Mobil versiya
Fazil Mustafa: “İcra hakimiyyətləri ASAN-laşdırılmalıdır”
Tarix: 01-02-2016 | Saat: 14:48
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Fazil Mustafa: “İcra hakimiyyətləri ASAN-laşdırılmalıdır”
"Yerli başçılar və məmurlar prezidentin çağırışlarını sabotaj edirlər...”
“İcra başçısı rayonlarda yerli sahibkarı yığıb deməlidir ki, qardaş, başına dönüm, qurban olum, xahiş edirəm ixtisar eləmə. Əhali işləməlidir ki, dolansın”. Bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli komitənin son iclasında deyib.
Gədəbəyli sahibkarlar isə komitə sədrinin çağırışına əllərini yelləməklə reaksiya veriblər. Deyiblər ki, icra başçısı Ramiz Yediyarovun onlara yalvarmasını heç istəmirlər, təkcə işlərinə mane olmasın.
Hadı Rəcəbli parlamentdə çıxış edərkən bir qrup sahibkar Gədəbəydən Bakıya gələrək Vergilər Nazirliyinin önünə getdilər. İş adamlarının tələbi icra başçısı Ramiz Yediyarovun onların fəaliyyətinə yaratdığı süni maneələrin aradan qaldırılması, onlara ödənilməli olan kompensasiyaların ödənməsi ilə bağlı idi. Diqqətçəkən məqamlardan biri də bu idi ki, icra başçısı Yediyarov prezidentin sözlərini plakata yazdıraraq sahibkar Fəxrəddin Bağırova məxsus obyektin qapısına vurdurub. Bundan sonra icra başçısı elan edib ki, plakatın sökülməsi sahibkarın ölkə rəhbərliyinə qarşı getməsi kimi anlaşılacaq! Odur ki, sahibkarın obyektində iş dayanıb.
Yəni icra başçısı öz qanunsuzluğunu prezidentin sözlərindən sahibkarın qarşısına sipər çəkməklə gizlətməyə çalışıb. Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır, sahibkarlara qan udduran icra başçılarını durdurmağın yolları varmı?
Deputat Fazil Mustafa deyir ki, prezident bütün gücünü ortaya qoymaqla yerlərdə sahibkarlara qarşı yol verilən belə qanunsuzluqların aradan qaldırılmasına çalışır: “Prezidentin hər bir icra başçısına, yerlərdəki məmura nəzarət etmək imkanı xaricindədir. Bunun üçün müvafiq qurumlar var və onlar belə məsələlərin aradan qaldırılması üçün hərəkətə keçməlidirlər. Çox təəssüf ki, belə halların qarşısını almalı olan qurumalrın özləri daha çox belə hərəkətləri stimullaşdıran fəaliyyətlə məşğuldurlar. Əslində belə qanunsuzluqlara yol verən icra başçıları və məmurlar prezidentin çağırışlarını sabotaj edirlər”.
F.Mustafa deyir ki, belə neqativ, sahibkarlara qarşı qanunsuzluqlar etmiş məmurlar, icra başçıları tutduqları vəzifələrdən tezliklə çıxrılmalıdırlar: “İcra başçısı obrazı dəyişdirilməlidir. Bu tipli icra başçıları nə qədər tapşırsan da, bu adamlar xırda ticarətlə məşğul olan zehniyyətə sahib olduqlarından onlar üçün insan haqları, mülkiyyət maraqları anlayışları yaddır. Sadəcə, problemin dərinliyini, ölkənin iqtisadi durumunun yaxşılaşması üçün sahibkarların həlledici rollardan birinə malik olmalarını başa düşmürlər. Bu adamların yaranmış situasiyaya hazırlığı yoxdur. Bir sıra icra başçılarının, belə ampluada olan məmurları dəyişib yerinə sağlam, gənc və insan haqlarını, dövrün tələblərini başa düşən kadrların təyinatı vacibdir. Belə olmasa, ölkədə durum yaxşılığa doğru dəyişə bilməz”.
F.Mustafa deyir ki, icra başçılarının sahibkarlara qarşı qanunsuzluqları qulaqardına vurulmamalıdır: “Bu adamlar qulaqlarını tıxayıb sahibkarları eşitmək belə istəmirlər. Bu halda prezidenti necə eşidəcəklər? Belə kadrlarla, icra başçıları ilə ölkəni düşdüyü durumdan çıxarmaq çətin olacaq. Həmişə almağa, qanunsuz olaraq mal-mülk əldə etməyə alışmış şəbəkə heç vaxt könüllü şəkildə bu əməlindən əl çəkməyəcək. Hakimiyyətə dəstək verən, dürüst, ağıllı kadrlar var. Quldur xislətli adamların yerinə cavan kadrları icra başçısı təyin etməklə vəziyyəti dəyişmək olar. ASAN xidmət çalışmış, oradakı mühitdə tərbiyə olunmuş kadrlar özləri rüşvətxor cildinə girməyi şəxsiyyətlərinə sığışdırmayacaqlar. Məsələni belə bir modelin tətbiqi ilə həll etmək faydalı olardı”.
Qeyd edək ki, prezident son müşavirələrdə icra orqanlarından sahibkarlara şərait yaradılmasını tələb edib, onların fəaliyyətini stimullaşdırılmasının vacibliyini xüsusi vurğulayıb, süni əngəllərin aradan qaldırlmasını tapşırıb. Lakin regionlardan redaksiyamıza daxil olan şikayətlər, sahibkarların Bakıya üz tutaraq ən müxtəlif dövlət qurumlarında icra başçılarının qanunsuzluqlarına çarə axtarmaları ölkə rəhbərliyinin çağırışlarına səs verilmədiyini sübut edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024