Mobil versiya
Göygöl Milli Parkı – unikal ekosistem etibarlı mühafizə olunur
Tarix: 26-09-2019 | Saat: 15:33
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Göygöl Milli Parkı – unikal ekosistem etibarlı mühafizə olunur




Xaliq İsgəndərovun rəhbərliyi altında Milli Park kompleksinin işçi kollektivi öz vəzifələrinin öhdəsindən yüksək peşəkarlıqla gəlir

Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ilin 1 aprel tarixində yaradılmışdır. Milli Park Azərbaycanın qərbində Göygöl rayonun inzibati ərazisində yerləşir. Ərazisi 12,755 hektardır. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və Goranboy, Daşkəsən və Göygol rayonlarından verilən Fond və yaylaq torpaqlarınn hesabına yaradılmışdır.Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.

Həqiqətən də Göygölün gözəlliyini tərənnüm etmək üçün insan söz tapmaqda çətinlik çəkir. Bununla belə əsil Milli sərvətimiz olan Göygölün də, ən azından bizim ona olan ehtiyacımız qədər, bizə, bizim müdafiəmizə və qayğımıza ehtiyacı var. Bu qayğını isə bu gün hamımızın adından Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərovun rəhbərlik etdiyi kollektiv həyata keçirir.

Ekosistemin qorunması məsələsi başlıca vəzifədir



Hazırda milli parkda 70 nəfərə yaxın işçi çalışır.Xaliq İsgəndərovun bir müddət əvvəl ölkə mətbuatına təqdim etdiyi məlumata görə, 5-si bələdçi, 32-si mühafizə yegeri, 4 nəfər sahə müfəttişləri, 3 nəfər elmi işçi, qalanları isə texniki işçilərdir.

Əraziyə daxil olan turistlərin xüsusi parkinqlərdə avtomobillərini saxlayıb, təbiət gözəlliyinin seyrinə çıxması mümkündür. Eyni zamanda, milli parka gələn yerli və xarici turistlərin səyahətini yüksək səviyyədə təşkil etmək üçün ərazidə elektromobil fəaliyyət göstərir. Göygöl Milli Parkında turist marşrutlarına və təmizliyə ciddi nəzarət olunur. Bunun üçün ərazidə xəbərdaredici lövhələr mövcuddur. Həmin lövhələrdə turistlərə hərəkət etdikləri marşrut, ərazidəki ağac və bitki növləri, həmçinin heyvan və quşlar haqqında məlumat verilir. Eyni zamanda da ayrı-ayrı şəxslər tərəfindən ərazini çirkləndirilməsi, yaxud ərazinin bitki örtüyünə və heyvanat aləminə ziyan vurulması halları baş verərsə, həmin şəxslər haqında dərhal müvafiq qaydada cərimələr tətbiq olunur, yaxud qanuna uyğun digər tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində də daimi nəzarət tədbirləri həyata keçirilir. Milli parkın ərazisi xüsusi olaraq qorunduğu üçün burada maral, cüyür və ayının, eləcə də digər heyvan və quşların artımı müşahidə olunur.

Ərazidə nadir canlıların görüntüləri qeydə alınıb




Məlumdur ki, Göygöl Milli Parkı bu gün yerli və xarici turistlərin sevimli istirahət yeri olmaqdan başqa, həm də Cənubi Qafqazın nadir fauna və flora növlərinin qorunduğu bir məkandır.Məhz bu istiqamətdə görülən işlərin yüksək effektivliyi sayəsində son vaxtlar ərazidə nadir hesab olunan fauna və flora növlərinə də daha tez-tez rast gəlmək olur. Belə ki, təxminən üç ay bundan əvvələrazidə ilk dəfə quraşdırılmış videotələ vasitəsilə burada qonur ayı, tülkü, porsuq və zığ-zığ quşunun görüntüləri qeydə alınıb. Bu barədə Göygöl Milli Parkının Elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev mətbuata verdiyi məlumatda bildirib ki, fauna növlərinin zənginliyi ilə seçilən Göygöl Milli Parkında məskən salmış canlıları müşahidə etmək və elmi tədqiqat işlərinin effektivliyini artırmaq məqsədilə əməkdaşlar tərəfindən ərazidə quraşdırılmış videotələdəmaraqlı görüntülər qeydə alınıb.Həmin görüntülərdə adi günlərdə müşahidə edilməsi mümkün olmayan məməli heyvanlar və quşlar kamera tərəfindən əks olunub.

