Mobil versiya
Qaçan sürücüyə cərimə yaza bilməyəcəklər - Yenilik
Tarix: 09-02-2016 | Saat: 11:30
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




Yeni dəyişiklik məsuliyyətə cəlb etmə təcrübəsini bir az da bərbad vəziyyətə salacaq.

Mayın 1-dən qüvvəyə minəcəyi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (IXM) sürücünün sərxoşluğun müayinəsindən imtinaya görə məsuliyyəti ilə bağlı normada da dəyişikliklər edilib. Bu dəyişiklik DYP əməkdaşının dayandırdığı yerdə sərxoşluğun müayinəsindən boyun qaçıran sürücünü həmin xətaya görə məsuliyyətə cəlb etməyi qeyri-mümkün edir. Başqa sözlə, sürücü yalnız tibbi müəssisəsində müayinəyə aparıldıqdan sonra müayinədən imtina edərsə, onun boyun qaçırmaya görə məsuliyyətə cəlb edilməsi mümkündür. Sürücü DYP-nin saxladığı yerdə müayinədən boyun qaçırmağa nail ola bilsə (məsələn, qaçıb aradan çıxmaqla), onun boyun qaçırmaya görə məsuliyyətə cəlb edilməsi qanunsuz olacaq. Aydın məsələdir ki, yeni normada “tibbi müayinəyə aparılmış” dedikdə, DYP əməkdaşları tərəfindən sərxoşluğun müayinəsi üçün tibb müəssisəsinə gətirilmiş şəxs başa düşülür.

İXM-in bu yeni norması, yəqin ki, tibbi müayinədən boyun qaçırmaya görə məsuliyyətə cəlb etmə məsələsindəki mümkün neqativ halları istisna etməyə, xüsusən bu norma üzrə əsassız məsuliyyətə cəlb etməni aradan qaldırmağa yönəlib. Bu mənada həmin yanaşmanı pozitiv hesab edərək alqışlamaq lazımdır. Amma həmin normanın təklif edilən yeni variantda qəbulu sərxoşluğun müayinəsindən boyun qaçırmağa görə məsuliyyətə cəlb etmə təcrübəsini bir az da bərbad vəziyyətə salacaq. Məsələ burasındadır ki, sürücünün məcburi tibbi müayinəsinin hüquqi mexanizmi nə İXM-də, nə də hər hansı başqa qanunvericilik aktından nəzərdə tutulmur. Lakin məcburi tibbi müayinə birbaşa olaraq insan hüquq və azadlıqlarına müdaxilədir, ona görə onun dəqiq mexanizmi, özü də məhkəmə təminatlı mexanizmi olmalıdır. “Yol hərəkəti haqqında” Qanunda sürücünün sərxoşluqla bağlı tibbi müayinədən keçməsinin məcburi olması məhz elə o deməkdir ki, keçməkdən boyun qaçırmaya görə məsuliyyət nəzərdə tutulur. Amma bu müddəa o demək deyil ki, tibbi müayinədən imtina edən sürücü zorla tibb müəssisəsinə aparılmalıdır. Hər hansı sürücü sərxoşluğun müayinəsindən imtina etdikdə bunun yolverilməzliyi və belə imtinaya görə məsuliyyətin mövcudluğu ona xatırlanmalı, daha sonra həmin sürücü imtinaya görə inzibati məsuliyyətə cəlb edilməlidir. Yox, əgər tibbi müayinə hər bir halda qaçılmaz sayılacaqsa, onda sürücünü zorla tibbi müayinə etməyin mexanizmi nəzərdə tutulmalıdır.

Təsadüfi deyil ki, sərxoşluğun müayinəsindən imtinaya görə nəzərdə tutulan sanksiya, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə nəzərdə tutulan sanksiyadan daha sərtdir. Məsələn, hazırda qüvvədə olan İXM-in 152-1.1-ci maddəsinə əsasən, sürücülük hüququ olan şəxs sərxoş vəziyyətdə avtomobili idarə edərsə, 300 manat miqdarında cərimə edilir və ya sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Amma sürücülük hüququ olan şəxs sərxoşluğun müayinəsindən boyun qaçırarsa, İXM-in 156.1-ci maddəsinə əsasən, o, srücülük hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300-700 manatadək miqdarda cərimə edilir və ya srücülük hüququ 1-2 ilədək müddətə məhdudlaşdırılmaqla 10 günədək inzibati həbs olunur.

2012-ci ildə şəxsən mənim də təşəbbüsümlə qanunvericiliyə daxil edilmiş bu yanaşma (yəni boyun qaçırmaya görə sərxoş idarə etmədən daha sərt tənbeh nəzərdə tutulması) məhz elə o məqsədlə edilib ki, hər hansı sürücünü zorla sərxoşluğun müaiynəsinə aparmağa zərurət olmasın. Boyun qaçırma olduqda, sadəcə bunun nəticələri sürücüyə izah edilməli, daha sonra boyun qaçırma lazımi qaydada rəsmiləşdirilməli və həmin şəxs məsuliyyətə cəlb edilməlidir. Ən başlıcası isə odur ki, sərxoşluğun müayinəsi yalnız sərxoşluğun aşkar əlamətləri olduqda tələb edilməlidir.

Yeni layihənin mayın birindən qüvvəyə minəcəyi gözlənilir və boyun qaçırma ilə bağlı layihədəki norma olduğu kimi qüvvəyə minərsə, həmin normanın tətbiqi təcrübəsi sıfıra yaxın olacaq. Əvəzində sürücülərlə DYP əməkdaşları arasında insan hüquq və azadlıqları zəminində mübahisələr yaranacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024