Mobil versiya
İdmanın inkişafı bölgələrimizdə də yüksək dinamikaya malikdir
Tarix: 20-09-2019 | Saat: 14:31
Bölmə:İdman | çapa göndər

İdmanın inkişafı bölgələrimizdə də yüksək dinamikaya malikdir




Tovuz rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti bölgənin dolğun idman həyatı yaşamasına istiqamətlənib

Məlum olduğu kimi, bu gün doğma Azərbaycanımızın təkcə iqtisadiyyatı deyil, həmçinin bütün digər sahələri də özünün intibah dövrünü yaşayır. O cümlədən, son illər ərzində idman sahəsində əldə olunmuş uğur və nailiyyətlər də xüsusi olaraq vurğulana bilər. Bu gün ölkəmizin ən müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara, Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi artıq adi bir hala çevrilmişdir. Öz növbəsində idmançılarımız da getdikcə daha çox beynəlxalq yarışlarda yüksək nəticələr əldə edərək dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Gənclər və idman siyasəti bu sahələrin dinamik inkişafına xidmət edir

Əlbəttə ki, bütün bu uğurlar birmənalı olaraq, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının nəticələridir. Bunu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində ölkənin Gənclər və İdman Nazirliyinin məqsədyönlü və effektiv fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Etiraf olunmalıdır ki, məhz ulu öndər Heydər Əliyevin1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərmanı imzalamasından sonra, Azərbaycanda idmanın inkişafında tamamilə yeni perspektivlər açıldı. Həmin il müasir müstəqil Azərbaycan idmanın, bədən tərbiyəsinin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi. Ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsini və idmanı daha da inkişaf etdirmək, bu sahədə yüksək nailiyyətlər qazanmaq, güclü idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyuldu.




Bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Azərbaycan idmanı öz inkişafının tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qalxıb.

Bütün uğurların əsasında dövlət qayğısı durur

Tam səmimi olaraq demək olar ki, bu gün Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri bir çox ölkələr öz təcrübələrində tətbiq edirlər. Dövlətimizin bu sahətyə göstərdiyi diqqət, qayğı və dəstəyin daha bir təzahürü kimi belə bir məqamı da qeyd etmək olar ki, idmançılarımızın mötəbər yarışlara hazırlıq prosesləri idmanın müvafiq növünün kifayət qədər inkişaf etdiyi ölkələrdə təşkil olunur. Bu da müstəqil Azərbaycanın güclü iqtisadi imkanlarından xəbər verir. Bu gün Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur. Belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir.




İdmanın inkişafı rayon və bölgələrimizdə də yüksələn templə davam edir

Ölkəmizdə bədən tərbiyəsi və idman artıq çoxdan ictimai həyatın ayrılmaz tərkib hissəsi olub. Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində ölkənin Gənclər və İdman Nazirliyinin müstəsna rolu vardır. O cümlədən nazirliyin tabeliyində fəaliyyət göstərən şəhər və rayon gənclər və idman idarələrinin də fəaliyyətini heç bir halda diqqətdən kənarda qoymaq olmaz. Unutmaq lazım deyil ki, ölkədə idmanın inkişafı təkcə peşəkar idmançıların böyük uğurları ilə müəyyən edilmir. Əksinə, idmanın maksimum kütləviləşdirilməsi, bu sahəyə ümumxalq marağının daha da artırılması, uşaq, gənc və yeniyetmələr arasında, orta məktəblərdə və digər təhsil müəssisələrində müxtəlif yarışların mütəmadi təşkil olunması gələcək qələbələrin əsasını qoyan zəruri tədbirlər kimi qeyd olunmalıdır. Məhz bu baxımdan da həm bölgələrimizdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən gənclər və idman idarələrinin işi xüsusi diqqətə layiqdir.

