Mobil versiya
Sumqayıt Dövlət Texniki Kolleci – Yeniliklər uğurla tətbiq olunur
Tarix: 14-01-2020 | Saat: 16:59
Bölmə:Təhsil | çapa göndər

Sumqayıt Dövlət Texniki Kolleci –


Dosent Mətanət Pirquliyeva: "Müasir tədris metodikalarının və İKT vasitələrinin tətbiqi, eləcə də tədris və imtahan proseslərində şəffaflığın təmin olunması hesabına məzunlarımızın ixtisaslar üzrə peşəkarlıq səviyyələri xeyli yüksəlib”

Bu günlərdə əməkdaşımız Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində olub. Məqsəd hazırda davam edən 2019-2020-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının gedişi və ümumilikdə kollecdə son vaxtlar gedən proseslər, tətbiq olunan yeniliklər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Əməkdaşımızı qəbul edən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, ölkənin əməkdar müəllimi, dosent Mətanət Pirquliyeva bizi maraqlandıran bütün məsələlər barədə ətraflı məlumat verib.

İlk növbədə qeyd etmək istərdik ki, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr mütəxəssislərinin hazırlanmasını həyata keçirən tədris müəssisisədir. Kollec 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmışdır. Müəssisənin ilk adı Sumqayıt Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya Texnologiya Texnikumu olmuş, 1992-ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır. 2002-ci ildə isə texnikumunun adı dəyişdirilib Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır. 2016-cı ildən Kollec Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir. Kompleks təhsil müəssisəsi olan kollecin 35 auditoriya və fənn tədris kabineti, müəllimlər otağı və inzibati otaqların yerləşdiyi 2 və 3 mərtəbəli iki tədris binası və 3 mərtəbəli tələbə yataqxanası vardır. Kompleksə həmçinin 100 nəfərlik akt zalı, idman zalı, mini futbol meydançası, voleybol meydançası daxildir. Bu gün Sumqayıt Dövlət Texniki Kollecində təxminən 1200 nəfərə yaxın tələbə 13 ixtisas üzrə əyani şöbədə və 7 ixtisas üzrə qiyabi şöbədə təhsil alırlar. Həmçinin kollecdə 175 nəfərlik işçi heyət çalışır ki, bunlardan da 100 nəfəri ümumtəhsil və ixtisas fənn müəllimləridir.

Təbii ki, bu gün ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin fəaliyyətində ictimaiyyəti maraqlandıran əsas cəhətlərdən biri də tədris və imtahan proseslərində şəffaflığın nə dərəcədə təmin olunması ilə bağlıdır. Məhz bu baxımdan Sumqayıt Dövlət Texniki Kollecində tətbiq olunan bir sıra yeniliklər öz effektivliyi ilə diqqəti cəlb edir. Əməkdaşımızla olan söhbətində Mətanət xanım bildirib ki, hazırda Sumqayıt Dövlət Texniki Kollecinin idarə olunması Pedaqoji şura, direktor, direktor müavinləri, şöbə müdirləri, fənn birləşmə komissiyaları sədrləri tərəfindən həyata keçirilir.

M.Pirquliyeva: "Xüsusilə son illər kollecin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə bir çox əhəmiyyətli tədbirlər həyata keçirmişik. Belə tədbirlərdən biri də imtahan sessiyası zamanı "Açıq qapı” günlərinin keçirilməsidir. Bu gün siz özünüz də növbəti belə bir tədbirin iştirakçısısınız. Kollecin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələri və valideynlərin iştirakı ilə keçirilən "Açıq qapı” günlərində imtahanların təşkilinə dair bir çox suallar öz cavabını tapır. Qeyd edim ki, Sumqayıt Dövlət Texniki Kollecində imtahanlar Nazirlər Kabinetinin "Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun həyata keçirilir. Həmçinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün Təhsil nazirinin əmrinə uyğun olaraq kollecdə sessiya dövründə "İmtahan qərargahı” yaradılır...”

Məlumdur ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Təhsilin məhz bu qolu iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır.

