Mobil versiya
İki ayrı qol düyməsi...
Tarix: 11-09-2019 | Saat: 12:11
Bölmə:Yazar1 | çapa göndər

İki ayrı qol düyməsi...




Şəcahan Gün

(Bir dostuma ithaf edirəm.)

Nədənsə tək qalanda xatirələr məndən əl çəkmir...

Özümü dərk edəndən xöşbəxt olduğumu hiss etmişəm. Uşaqlıqlığımdan yaddaşımda əsasən müsbət xatirələr iz salıb. Bu müsbət xatirələr həmişə, indi də mənə xoş təsir bağışlayır, ömrümün ən gözəl illərini həmin günlərimlə bağlayıram.

Atam bizi çox sevərdi və demek olar ki, heç vaxt xatirimizə dəyməzdi. Qızlarına daha da mehriban idi. Anama məsləhət görərdi ki, qızları incitmə, qoy xoşbəxt böyüsünlər.

Biz məktəbə gedənə qədər şifahi xalq yaradıcılığının bütün janrları ilə atamın sayəsində yaxından tanış idik. Və o , bizimlə çox ünsiyyətdə olduğuna görə gözəl nitq qabiliyyətimiz vardı.

Anamdan ən çox yadımda qalan kitablara olan böyük sevgisi idi. Ş. Rüstavelinin “Pələng dərisi geymiş pəhləvan”, Ş.Sədinin”Gülüstan” kitablarını yaylığa büküb saxlayardı.”Kəlilə və Dimnə” əsərini çox sevərdi. Axşamlar tez-tez o kitabları açıb bizə də oxuyardı. Ümumiyyətlə, anam mütaliəni çox sevərdi. Biz uşaqlar həmişə onun kitabları necə əzizlədiyini, işini qurtarandan sonra həvəslə açıb onları oxuduğunun şahidi olardıq.
Evimizdə çoxlu gümüş pullar vardı. Həmişə o pulları götürüb oynayardıq. Anam ona heç əhəmiyyət də verməzdi. Amma kitablara toxunmaq üçün mütləq ondan icazə almalı idik.Və mənə belə gəlirdi ki, dünyada ən qiymətli şey kitabdır.

O vaxtın insanları arasında ünsiyyət daha güclü idi. Televiziya proqramları cəlbedici deyildi. Bu günkü uşaqlara baxanda bizim uşaqlığımızın mobil telefonsuz keçməsinə şükür edirəm. İnformasiyaların o qədər də inkişaf etmədiyi bir zamanda, biz uşaqların bütün diqqəti və marağı kitablara idi. Kitabxanadakı kitabların demək olar ki, hamısını oxuyardıq. Bəzən təzə bir roman yazılanda əvvəlcə “Azərbaycan” jurnalında hissə - hissə dərc olunardı. Həmin jurnal bizim hər birimizin əlimizdə növbə ilə gəzərdi.

Qış aylarında axşamlar qonşular bizə yığışardı. Böyüklərin şirin söhbətləri biz uşaqların marağına səbəb olurdu. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan daha çox danışardılar. Və mən qorxardum. Elə bilirdim ki, gecələrin birində ermənilər hücum çəkib bizi öldürəcəklər. Hələ Sovetin at oynatdığı bir zamanda biz uşaqlar böyüklərin yana – yana danışdığı erməni vəhşiliklərinin acısını içimizdə daşıya, daşıya böyüyərdik. Sonralar anam danışırdı ki, bütün belə söhbətlərdən qorxan qardaşım bir dəfə möhkəm xəstələnibmiş.
Mən şıltaq bir qız idim , valideynlərim və həmyaşıdlarım tərəfindən də sevilərdim. Yadımdadır, uşaqlarla bir qərar verəndə mənim fikrim əsas götürülərdi və əsasən yanılmazdıq.