Dövlətin qayğısı ən etibarlı təminatdır

Təbii ki, Milli sərvətimiz olan Göygölün mühafizəsi ilk növbədə dövlət səviyyəsində təmin olunur. Elə bu ilin mart ayında da Nazirlər Kabineti “Azərbaycan Respublikasının Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib. Nazirlər Kabinetindən mətbuata təqdim olunan məlumata görə, həmin Qərara əsasən Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58, Goranboy rayonu üzrə 73,2, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilib.
Məlumdur ki, Göygöl Milli Parkının ərazisində yerləşən təbii göllərin bəzilərinin suyundan Gəncə şəhərində və ətraf yaşayış məntəqələrində içməli su kimi istifadə edilir. Bu hal, eləcə də Göygöl Milli Parkının aktiv turizm marşrutu olması ərazidə ekoloji proseslərin daim öyrənilməsini və nəzarətdə saxlanılmasını zəruri edir. Bu istiqamətdə növbəti ekoloji araşdırma da iyul ayında AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşları tərəfindən aparılıb. Tədqiqatların aparılmasında əsas məqsəd park ərazisində yerləşən təbii göllərdə suda və qruntda baş verən fiziki-kimyəvi, mikoloji və mikrobioloji prosesləri öyrənmək olub. Bu barədə mətbuata verilən açıqlamalarda bildirilib ki, İnstitut tərəfindən parkın ərazisində yerləşən təbii göllərdə mütəmadi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.




Əldə olunan vəsaitlər Parkın mühafizə məsrəflərinə xərclənir

Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Göygöl Milli Parkının ərazisinə daxil olmaq istəyən vətəndaş iki manat pul ödəməlidir. Bu pulun müqabilində vətəndaşa bilet verilir, həmin biletlə o, müəyyən marşrut üzrə sərbəst hərəkət edə bilər. Qeyd edək ki, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına tam güzəştlidir, 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Universitet tələbələrinə isə 75 faiz güzəştlidir .Kompleks yay vaxtı səhər saat 9-dan axşam saat 20.00-a qədər. qış vaxtı isə 9-dan axşam saat 18.00-a qədər işləyir. Yığılan pullari Milli parkın xususi fonduna ödənilir.

Vətəndaşların səmərəli istirahəti üçün Göygöl Milli Parkının ərazisində müxtəlif pullu xidmətlər təşkil olunub. İlk olaraq burada özünə xidmət məntəqələri var. Bu məntəqələr icarəyə verilir, vətəndaş müəyyən məbləğdə pul ödədikdən sonra bu xidmətdən yararlana bilər. Özünə xidmət məntəqələrinin ətrafında hər cür şərait yaradılıb. Sanitar qovşağından tutmuş, zibil qabına qədər var. İcarə qiymətinə manqal və şiş daxildir, bir dəfəlik istifadə olunan stəkan və qablar satılır.

Aydındır ki, bütün bu infrastrukturun işləkliyini, təmizliyini də Milli Park kompleksinin işçiləri təmin edirlər. Bu arada bir məqamı xüsusi olaraq qeyd etmək istərdik ki, Xaliq İsgəndərovun rəhbərliyi altında bu kollektivdə çalışanların hamısı bir nəfər kimi, öz işini sevən və bilən insanlardır. Xaliq müəllim özü isə çalışdığı sahənin əsil peşəkarı olmaqla yanaşı, həm də yüksək səviyyədə idarəçilik qabiliyyətinə malik olan bir mütəxəssisdir. Məhz elə bütün bu amillər də Göygöl Milli Parkının mühafizəsini yüksək səviyyədə təmin etməyə imkan verir.

AİA.AZ
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024