M. Pirquliyeva: "Orta ixtisas təhsilinin əsas üstünlüklərindən biri də odur ki, bu təhsilin məzmunu əmək bazarının dəyişən şəraitinə və işəgötürənlərin tələblərinə daha tez uyğunlaşır. Təsadüfi deyil ki, hazırda məhz kollec məzunları ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilməkdədirlər. Onların mürəkkəb texniki və texnoloji sistemlərin fəaliyyətinin təmin olunması, informasiyaların toplanması və işlənməsi sahəsində rolu xüsusilə böyükdür. Belə mütəxəssislər istehsalatda daha çox texnik, texnoloq, mexanik, elektrik, elektronçu, proqramçı, konstruktor vəzifələrində, maddi-texniki təchizat və məmulatlara texniki nəzarət xidmətlərində, qeyri-istehsal sahələrində yüksək səmərəliliklə çalışırlar. Bu səmərəlilik isə əlbəttə ki,məzunların ixtisas üzrə peəşəkarlıq səviyyəsilə müəyyən edilir. Biz də öz məzunlarımızın yüksək peşəkarlığını təmin etmək üçün müasir tədris metodikalarının və İKT vasitələrinin tətbiqi intensivləşdirməyə, eləcə də tədris və imtahan proseslərində şəffaflığın maksimum təmin olunmasına çalışırıq. Özünüzün də şahidi ola biləcəyiniz kimi, bu gün kollecdə keçirilən imtahanlarda müəllimlər iştirak etmirlər. Bundan başqa, imtahan keçirilən fənnlə yanaşı tələbənin ad və soyadı da kodlaşdırılır. Buna görə də işi qiymətləndirən müəllim yoxladığı cavabların kimə məxsus olduğunu bilmir. Sonda nəticə tələbələrə kodlar üzrə elan edilir. İmtahanların nəticələrindən narazı qalan tələbələr olduqda isə, onlar xüsusi yaradılmış apellyasiya komissiyasına müraciət edə bilərlər...”

Bu gün müasir təhsilin irəli sürdüyü ən vacib tələblərdən biri də təhsil müəssisəsinin maddi-texniki bazasının yüksək səviyyədə olmasıdır. Məhz bu baxımdan da Sumqayıt Dövlət Texniki Kollecində mövcud vəziyyət kifayət qədər qənaətbəxşdir. İki il bundan öncə, daha dəqiq desək 2017-2018-ci tədris ilinin başlanğıcında tam təmir olunaraq istifadəyə verilmiş kollec müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Burada 6 ədəd elektron lövhə, 10 ədəd proyektor, 7 ədəd skaner, printer və sürətçıxaran, 3 ədəd televizor və digər cihazlar tələbələrin istifadəsinə verilmişdir.

M. Pirquliyeva: " Bu gün kollecimizdə müasir texniki təlim vasitələri ilə təchiz olunmuş, əyani tədris ləvazimatları ilə tərtib edilmiş fənn kabinetləri, emalatxana, kitabxana, oxu zalı, idman meydançası, trenajor zalı və kompüter otaqları da tələbələrin ixtiyarındadır. Bütün fənn kabinetləri və auditoriyalarda parta və stullar yeniləri ilə əvəz olunmuşdur. Kimya və fizika laboratoriyaları yaradılmışdır. Kollecimizdə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat və informatika, İngilis dili, Gənclərin çağırışaqədərki hazırlığı, Yol hərəkətinin təşkili, Avtomobil nəqliyyatının hərəkət tərkibi, Rəsmxət, Texniki mexanika, Mühasibat uçotu, Maliyyə, Elektrotexnika, Biologiya və sairə fənn kabinetləri fəaliyyət göstərir. Həmçinin kollec kifayət qədər böyük kitabxanaya malikdir. Kitabxanada 2 ədəd stolüstü kompüter, 1 ədəd printer, 1 ədəd sürətçıxaran vardır. İnternetə çıxış var. Kitab fondunun ümumi sayı 23416 ədəd, dərslik fondunun sayı 4350 ədəddir. Bədii ədəbiyyat 17219 ədəd təşkil edir.

Bundan başqa kollecdə 2 İKT otağı vardır. Tələbələrimiz kompüterlərin quruluşunu əyani şəkildə öyrənmək imkanı əldə ediblər. Ümumilikdə kollecdə 54 ədəd kompüter, 10 ədəd noutbuk və internetə birbaşa çıxış vardır. Müəllim və tələbələr güclü internet xidmətindən istifadə edirlər.”

Sonda xüsusi olaraq bir məqamı da vurğulamaq istərdik ki, bu gün Sumqayıt Dövlət Texniki Kollecində müşahidə olunan inkişaf, tələbələrin ixtisas biliklərinə mükəmməl yiyələnmələri üçün tələb olunan şəraitin mövcudluğu, tədrisin yüksək səviyyədə təşkili və bir çox digər uğurlardan danışarkən, kollecin direktoru Mətanət Pirquliyevanın bütün bu proseslərdə rolu xüsusilə qeyd olunmalıdır. Belə ki, artıq uzun müddətdən bəri bu orta-ixtisas təhsili müəssisəsinə rəhbərlik edən Mətanət xanım kollecin səmərəli fəaliyyətinin təmin olunması üçün hər zaman fədakarlıqla çalışmışdır. Bu gün Sumqayıt Dövlət Texniki Kollecində tələbələrin ketfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradılmasında, onların fərqli və daha effektiv təcrübə keçmə metodikasının tətbiqində, bu məqsədlə yerli və xarici şirkətlərlə əlaqələrin qurulmasında və digər bu kimi işlərdə də Mətanət Pirquliyevanın böyük əməyi vardır.

Arzuman Nəbiyev,

"Yeni Sözçü" qəzeti






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024