Mobil versiya
Nazirlərimizin məşhur ata-babaları
Tarix: 4-07-2019, 10:55 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı / Seçilənlər-2 | çapa göndər

Nazirlərimizin məşhur ata-babaları


Onların arasında nazir də var, cərrah da...

Bu günlərdə mətbuatda müdafiə sənayesi naziri Mədət Quliyevin babası ilə bağlı araşdırma yazı gedib. Yazıda qeyd edilir ki, nazirin babası Mədət Quliyev cümhuriyyət dövründə Azərbaycan polisinin ilk nümayəndələrindən olub və Gəncə Şəhər Polis İdarəsinin ilk əməliyyat müvəkkili işləyib.

Qeyd olunur ki, 1938-ci ildə repressiya olunan Mədət Məşədi Kərim oğlu Quliyev kimi vətənpərvər ruhlu polis işçilərinin sayəsində AXC-nin Daxili İşlər Nazirliyi və onun polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük rol oynayıb. O, ölkə üçün çoxsaylı xidmətlər göstərib və Stalin repressiyaları zamanı qətlə yetirilib.

"Yeni Müsavat” bir neçə nazirimizin də ata və babalarının fəaliyyətlərini təqdim edir.

İlk olaraq onu qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun da babası kifayət qədər məşhur adam olub. O, dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1954-1958) olmuş Sadiq Rəhimovdur. 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində neftçi fəhlə ailəsində anadan olub. Atası Yarəli Balaxanıda neft mədənlərində əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı və qazma ustası olub. S.Rəhimov 1932-1936-cı illərdə Azərbaycan Yüngül Sənaye komissarlığının 2 saylı Bakı Ayaqqabı Fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olub.Fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olur. O, 1936-cı ildə diplom işini yazmaq və buraxılış imtahanlarını müvəffəqiyyətlə başa çatdırmaq məqsədilə müvəqqəti olaraq işdən çıxır. 1937-ci ildə diplom işini əla qiymətlə müdafiə edən S.Rəhimov yenə də 2 saylı Bakı Ayaqqabı Fabrikinə diplomlu mühəndis kimi baş mexanikin müavini vəzifəsinə göndərilir. S.Rəhimov 1937-1938-ci illərdə 2 saylı Bakı Ayaqqabı Fabrikində baş mexanikin müavini, 1938-1939-cu illərdə baş mexanik, 1939-cu ildə isə həmin fabrikin direktoru vəzifələrində çalışır.

Respublika hökuməti 1939-cu ildə onu Moskvaya Ali Partiya məktəbinə oxumağa göndərir. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyub cəbhəyə gedir. 1941-1942-ci illərdə S.Rəhimov sovet ordusunun Qərb cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin rəisi olub, Moskva, Smolenski ətrafında gedən döyüşlərdə fəal iştirak edib, Vyazma şəhəri yaxınlığındakı vuruşlarda yaralanıb və arxaya göndərilib. Ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilən S.Rəhimov Bakıya qayıdır və Azərbaycan toxuculuq sənayesi nazirinin müavini təyin olunur.

Sadıq Rəhimov 1942-1946-cı illərdə bu vəzifədə, 1946-1949-cu illərdə isə Azərbaycan SSR toxuculuq sənayesi naziri vəzifəsində çalışıb. 1949-cu illərdə respublikada bir sıra nazirliklər ləğv edilmiş, bəziləri birləşdirilib. Bu zaman Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşib və S.Rəhimov Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 1949-1952-ci illərdə işləyib. 1952-ci ildə Azərbaycan iki vilayətə: Bakı və Gəncə vilayətlərinə bölündü. 1952-ci ilin aprelində Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin qərarı ilə Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsinə S.Rəhimov təyin olunur. O, bu vəzifədə 1952-1953-cü illərdə işləyib. Lakin vilayət quruluşu Azərbaycanda çox fəaliyyət göstərməyib və bir ildən sonra ləğv edilib. S.Rəhimov Gəncə vilayəti ləğv edildikdən sonra Bakıya qayıdıb, Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, sonra isə çox işlənən sənaye malları naziri olub və 1953-1954-cü illərdə bu vəzifələrdə çalışıb. S.Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik edib. 1961-1965-ci illərdə isə o, Bakı Baş Tikinti İdarəsinin rəisi olub. S.Rəhimov 1965-1975-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə başçılıq edib. Onun xidmətləri Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Şərəf nişanı ordenləri və medallarla qeyd olunub. S.Rəhimov 1975-ci il iyunun 11-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. 94 yaşlı Məhərrəm Məmmədyarov uzun müddət AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışıb. Akademik M.Məmmədyarov əldə etdiyi elmi nəticələrə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Əməkdar elm xadimi, "Şöhrət” ordeni, Azərbaycan SSR dövlət mükafatı laureatı, Yusif Məmmədəliyev adına mükafat və digərləri bu qəbildəndir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədridir. Fəttah Heydərov uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Culfa Rayon İcra Hakimiyyətinin başçısı, Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri və mədəniyyət naziri vəzifələrini tutub. Dövlət qulluğunda göstərdiyi xidmətlərə görə SSRİ-nin "Şərəf nişanı”, "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri ilə təltif olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin atası tanınmış polis polkovniki Rafiq Babayevdir.

Uzun müddət Daxil İşlər Nazirliyi Pasport və Qeydiyyat İdarəsinin rəisi postunu tutan Rafiq Babayev polis sistemində nüfuzlu simalardan olub. Hazırda onun nə işlə məşğul olması ilə bağlı konkret məlumatlara malik olmasaq da, onun bu gün də DİN sistemində xüsusi nüfuza sahib olduğu deyilir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin atası Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş mərhum professor Mürsəl Qarayevdir. 55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşıdır. Postsovet məkanında ən məşhur bəstəkarlardan olan Qara Qarayev SSRİ səviyyəsində və dünya miqyasında bir çox önəmli mükafatlara layiq görülüb. Onun yaratdığı əsərlər bu gün də sevə-sevə dinlənilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Rövşən Rzayevin atası Bakının prokuroru olmuş Şükür Rzayevdir. Uzun müddət hüquq-mühafizə orqanlarında çalışan Şükür Rzayev bu fəaliyyətinə görə dəfələrlə müxtəlif orden və medallarla təltif edilib. 2006-cı ildə dünyasını dəyişən Ş.Rzayev bir çox ağır cinayətlərin üstünü açıb. O cümlədən 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin istintaqı da onun rəhbərliyi altında aparılıb.


aia.az



5188 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031