hamiləliyin növbəti mərhələsində isə dölün cinsi mənsubiyyəti aborta göstəriş ola bilməz. Bu zaman hamiləliyin pozulması tibbi və ya sosial göstərişlər nəzərə alınmaqla yalnız konsiliumun qərarı ilə aparıla bilər.



Son 5 ilin rəsmi statistikasına görə, ölkədə doğulan hər 112 oğlana 100 qız düşür. Mütəxəssislər deyirlər ki, əslində hər 100 oğlan uşağına 104 qız uşağı düşməlidir. Onlar hesab edirlər ki, cinsi seçimlə edilən abortlar həm ölkədə demoqrafik göstəricilərə, həm də anaların sağlamlığına mənfi təsir edir.



Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tədqiqatların açıqlanan nəticələrinə görə, Azərbaycanda abortlar əsasən ailəli qadınlar tərəfindən, xüsusən də ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə edilir. Məlum olub ki, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir dəfə abort etdirib. Maraqlısı budur ki, ən aşağı təhsilli və ən yuxarı təhsilli qadınlar başqa qadınlara nisbətən daha az abort əməliyyatı keçiriblər.



Rəsmi statistikaya görə, Azərbaycanda hər il orta hesabla 30 min abort əməliyyatı həyata keçirilir.

Belə ki, Azərbaycanda 2012-ci ildə abortların sayı 31000, 2013-cü ildə 27892, 2014-cü ildə isə 27220 olub. Abort etdirənlər arasında yenyetmələrin sayı da az deyil. Belə ki, ötən il 15-19 yaş arası abort etdirənlərin sayı 1147 nəfər olub. Bu göstərici yetkinlik yaşına çatmadan ailə quran yeniyetmə xanımların etdirdiyi abortların sayıdır.



Qeyd edək ki, bu, yalnız tibb müəssisələrində edilən abortların statistikasıdır. Təcrübə göstərir ki, əslində onların sayı bundan ən azı 2-3 dəfə çoxdur. Çünki bəzi qadınlar apteklərdə reseptsiz satılan dərman preparatlarını qəbul etməklə ev şəraitində və ya tibb işçilərinin köməyi ilə gizli qaydada da hamiləliklərini pozurlar. Həmin qadınlar yalnız hansısa fəsad yarandıqda tibb müəssisələrinə müraciət edirlər.

Beləliklə, yəni hər il Azərbaycanda valideynlər və tibb işçiləri böyük əksəriyyəti ciddi tibbi göstəriş olmadan 50-100 min arası insanı öldürürlər. Ona görə də bəziləri artıq bununla bağlı həyəcan təbili çalmağın, hətta bir sıra ölkələrdə olduğu kimi ümumiyyətlə abortun qadağan edilməsinin vaxtının gəlib çatdığını düşünür.



Məsələ iə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, eləcə də Səhiyyə komitələrinin üzvü Qənirə Paşayeva Milli.Az-a açıqlamasında deyib ki, qanunsuz olaraq gizli abort edənlər ciddi şəkildə cəzalandırılmalıdır ki, başqalarına da ibrət dərsi olsun:

