Mobil versiya
Allahşükür Paşazadə Qətər səfirini qəbul edib
Tarix: 23-01-2020 | Saat: 18:25
Bölmə:Gündəm | çapa göndər

Allahşükür Paşazadə Qətər səfirini qəbul edib


Yanvarın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qətər dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı qəbul edib.



İdarədən aia.az-a verilən məlumata görə, səfiri salamlayan və ona ölkəmizdəki fəaliyyətində uğurlar diləyən QMİ sədri Azərbaycanla müsəlman dünyasının seçilən ölkələrindən olan Qətər arasında bütün sahələr, o cümlədən, mədəni-mənəvi sahədə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. O, Qətər dövlətinin beynəlxalq səviyyədə əməkdaşlıq işinə böyük töhfələr verən məkana çevrildiyini xüsusi vurğulayıb.



Azərbaycan dövlətinin son dövrlər dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində aparıcı təşəbbüslər və ideyalar mərkəzi kimi tanınmasından, mədəniyyətlər və sivilizasiyalararası dialoqa dair qlobal əhəmiyyətli beynəlxalq forumların keçirildiyi ənənəvi ünvana çevrilməsindən fəxarət duyduğunu bildirən Şeyxülislam A. Paşazadə bu işlərdə dövlət başçımızın rolunu xüsusi vurğulayıb.



QMİ sədri 2017-ci ildə İdarə nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu istiqamətdə səy göstərdiyini bildirərək, Azərbaycanda Prezident İlham Əliyevin qlobal ideyaları, tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın bir çox ölkələrində keçirilmiş beynəlxalq konfranslar barədə səfiri məlumatlandırıb. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin doğurduğu beynəlxalq rezonans barədə məlumat verib. O bildirib ki, Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı var və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirib.



Şeyxülislam vurğulayıb ki, dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirməsi böyük dəyər kəsb edir. QMİ sədri Sammitdə nifrət çağırışlarına qarşı, dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksinin tapmasını müsbət dəyərləndirdiyini bildirib.



Şeyxülislam səfirə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAASİİD Beynəlxalq Mərkəzi ilə əməkdaşlıqda bu ilin payız aylarında Şərqi Avropada keçirilməsi nəzərdə tutulan, məhz bu mövzuya həsr olunmuş beynəlxalq konfrans barədə danışıb.



Qətərli səfir, öz növbəsində, Şeyxülislam A. Paşazadəyə səmimi qəbul üçün minnətdarlığını bildirərək, Qətər dövləti tərəfindən QMİ sədrinə ünvanlanmış dəvət barədə məlumatlarını bölüşüb və Şeyxülislamın dəvəti qəbul edərək Dohaya təşrif buyuracağına ümidvar olduqlarını bildirib. Azərbaycan və Qətər dövlətləri, xalqları arasında əlaqələrin və mənəvi bağların daha da dərinləşməsi üçün səylərini əsirgəmədiklərini bildirən səfir, bu baxımdan, dövlət və din xadimləri səviyyəsində qarşılıqlı səfərlərin böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb. Səfir Şeyxülislama İslamda insan hüquqlarına dair nəfis nəşri təqdim edib. Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024