Mobil versiya
Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündür
Tarix: 11-10-2019 | Saat: 10:34
Bölmə:Gündəm | çapa göndər

Bu gün üç Milli Qəhrəmanın şəhid olduğu gündür


Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanının şəhid olduğu gündür.
AzVision.az -ın məlumatına görə, hər üç Milli Qəhrəman 1992-ci ildə şəhid olub.

Zakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulub. 1974-cü ildə 194 saylı məktəbi bitirib və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa vurub və Yevlaxda işə başlayıb. AN-2 təyyarəsinə komandir təyin edilib. Respublika ilk hərbi vertolyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhdəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birgə gəldi. Hərbi təlimlər keçiblər və ardınca Qarabağa uçuşlar ediblər. Bu uçuşlardan ən uğurlusu 11 apreldə olub. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edib. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv edib.

O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazıb. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vurulub.

Səfiyan kəndi istiqamətdə uçarkən vurulan vertolyotun heyəti həlak olub. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



Tahir Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. 1974-cü ildə Şirvan şəhərində 8-ci sinifi bitirib. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Tahir Bağırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulub. 1992-ci ilin 1 mart tarixində N saylı hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunub, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helikopterində bort atıcısı vəzifəsinə keçirilib. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.



Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Laçın polisində işlədiyi dövr Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, müalicə olunaraq cəbhəyə qayıdıb.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü olub. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024