Məktəbimiz evimizdən çox uzaqda yerləşirdi. Anam məni danlayardı ki, dərsdən çıxan kimi düz evə gəl. Lakin bu danlaq mənim qulağımda qalmazdı. Və mən hər gün dərsdən çıxanda uşaqlarla təbiətin qoynunda doyunca gəzməmiş evə gəlməzdik. İçimdəki hissləri həyata keçirməyə uşaqlıqdan adət etmişəm. Kim nə deyir desin içimdə olanlar mənim üçün daha önəmlidir. Bu xüsusiyyətimə görə həmişə məni danlayardılar və deyərdilər ki, sən bildiyini heç kəsə verən deyilsən.

Atam sakit təbiətli, anam sərt idi. Anam yeri gəldikcə aradabir uşaqlarını çubuqlayardı və tərbiyəmizdə əsas rolu oynayardı. Nə qədər düşünürəm anamın məni çubuqladığı yadıma gəlmir. Çünki mən buna imkan verməzdim. Bir dəfə anam məni çubuqlamağa cəhd etmişdisə də, alınmamışdı. Çünki mən qaçıb bütün kəndi dolaşmışdım və anam məni tuta bilməmiş , hirsi soyumuş , evə dönmüşdü.

Xatirələrimdən ən çox yadımda qalanlardan biri də axşamlar gizlənqaç oynamağımızdır. Mən əsasən ağaca çıxıb budaqların arasında gizlənərdim. Uşaqlar da bunu bilirdilər. Məni ağacda axtarardılar. Mən isə pişik kimi ağacdan düşüb cəld qaçardım, birinci olmağa çalışardım.
Bir dəfə də gizlənqaç oynadığımız zamanda nədənsə ağaca çıxmağa tənbəllik etdim, qaçıb evin arxasında nisbətən qaranlıq yerdə divara qısılmış vəziyyətdə gizləndim. Elə bu vaxt qonşu oğlan Qorqud da mənim yanıma qaçdı. Artıq oyun başlamışdı və mən yerimi dəyişə bilməzdim. Hiss etdim ki, Qorqud mənə sığınmaq istəyir. Mən yeniyetmə bir qız necə həyəcanlandımsa qaçdım və çuxura yıxıldım. Həmin günü heç unuda bilmirəm.
Ən şirin xatirələrimdən biri də yay aylarında çardaqda yatmağımızdır. Füsunkar gecələr..., heç xatirimdən çıxmır. Ay işığı, təmiz, ulduzlu səma...
Ümumiyyətlə dağ ərazilərində gecələr səma şəhərə nisbətən, daha romantik, cazibədar olur. Ulduzlar daha aydın görünür.
İtlərin hürüşməsi gecənin sükutunu pozmazdı, əksinə bir az da gecəyə rəng qatardı. Gənc oğlanlar qızlara işarə kimi ya fənəri yandırıb söndürərdilər, ya da radioda mahnı səsləndirərdilər. Beləliklə də qəlblərdə ilk məhəbbət qığılcımları alovlanardı. Və yuxumuz ərşə çəkilərdi...
Bizim çardaqdan Qorqudgilin çardağı aydın görünürdü. Qorqudun səsləndirdiyi musiqi gecənin sakitliyində rahatca yayılar, aydınca eşidilərdi. Əslində o, musiqinin səsini asta qoyardı. Nə qədər çalışırdım ki, o musiqini sona qədər dinləyim, bacarmırdım. Görünür Qorqud məndən daha geç yuxuya gedirmiş.

Kəndimizin ortasında cəmi bir təndir vardı ki, bütün kənd camaatı çörəyini həmin təndirdə bişirərdi. Ona görə təndirdə həmişə növbə olardı. Oğlanlar güdər, sevdiyi qız çörək bişirəndə təndirə alma atardılar. Bir dəfə biz də gecə növbəsində çörək bişirəndə təndirə alma atmışdılar və mən bu almanın Qorqud tərəfindən atıldığını bilmişdim.

