Mobil versiya
Distant təhsilin tətbiqi universitetlərin gəlir əldə etməsi və xaricdən tələbə axını baxımından əhəmiyyətlidir
Tarix: 02-10-2019 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər

Distant təhsilin tətbiqi universitetlərin gəlir əldə etməsi və xaricdən tələbə axını baxımından əhəmiyyətlidir


Müasir texnologiyaların inkişafı informasiyanın, biliyin çatdırılma imkanlarını daha da genişləndirir. Təhsil xidmətlərinin təqdim edilməsinin yüksək operativliyini təmin edən və dünyanın ən uzaq nöqtəsindən insanlara ən nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradan distant təhsil cəmiyyətin yeni tələblərinə cavab verən adekvat təhsil formasıdır. Bəs Azərbaycanda distant təhsil formasının tətbiqi nə yerdədir?

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev distant təhsilin Azərbaycanda tətbiqi üçün müvafiq mexanizmlərin hazırlanılb qəbul edilməsini zəruri hesab edir. Azərbaycanın distant təhsilin tətbiqində çox ləngidiyini bildirir: “Distant təhsil layihəsi artıq ötən əsrin 80-ci illərindən ABŞ-da və Qərbdə tətbiq olunur və kifayət qədər uğur qazanmış bir təhsil formasıdır. Əvvəllər distant təhsilin həyata keçirilməsi üçün bir çox Qərb ölkələrində ayrıca universitetlər yaradılmışdır. Lakin sonradan həm informasiya kommunikasiya texnologiyalarının imkanları artdı, həm də informasiya cəmiyyətinin tələbləri ilə bağlı olaraq dünyanın aparıcı universitetləri də distant təhsil xidməti göstərməyə başladı. Bu gün bütün qabaqcıl universitetlərdə distant təhsildən istifadə olunur. Bu da onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycanda da buna şərait yaradılmalıdır”

Etibar Əliyevin fikrincə, Azərbaycanda da ənənəvi təhsillə yanaşı distant təhsilin tətbiqinə başlanılması müsbət nəticələr verə bilər: “Bilirsiniz ki, son illər Azərbaycanda bir çox universitetlərdə ciddi islahatlar aparılır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi professor-müəllim heyətinin təkmilləşməsi, keyfiyyətli təhsil mühitinin yaradılması, imtahanların şəffaf şəkildə keçirilməsi istiqamətində ciddi işlər görülüb. Bu cür islahat aparılan universitetdə mən düşünürəm ki, distant təhsil layihəsi daha böyük uğur qazana bilər. Çünki belə universitetlərimiz distant təhsilə başladıqda yalnız ölkə daxilindən deyil, həm də xaricdən xeyli sayda tələbə cəlb edə biləcək. Yəni, həmin universitetin nüfuzu, reytinqi olmalıdır ki, distant təhsil üçün tələbə toplaya bilsin. İslahatlar aparılmayan universitetlərdə belə distant təhsilin qurulması çətinlik yarada bilər”.

E.Əliyevin sözlərinə görə, UNEC Eksterndə distant təhsil üçün hər bir şərait yaradılıb: “UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Əminliklə söyləmək olar ki, bu universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Bu nümunədən digər universitetlər də istifadə edə bilər”.

Ekspert bildirdi ki, distant təhsilin qiyabi təhsili əvəz etməsi ilə bağlı fikirləri də doğru hesab etmir: “Distant təhsil tamamilə başqa formada tətbiq olunan təhsil növüdür. Burada elə bir mühit yaradılmalıdır ki, tələbə özünü əyani təhsildəki kimi auditoriyada hiss etsin. Düşünürəm ki, həm UNEC Eksterndə yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı, distant təhsilin bu formada verilməsi üçün şərait yaradır”.

E.Əliyev qeyd etdi ki, müasir dövrdə təhsilin müxtəlif növləri vətəndaşlara təklif olunmalıdır: “Distant formada təhsil almaq da vətəndaşın hüququdur. Bu təhsil növünün Azərbaycanda tətbiqi həm də ali təhsilin kütləviləşməsinə səbəb olar. Bundan qorxmaq lazım deyil. Bu proses bütün dünyada gedir. Vaxtında distant təhsili tətbiq etmədiyimizdən, ali təhsilli insanların sayı bizdə çox azdır. Biz hər 10 minə düşən tələbə sayına görə postsovet məkanına daxil olan ölkələrdən də geridə qalırıq.Təbii ki, təhsilin kütləviləşməsiylə yanaşı, keyfiyyəti də artmalıdır. Siz də şahidisiniz ki, ötən əsrin 90-cı illərində xeyli sayda özəl ali məktəblər yarandı. İndi o ali məktəblərin yarısı yoxdur. Keyfiyyətsiz təhsil ucbatından həmin ali məktəblərə gedən olmadı və onlar bağlandı. Keyfiyyətsiz distant təhsil verən universitetləri də eyni aqibət gözləyəcək.”

Ekspert yaxın vaxtlarda qəbul edilməsi gözlənilən “Ali təhsil haqqında” Qanunda distant təhsilin tətbiqi ilə bağlı müddəaların da əks olunmasını zəruri hesab edir: “Parlamentin komitə sədri İsa Həbibəyli “Ali təhsil haqqında” Qanun layihəsinin artıq hazır olduğunu bildirir. İnanıram ki, ölkədə distant təhsilin tətbiqi o layihədə öz əksini tapacaq. Düşünürəm ki, deputatlar da bunu dəstəkləməlidir. Nəzərə almaq lazımdır ki, bu həm də universitetlərimizin gəlir əldə etməsi, xaricdən Azərbaycan ali məktəblərinə tələbə axını baxımından da əhəmiyyətlidir. Müasir dövrdə tələbələrin təhsil üçün başqa bir ölkəyə getməsi, həmin ölkədə yaşaması heç də asan deyil. Eyni zamanda bir çox universitetimizin yataqxanası olmadığından, tələbə cəlb etməkdə çətinlik çəkir. Bu baxımdan distant təhsili tətbiqinin olduqca böyük əhəmiyyəti var. Ona görə də düşünürəm ki, deputatlar bu təhsil formasının Azərbaycanda tətbiq edilməsini dəstəkləyəcəklər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024