O cümlədən, özünün effektiv fəaliyyətilə diqqəti cəlb edən belə qurumlardan biri də Sahib Ələsgərovun rəhbərlik etdiyi Tovuz Rayon Gənclər və İdman İdarəsidir. Bu gün Tovuz rayonunda dövlətimiz tərəfindən müəyyən edilmiş gənclər və idman siyasətinin davamlı olaraq, uğurla həyata keçirilməsində məhz bu idarənin fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Rayonda mütəmadi olaraq keçirilən tədbirlər, təşkil olunan yarış və turnirlər isə gənclərimiz arasında sağlam həyat tərzinin təbliğ olunmasında, onların milli-vətənpərvərlik ruhunda formalaşmalarında misilsiz rol oynayır.
Yeri gəlmişkən, bu barədə martın 4-də Tovuz Olimpiya İdman kompleksində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə keçirilmiş tədbirdə də ətraflı məlumatlar təqdim olunmuşdu. Həmin tədbirdə qeyd olunmuşdu ki, son illər Tovuz rayonunda idmanın inkişafına, idmanın kütləviliyinə diqqət artırılıb, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi tikilib.
Rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov isə 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdi.




İdman tədbirləri böyük ruh yüksəkliyi ilə təşkil olunur

“5 mart - Bədən Tərbiyəsi və İdman Günü”ndən sonra keçən müddət ərzində də Tovuzda Rayon Gənclər və İdman idarəsinin xətti ilə bir sıra əhəmiyyətli tədbirlər təşkil olunub.Belə ki, 19-20 aprel tarixlərində Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin idman zalında Voleybol üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir...

May ayının 7-də Tovuz Rayon Gənclər və İdman idarəsinin və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Tovuz marafonu” keçirilmişdir. Marafonda 250-dən artıq iştirakçı mübarizə aparmışlar. Yenə də həmin tarixlərdə Gənclər və İdman idarəsinin və Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının birgə təkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol, voleybol və şahmat üzrə rayon birincilikləri keçirilmişdir. Bütün yarışların qalibləri pul mükafatı və kuboklarla təltif olunmuşlar...

24-25 may tarixlərində Tovuz taekvondo klubunda “28 may Respublika günü”nə həsr olunmuş yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir...




May ayının 27-də “28 May Respublika Günü”nə həsr olunmuş qol güləşi üzrə Tovuz rayon açıq birinciliyi keçirilmişdir.Yarışda Tovuz idmançıları ilə yanaşı Ağstafa və Qazax rayonundan olan idmançılar da öz güclərini sınamışlar. Yarış Heydər Əliyev Parkında təşkil olunmuş və gərgin mübarizə şəraitində keçmişdir. Qaliblər medal və diplomlarla təltif olunmuşlar...

İyunun 29-da Tovuz rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Tovuz OİK-də şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş Taekvondo üzrə açıq rayon birinciliyi keçirilmişdir. Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından eyni zamanda Gürcüstan Respublikasından 400-ə yaxin idmançı iştirak etmişdir...

01-02 iyul tarixlərində Tovuz OİK-də Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Azərbaycan polisi günü"nə həsr olunmuş Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Turnirdə müxtəlif şəhər və rayonlardan 200-ə yaxın idmançı iştirak etmişdir...
24.07.2019-cu il tarixdə Heydər Əliyev Parkında Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi münasibətilə Gənclər və İdman idarəsi, Gənclər Evi , Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə musiqili-əyləncəli tədbir keçirilmişdir.Tədbirdə gənclər və idman sahəsində fərqlənən əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr verilmişdir...



16.08.2019-cu il tarixdə Tovuz Olimpiya İdman Kompleksində tir atıcılığı idman növü üzrə rayon birinciliyi keçirilmişdir...
06-07 sentyabr 2019-cu il tarixlərdə Tovuz OİK-də Yeniyetmələr və kiçik yaşlılar arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir...

Göründüyü kimi, Tovuz rayonunda uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları yönümündə Gənclər və İdman İdarəsi trəfindən kifayət qədər tədbirlər görülür. Eyni zamanda da rayonda gənclər son dərəcə dolğun bir idman həyatı yaşamaqdadırlar. Rayonun Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov isə bu barədə verdiyi açıqlamalarında bildirir ki, bu gün Tovuz rayonunda müşahidə olunan idmanın inkişafı ilk növbədə ölkəmizdə bu sahəyə göstərilən yüksək dövlət qayğısının bir təzahürüdür.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024