Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 29-01-2020 | Saat: 16:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 78 saylı Lerik Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 78 saylı Lerik Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Lerik rayonunda olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu Lerik şəhərində, eləcə də ətraf qəsəbə və kənd ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 132 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 13 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 119 respondentdən 84 nəfəri isə sualımızı “mən yenə də İqbal Məmmədova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 63,6 faizi Milli Məclisə deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədova etimad göstərəcəklərini bildirmişlər.

İqbal Məmmədov 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyəti dövründə Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində çalışaraq, operatorluqdan rəis müavininə kimi yüksəlib. 1996-cı ildə Xəzəryanı ölkələrdə analoqu olmayan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisəsinin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.
Sahibkarlıq fəaliyyəti ilə Azərbaycanın iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib.
IV və V çağırış Milli Məclisin deputatı, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olub.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Lerik şəhər sakini, turizm üzrə mütəxəssis: “2015-ci ildə olduğu kimi, bu il də İqbal müəllimin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu isə partiya tərəfindən İqbal müəllimə göstərilən yüksək etimad deməkdir. Əlbəttə ki, bu faktın özü bütün leriklilər üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim insanlar özləri də hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olublar. Deməli bizi parlamentdə təmsil edən deputatımız da məhz bu ideyalara sadiq adam olmalıdır. İqbal Məmmədovun namizədliyinin YAP tərəfindən ardıcıl irəli sürülməsi də onun həyat və fəaliyyətində məhz bu prinsipləri əldə rəhbər tutduğuna dəlalət edir. Şübhə etmirəm ki, məhz bu hal bir çox seçicilər üçün həlledici amil kimi çıxış edəcək. Şəxsən mən bu qənaətdəyəm ki, bizim Milli Məclisdə deputatımız məhz İqbal Məmmədov olacaq...”

Vamazgon kənd sakini, təqaüdçü: “Bizim namizədimiz İqbal Məmmədovdur. Onun biz sakinlərlə keçirdiyi görüşlərin birində iştirak etsəniz, insanlarımızın İqbal müəllimə necə münasibət bəslədiklərini öz gözlərinizlə görsəniz belə suallara da ehtiyac qalmaz. Tez-tez gəlir bizim kəndlərə. Həm doğma yurdudur, həm də bizim problemlərlə maraqlanır. Allah ondan razı olsun, indiyə qədər heç kimi naümid qaytarmayıb. Kimin nə dərdi-səri, nə müşkül məsələsi olubsa, müraciət edib İqbal müəllimə. O da hər dəfə mütləq köməklik göstərib, məsələni həll edib. Başqa cür ola da bilməz. Biz ona etimad göstəririksə, deməli İqbal müəllim buna layiqdir. Hər zaman yanımızdadır, hər zaman bizimlədir. Əlbəttə ki, biz bu seçkilərdə də yalnız İqbal Məmmədova səs verəcəyik...”

Lerik sakini, sahibkar: “Sözsüz ki, mən İqbal Məmmədova səs verəcəyəm. Həm tanınmış iş adamıdır, həm də bu rayonun insanıdır. Problemlərimizə, insanların dərd-sərinə necə deyərlər, daxildən bələddir. Rayonumuzda kiçik və orta sahibkarlığın inkişafına da hər zaman dəstək olub. Əlbəttə ki, bu, çox vacib bir məqamdır. Rayonda sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı deməkdir. Yeni iş yerlərinin açılması, insanların rifahının daha da yüksəlməsi deməkdir. Əbəs yerə deyil ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev də bizim deputatımızı məhz Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edib. Leriklilər də çox istəyirlər İqbal müəllimi. Neçə ildir ki, bizim deputatımızdır. Hər zaman da bizi Milli Məclisdə ləyaqətlə təmsil edib. Bütün bunlara görə də insanlarımız arasında nüfuzu, hörməti var İqbal müəllimin. Düzdür, bu seçkilərdə Lerikdən namizədlərin sayı çoxdur. Amma inanıram ki, səs çoxluğu yenə də İqbal Məmmədovda olacaq ...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz doqquzuncu sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024