Mobil versiya
DTX məktəblərdə interaktiv seminarlar keçirib - FOTO
Tarix: 19-12-2019 | Saat: 16:47
Bölmə:Manşet / Gündəm | çapa göndər

DTX məktəblərdə interaktiv seminarlar keçirib -


Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən aia.az-a verilən məlumata görə, cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar.

Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur.

Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri – terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrıseçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkədə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.

DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi də dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Seminarlar DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimləri, DTX-nin təcrübəli əməkdaşları və digər ali təhsil müəssisələrinin bu sahə üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır.

DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara rayonun 41 məktəb və kollecinin müəllim və şagirdləri qatılıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən video-çarx nümayiş olunub.

Tədbiri Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Fuad Cabbarov açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun, DTX-nin əməkdaşı R.Bayramlının “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” və digər aktual mövzularda məruzələri dinlənilib.

Seminarda yuxarı sinif şagirdləri Səadət Vəliyeva və Sərxan Osmanov sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar sonra şagirdlərin yaxından iştirakları ilə onları maraqlandıran suallar ətrafında interaktiv müzakirələrlə davam edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024