"Hamiləliyin 12-ci həftəsindən sonra abort etmək qadağandır və bunu özbaşına həyata keçirən həkim məsuliyyət daşıyır. Yalnız ananın və ya uşağın həyatı üçün ciddi təhlükədən söhbət gedirsə, istisna hallar ola bilər. Amma bizdə abortlar çox zaman uşağın cinsinə görə seçimi əsasında baş verir və bəzi ailələr qız övladlarından imtina edirlər. Cinsi seleksiya oğlan sayının artması, qızların isə azalması problemini yaradır. Bu isə gələcəkdə, 20 ildən sonra cəmiyyətdə ciddi, çox ciddi problemlər yarada bilər. Ona görə də bunun qarşısını almaq üçün Azərbaycanda uşağın cinsiyyətinin bəlli olduğu dövrdə abortun həyata keçirilməsi tamamilə qadağan olunub. Bu əməliyyat yalnız ananın həyatı üçün ciddi risk olduğu zaman həkim komissiyasının qərarı ilə və geniş izahı verilməklə edilə bilər, daha hansısa ginekoloqun düşüncəsinin məhsulu olaraq yox. Lakin çox təəssüf ki, bu qadağadan sonra tibb işçilərinin abort proseslərini evlərdə, gizli yolla həyata keçirməsi halları baş verir ki, bu da böyük narahatlıq doğurur. Ona görə də qanunsuz olaraq gizli abort edən tibb işçiləri ciddi şəkildə cəzalandırılmalıdır ki, bu, başqaları üçün də dərs olsun. Çünki xəstəxanalardan kənar yerlərdə edilən abortlar anaların həyatı üçün ciddi təhlükələr yarada, ağır fəsadlara səbəb ola bilər".



Onun fikrincə, insanların arzuolunmaz hamiləlikdən qorunma yolları və vasitələri barədə məlumatsız olmaları, onlardan istifadə qaydalarını bilməmələri tez-tez hamilə qalmalarına və nəticədə tez-tez abort etmələrə gətirib çıxarır:

"Xüsusilə də bölgələrdə, kəndlərdə ata və anaların bilgisizliyi, bəzən isə məsələyə məsuliyyətsiz yanaşmaları ciddi narahatlıq doğurur. Onlar bilməlidirlər ki, abort qadının sağlamlığı, eyni zamanda gələcəkdə dünyaya gələcək digər övladın həyatı üçün böyük riskdir. Əgər ailə bir müddət uşağın olmasını istəmirsə, o zaman çalışmalıdır ki, ümumiyyətlə hamiləlik baş verməsin. Uşağın abort edilməsi həm dinimizə görə böyük günahdır, eyni zamanda qadın üçün həm psixoloji baxımdan da böyük zədədir, həm də sağlamlığı üçün təhlükəlidir. Baxırsız ki, 19-20 yaşlı gənc anadır, bir övladı da var, amma bir-birinin ardınca 3-4 abort həyata keçirir. Bilirsiz, bu həmin ananın sağlamlığı üçün, onun 10-15 ildən sonrakı orqanizmi üçün nə deməkdir? Bu, onun gələcəkdə digər övladını dünyaya gətirməsi üçün böyük problem yarada bilər".



Q.Paşayeva hesab edir ki, məsələ ilə bağlı aparılan maarifləndirmə işlərinin səviyyəsi qənaətbəxş deyil: "Müvafiq qurumlar tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Qadınların arzuolunmaz hamiləlikdən qorunma yollarının izahı, materialların yayılması, onların insanlara çatdırılması ilə bağlı geniş işlər görülməlidir. Bununla bağlı dövlət büdcəsindən vəsait də ayrılsa da, təəssüf ki, aparılan işlər çox zəifdir. Təəssüf ki, kütləvi informasiya vasitələrinin də bu istiqamətdə işi arzuolunan səviyyədə deyil. Televiziyalarda verilişlər, proqramlar, sosial çarxlar olmalı, mətbuatda yazılar yazılmalıdır. İnsanlar maarifləndirilməlidir".



Millət vəkilinin fikrincə, əgər belə hallar olarsa, ictimaiyyət də susmamalı, qanunsuz abortlardan xəbəri olanlar mütləq Səhiyyə Nazirliyinə və ya digər dövlət qurumlarına dərhal məlumat verməlidirlər.



Qeyd edək ki, Milli Məclisdə hazırlanan "Reproduktiv sağlamlığın qorunması haqqında" Qanunun qəbulundan sonra ana və körpənin sağlamlıq problemi kimi əsas olmadan abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanun layihəsinin Milli Məclisin 2016-cı ilin yaz sessiyası dövründə müzakirəyə çıxarılacağı gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024