İllər bir birini əvəz edirdi. Biz yavaş – yavaş böyüyürdük.Qorqud məndən bir sinif yuxarı oxuyurdu, sakit təbiətli, az danışan idi. Onun hər yerdə özümə qarşı diqqətli olduğunu hiss edirdim, Lakin mən buna əhəmiyyət vermirdim. Çünki mənim bütün diqqətim dərslərimə yönəlmişdi. Məktəbin ictimai işlərində də fəal idim. Qorquda fikir verməsəm də, o özünün varlığını hər yerdə mənə xatırlatmağı bacarırdı. Mən bir çətinliyə düşəndə Qorqud haradansa peyda olurdu və məni xilas edirdi. Bu mənim içimdə istər- istəməz ona qarşı isti duyğular yaradırdı.
Kəndimizin yaxınlığında bir göl vardı. Uşaqlarla tez – tez qaçıb o gölün ətrafında oynamağa gedərdik. Və mən Qorqudla gölə qəpiklər atmağı sevirdik. Qorqud deyirdi ki, ki, atdığımız qəpiklər haçansa həmin göl boyda olub, özümüzə qayıdacaq. Mən də buna inanırdım.
Xoşbəxt uşaqlıq illəri...

İnsan hisslərinin etiraf edildiyi ən təmiz vaxt uşaqlıq illəridir. Orada hər şey təmizdir. Eləcə də sevgi, təmənnasız, filansız, sadəcə qəlbində alovlanan ilk qığılcımlara sahib çıxa bilmirsən. Hansı ki, səni narahat edir. Həmin o qığılcımların sahibindən ayrılmaq istəmirsən. Həmişə yanında olmaq istəyirsən. Amma bu mümkün deyil. Çünki sən hələ uşaqsan. Və sənin qarşıda görəcəyin şox işlər var. Ona görə də şirindir, unudulmur, əlçatmazdır...

Bütün sinif uşaqlarının Qorqudun mənə olan sevgisindən xəbərləri vardı. Mənim də qəlbimin dərinliyində ona qarşı nə isə yaranmışdı. Mən, məktəbin ən öndə gedən şagirdlərindən biri bunun alovlanmasına imkan vermirdim. Ümumiyyətlə, həmişə hisslərimi idarə etməyi bacarmışam, Lap uşaqlıqdan. Bunun müsbət və ya mənfi hal olduğunu deyə bilmərəm. Amma mən beləyəm. Ağlımın verdiyi qərarlar mənim üçün daha önəmlidir.
O vaxtlar oğlanlar bizi səkkiz martda, biz də onları iyirmi üç fevralda təbrik edirdik. Səkkizinci sinifdə oxuyurdum. Mən Qorquda qol düyməsi almışdım. Qorqud hədiyyəni açıb baxdı, bir az düşündü, sonra qol düyməsinin birini mənə verdi.“Saxla”- dedi. Nə vaxtsa yenidən mənə qaytararsan.

Artıq səkkizinci sinfin sonları idi. Biz Bakı şəhərinə köçdük.Qorqudgilin isə bir başqa şəhərə köçdüyunu eşitdim. Beləliklə də Qorqud öz segisini də özü ilə apardı...

Yeni məktəb, yeni sinif uşaqları. Bütün bunlara baxmayaraq içimdə bir Qorqud vardı ki, mən onu unuda bilmirdim, hər gün xatırlayırdım.
İllər keçdi və mən məktəbi qurtarıb tələbəlik həyatına başladım. İnsan ömrünün ən gözəl illəri. Mən cəlbedici , pozitiv gənc bir qız idim. Təbii mənə biganə qalmayan çox oğlanlar vardı. İçimdə olan Qorqud məni başqa birisini sevməyə imkan vermirdi, onun haçansa həyatıma qayıdacağına inanırdım. Qorqudun verdiyi qol düyməsini ən əziz xatirə kimi qoruyub saxlayırdım.
Hər şey dəyişdiyi kimi, texnika da inkişaf edib dəyişirdi. Günlərin bir günündə mənə bir mesaj gəldi. Açdım, Barış Mançonun ifasında“Kol dügmələri” mahnısı idi.

Gözlərimdən yaş süzülə - süzülə mahnını sonadək dinlədim.

Bu mənim Qorqudum idi. Məni axtarıb tapmışdı. Bilirdim, bilirdim ki, o, mütləq bir gün gələcək...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024