Mobil versiya
Goranboy – Regionların Sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası uğurla davam edir
Tarix: 18-03-2020 | Saat: 14:24
Bölmə:Manşet / Ölkə | çapa göndər

Goranboy – Regionların Sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası uğurla davam edir




aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı ötən ilin əvvəlindən start verdiyi yeni layihəsini davam etdirir. Layihənin gedişində regionların dördüncü (2019-2023-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramının 1-ci ilinin yekunları və növbəti ildə icrasına başlanmış işlərlə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən bəhs olunacaq.

Layihənin növbəti seçimi Goranboy rayonudur.

Regionların 4-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında Goranboy rayonu üzrə 2019-cu il üçün nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. 18 fevral 2020-ci il tarixində keçirilmiş Goranboy Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar geniş iclasında təqdim olunan məlumatlarda da bu fakt öz təsdiqini tapmışdır. İclasda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar Goranboy rayonunun 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı ətraflı çıxış etmiş, hesabat ili ərzində istər respublika, istərsə də rayonda əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Geniş hesabat məruzəsi ilə çıxış edən rayon rəhbəri ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.



Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin mart ayının 3-də Goranboy rayonuna etdiyi səfər sakinləri daha böyük əzmlə çalışmağa ruhlandıran ən böyük stimul olub.

Tarixi səfər

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 3-də Goranboy rayonunda səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Daha sonra Ölkə Prezidenti Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.

Yol infrastukturu davamlı olaraq təkmilləşdirilir...



Məlumat üçün bildirək ki, uzunluğu 40 kilometr olan Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolu üçüncü və dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 7-8 metr arasında dəyişən yolda iki hərəkət zolağı var. Bu yolun tikintisi dövlətimizin başçısının ötən ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Ümumilikdə 32 min əhalini əhatə edən 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 21 milyon manatdan çox vəsait ayrılıb. Bu yol həmin yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək. Qeyd edək ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Belə layihələrdən biri də Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisidir.

Əhalinin sağlamlığı dövlətin daim diqqət mərkəzindədir...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra, xəstəxanada yaradılan şəraitlə tanış olub və xəstəxananın kollektivi ilə görüşüb.
Məlumat bildirək ki, 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının ərazisi 4 hektardır. Tikintinin ümumi sahəsi isə 21 min kvadratmetrdən çoxdur. Cərrahiyyə, terapiya, pediatriya, fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada xaricdə istehsal olunan ən müasir tibbi avadanlıq quraşdırılıb. Bu tibb müəssisəsində şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr də fəaliyyət göstərir. Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsi yerləşir.

Rayonda xalçaçılıq daha sürətlə inkişaf edəcək...

Goranboya səfəri çərçivəsində dövlət başçımız həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu rayondakı filialının fəaliyyəti ilə tanış olub.
Ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasının tikintisi Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin mayında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Gəncə şəhərində, Daşkəsən, Goranboy, Gədəbəy, Samux və Şəmkir rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı və bıçaqla təmin edilib. Burada 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Toxucular Goranboy yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Qeyd edək ki, “Azərxalça” ASC fəaliyyətə başlayandan artıq onun bir çox regionlarda filialları yaradılıb. Goranboy filialı da xalçaçılığın bu regionda inkişafına ciddi töhfə verəcək.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir



“Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Goranboy şəhəri, Civəzadə küçəsi, 17 ünvanda inşa edilmiş 5 mərtəbəli, 40 mənzilli yaşayış binası bu günlərdə sahiblərinin istifadəsinə verilib. Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və 40 mənzilli yaşayış binasında mənzillərin püşkatma yolu ilə bölüşdürülməsi ilə əlaqədar yaradılmış müvafiq Komissiyanın üzvlərinin iştirakı ilə, mənzillərin püşkatma yolu ilə bölgüsü aparılıb. Püşkatmaya uyğun olaraq, tam ədalətli şəkildə mənzillər öz sahiblərinə verilib, bununla bağlı müvafiq akt tərtib edilib. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev mənzil sahiblərini bayram münasibəti ilə təbrik edərək bu mənzilin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbəsi günü Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Goranboylulara bir bayram hədiyyəsi olduğunu bildirib.



Rayon sakinləri ilə keçirilən görüşlər bu ilin əvvəlində də yüksək intensivliklə davam etdirilib

Rayonda gedən prosesləri müşahidə edərək belə bir qənaətə gəlmək olur ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin fəaliyyətinin əsaslarını təşkil edən iş prinsiplərindən biri də rayonun əhalisi ilə mütəmadi görüşlərin keçirilməsidir. Belə ki, yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim icra başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir.
O cümlədən, cari ilin ilk aylarında da cənab Məhərrəm Quliyev tərəfindən ardıcıl olaraq bir sıra belə görüşlər keçirilmişdir. Belə ki, Goranboy rayon icra hakimiyyəti başçısı 03 yanvar 2020-ci il tarixdə rayonun Rus Borisi kəndində, yanvar ayının 10-da rayonun Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, 17 yanvar 2020-ci il tarixdə rayonun Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, yanvar ayının 21-də Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, yanvar ayının 28-də Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, fevral ayının 4-də Dəliməmmədli şəhərində, 27 fevral 2020-ci il tarixdə, rayonun Qurbanzadə kəndində və mart ayının 5-də Fəxralı kəndində əhali ilə görüşlər keçirmişdir.
Keçirilmiş bu görüşlərdən hər birinin insanların sosial-məişət problemlərinin həlli baxımından böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq demək olar ki, Goranboy rayon İcra Hakimiyyətinin fəaliyyətini istiqamətləndirən əsas prinsiplərdən ən vacibi məhz vətəndaş məmnunluğunun təmin edilməsidir. Amma təəssüflər olsun ki, son vaxtlar ölkə mətbuatında Goranboy RİH-nin fəaliyyətilə bağlı dərc olunan və əslində mövcud reallıqları tamamilə təhrif edən bəzi yazıların müəllifləri bütün bu uğur və nailiyyətlərə göz yummağa çalışırlar. Həmin müəlliflərə demək istərdik ki, məqsədlərinin nədən ibarət olmasından asılı olmayaraq, öz yazılarında hər zaman obyektivliyi və dürüstlüyü təmin etməyə çalışsınlar.

Biz isə öz növbəmizdə hörmətli Məhərrəm Quliyevi və onun timsalında bütün Goranboy sakinlərini Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara doğma Azərbaycanımızın daha da inkişafı yönümündə gördükləri bütün işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.


aia.az
Orxan Əsədov
Həsən Mahmuov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024