Mobil versiya
Dövlət Gömrük Xidməti – ölkənin mənafeyləri etibarlı şəkildə qorunur
Tarix: 11-07-2019 | Saat: 12:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

Dövlət Gömrük Xidməti – ölkənin mənafeyləri etibarlı şəkildə qorunur


Sumqayıt Gömrük Baş İdarəsində tətbiq olunan yeniliklər sahibkarların və iş adamlarının maraqlarına uyğundur

Azərbaycan Respublikasının Gömrük Xidmətinin missiyası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, respublikamızın suverenliyini, iqtisadi və milli təhlükəsizliyini, habelə ölkə əhalisinin sağlamlığını qorumaqdan, beynəlxalq aləmdə mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnməklə xalqımızın sosial rifahının yüksəldilməsindən, beynəlxalq ticarətin asanlaşdırılmasından, eyni zamanda təhlükəsizliyin təmin olunmasından, məmur-vətəndaş təmasının minimuma endirilməsindən, gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsindən, elecə də gömrük sahəsində hüquqpozmalara və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqdan ibarətdir. Qeyd etməliyik ki, bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi altında bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlir.

Tarixə bir baxış:

Bakı şəhərində gömrükxana Rusiya İmperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunmuş «Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə» Fərmanla yaradılmış və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri də açılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkə rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə qərar vermişdi. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı. Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılmış və müxtəlif iqtisadi orqanlara tabe etdirilmişdi.

Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.

Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında geniş tərkibdə keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyəti müzakirə edildi. Dövlət Gömrük Komitəsinin fəaliyyətini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən Azərbaycan Prezidenti Heydər Əliyev öz tövsiyələrini verərək belə dedi: “Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin.”

Bu gün Ulu Öndərin tövsiyyələrinə uyğun olaraq Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

DGK-nin struktur bölmələri effektiv fəaliyyət göstərir

Birmənalı olaraq demək lazımdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidməti hazırda Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı sahələrdən biri kimi, ölkəmizin inkişafı, xalqın rifah yüksəlişi və dövlətimizin daha da güclənməsi naminə böyük uğurla fəaliyyət göstərməkdədir. Eyni zamanda da belə bir həqiqəti danmaq olmaz ki, istənilən təşkilatın ümumi fəaliyyəti digər amillərlə yanaşı, həm də onun ayrı-ayrılıqda götürülmüş struktur bölmələrinin, tabeliyində olan altqurumların fəaliyyət göstəriciləri əsasında qiymətləndirilir.

Bu baxımdan əminliklə qeyd edə bilərik ki, bu gün Dövlət Gömrük Komitəsinin fəaliyyəti təqdir olunan struktur vahidlərindən biri də gömrük xidməti general-mayoru Vəzir Həsənovun rəhbərlik etdiyi Sumqayıt Gömrük Baş İdarəsidir. Sevindirici haldır ki, bu idarənin xidmət göstərdiyi ərazilərin, o cümlədən Sumqayıt şəhəri, Qobustan, Xızı və Abşeron rayonlarının ictimaiyyət nümayəndələri bu qurumun fəaliyyətindən razılıq edirlər. Xüsusilə müxtəlif sahələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamlarından əldə etdiyimiz məlumatlarda bildirilir ki, onların apardıqları idxal-ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsilə əlaqədar Sumqayıt Gömrük Baş İdarəsində yaradılan şəraitdən xeyli razıdırlar. Açıqlamalarda qeyd olunur ki, yüklərin rəsmiləşdirilməsi vaxtında və qanunauyğun şəkildə aparılır. İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük rəsmiləşdirilməsi üzrə mütərəqqi metodların tətbiqi, o cümlədən bütün əməliyyatların elektron qaydada aparılması isə vaxt itkisinin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərir. Sumqayıt Gömrük Baş İdarəsinin fəaliyyətinə dair təqdim olunan ən maraqlı açıqlamalardan bir də budur ki, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə idarədə sahibkarların təklifləri dinlənilir və onların məqsədə uyğunluğu təsdiq olunarsa, həmin təkliflərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Əminliklə demək olar ki, gömrük xidməti general-mayoru Vəzir Həsənovun rəhbərlik etdiyi Sumqayıt Gömrük Baş İdarəsinin kollektivi ölkəmizin gömrük sisteminin daha da inkişafı və təkmilləşməsi işinə bundan sonra da öz dəyərli tövhələrini verməkdə davam edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024